BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prius”la qəza törədən tələbənin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində idarə etdiyi avtomobillə ağır qəza törətməkdə təqsirləndirilən Hüseynağa Xıdırovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 
Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

 

Xatırlatma: Qaradağ Rayon Məhkəməsinin hökmü ilə H.Xıdırova 5 il 1 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca həbs edilib. Onun cəzasının bitməsindən sonra 2 il avtomobil idarə etmək hüququ da məhdudlaşdırılıb.

 

İttihamda qeyd edilib ki, Masallı rayonunun Ərkivan qəsəbə sakini, Bakı Biznes Universitetinin 4-cü kurs tələbəsi olan Hüseynağa Xıdırov dərsdən kənar vaxtlarda icarəyə götürdüyü və şəbəkələrdən birinə qoşulmuş “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərib. O, avtomobillə “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mehriban Musayevanı vurub. Nəticədə qadın hadisə yerində ölüb. 

 

Mərhumun anası məhkəmədə bildirib ki, əri 2009-cu ildə vəfat edib və qızı hadisədən bir neçə gün əvvəl “Meyvəli” ticarət mərkəzində işləməyə başlayıbmış. O, sürücüyə ağır cəza verilməsini tələb edib.

 

H.Xıdırov isə tələbə olmasını, ilk dəfə cinayət törətməsini əsas gətirərək barəsində yüngül cəza verilməsini istəyir. O, mərhumun ailəsinə dəymiş zərərə görə 5 min manat ödəyə biləcəyini deyib. Lakin qarşı tərəf bu məbləği qəbul etməyib.

 

Kamal Məmmədov

Tarix: 26 Aprel 2024, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin