BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu həbs edilənlərdən danışdı:

"Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının hakimiyyətə təzyiqlə heç bir əlaqəsi yoxdur. Hakimiyyətə təzyiq hamı üçün var idi, təkcə Qubadın məsələsi deyildi ki. ABŞ Dövlət Departamenti bütün "siyasi məhbus"ların adlarını çəkir. Avropa Şurası "Abzas Media"nın əməkdaşları ilə bağlı hər gün bir bəyanat verir. Azərbaycan dövləti heç vaxt kiminsə təzyiqi ilə nəsə etmir. Bunu bir hüquq müdafiəçisi kimi deyirəm. İllərdir, biz bunu görürük. Azərbaycan dövləti özü nə zaman istəyirsə, o zaman məhbusları buraxacaq. Bunun üçün də Azərbaycanla işləmək lazımdır. Nə Avropa Şurası, nə Avropa İttifaqı, nə də ABŞ-nin Dövlət Departamenti ilə işləməyə ehtiyac var. Dialoqa girmək, hökumətlə, hökumət strukturları ilə danışmaq, Prezidentə müraciət etmək... Bütün bunların hamısı Azərbaycanda həll olunur".

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

"Ermənistana görə Azərbaycana daxildəki məsələlərə görə təzyiq etməyə çalışırlar. Hazırda Zəngəzur dəhlizi məsələsi var. Fransadakı, ABŞ-dəki erməni diasporunun təzyiq göstərməsinə baxmayaraq, erməni erməniliyi ilə deyir ki, qazı Azərbaycandan alacağıq. Fransadakı erməni diasporu Makronun işlərini həll edir, Amerikadakı diaspor da Baydenin. Nikol Paşinyan isə başa düşür ki, hazırkı vəziyyətdə erməni beynindən "genosid"i də, Qarabağı da çıxarmalıdır. "Normal vəziyyətdə yaşamaq istəyiriksə, Azərbaycanla müttəfiq olmalıyıq". Bunu erməni başa düşüb. Bizdə isə daxildəkilər də, xaricdə oturanlar da başa düşmürlər ki, hər şeydə Azərbaycan dövləti ilə hesablaşmaq lazımdır. Baxın, Əfv Məsələləri üzrə Komissiyasının üzvləri yaxşı açıqlamalar verirlər. Gözləyin, görün əfvetmədə kimlər azadlığa buraxılacaq. Buraxılmayanlar barədə yenidən Ombudsmanla, Prezidentin köməkçisi Fuad Ələsgərovla, Əfv Komissiyasının üzvləri ilə danışıqlar əsasında hər şeyə nail ola bilərik. Mən 30 ildir, bu işin içindəyəm. Əvvəllər, doğrudan da, çox çətin idi, xeyli adam həbs edilmişdi. Rəhmətlik Heydər Əliyev 714 nəfəri bir gündə azadlığa buraxdı. Necə? Danışıqlara gəlindi ki, biz Avropa Şurasına giririk, siz onlarla söhbət etməyin, mən hamısını azadlığa buraxacağam. Kişi kimi hamısını buraxdı. Deməli, məsələ Azərbaycanda həll olundu, Avropada yox. Buna görə də kimin nə günahı varsa, boynuna alsın. Açıq deyilməlidir ki, nəyin üstündə həbs ediliblər. Çox adam çox şeyi bilmir. Buna görə də belə anlaşılmazlıqlar olur. İstərdim ki, hamısını buraxsınlar, xüsusən jurnalist qızlar həbsxanada qalmasınlar. Hazırda istintaq gedirsə, onda hamısını ev dustaqlığına buraxsınlar. Onsuz da heç yerə qaçmırlar ki. Guya bunlar "siyasi məhbuslar"a köməklik edirlər. Ruben Vardanyan biznesini çirkli pulların üstündə qurub, özü də bu pulları sülhə yox, müharibəyə, separatçılara da xərcləyib. Bəs Aİ, Avropa Şurası, ABŞ bununla bağlı bir məsələ belə qaldırıb? Bu gün hamısı gözünü yumub Vardanyanı Nobel sülh mükafatına namizəd edir. Budur bunların xisləti?", - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 26 Aprel 2024, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin