BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyevin vəkili danışdı: “Aclığı dayandırıbsa…” - YENİLƏNDİ

“Bəxtiyar Hacıyev aclığı dayandırıb-dayandırmama məsələsini özü deyə bilər, kimsə yox. Özü isə bunu birbaşa vəkilləri vasitəsilə deyə bilər ki, bu günə qədər elə bir məlumat yoxdur. Kaş aclığı dayandırması məlumatı düz olardı, ürəyimizcədir. Amma yenə deyirəm sabah mən onunla görüşdükdən sonra hər şey bəlli olacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu B.Hacıyevin vəkili Aqil Layıc bildirib.

 

“Sonuncu dəfə görüşdükdə nə qədər israr etsəm də, bu fikrindən yayınmadı. Yeni məlumatı isə ən dəqiq özü deyə biləcək. Ümid edirəm sabah görüşdükdə onu bir daha aclığı dayandırmayıbsa, bu yoldan əl çəkdirə biləcəm. Bizə onun ilk öncə sağlamlığı lazımdır, digərləri isə tədricən düzələcək... Bəxtiyar Hacıyevin hətta vəkilləri ilə telefon danışıqlarına qadağa qoyulub. Qanunda vəkilləri ilə telefon danışığına qadağa qoyulması mümkün deyil və heç bir halda məhdudlaşdırıla bilməz. Hacıyevin xeyli sayda vəkili var. Bəxtiyar Hacıyev həqiqətən də aclığı dayandırıbsa, (biz həqiqətən bunu arzu edirik), elə bu dəqiqə şərait yaradılsın ki, vəkillərindən birinə zəng edərək aclığı dayandırması yönündə xoş xəbəri bizə bildirsin və bizdə bunu elan edək”, - A.Layıc qeyd edib.

 

***

14:47

 

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev həbsdə aclıq aksiyasını dayandırıb.


Pravda.az-ın məlumatına görə, bu gün B.Hacıyevlə aparılan  profilaktik söhbətdən sonra o, aclıq aksiyasını dayandırmağa razılaşıb və normal qida qəbuluna başlayıb.


Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.


Bəxtiyar Hacıyev 3 gündür aclıq aksiyasına başladığı bildirilirdi. 


Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

Tarix: 18 Dekabr 2022, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin