BURADA REKLAMINIZ OLA
BİLƏR

“Atama və anama yalan demişik” - Mübariz Mənsimovdan İlham Əliyevə və Ərdoğana müraciət

Həbsdə olan iş adamı Mübariz Mənsimov Azərbaycan və Türkiyə prezidentlərinə məktub yazıb.

 

Pravda.az-ın xəbərinə görə, o, Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktubunda xahiş edir ki, onun ev dustaqlığına buraxılması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışsın:

 

“Hörmətli prezidentim İlham Əliyev!

 

Bilirəm ki, bu günlərdə çox məşğul və yorğunsunuz. Başınız milyonlarla işə qarışıb. Ancaq mənə qarşı qurulan bu FETÖ ittihamı ilə əlaqədar siz də yaxşı bilirsiniz ki, mən bu cür işlərə bulaşmaram. Mən bir iş adamıyam, siyasətçi deyiləm. Hər zaman Azərbaycan və Türkiyə vətəndaşı olmağımdan qürur duymuşam. Mən hər zaman sizə güvəndim və son nəfəsimə qədər də güvənəcəyəm.

 

Sizdən ricam budur ki, hazırda haqqımdakı həbs qərarının ev dustaqlığına çevrilməsi üçün Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan ilə danışasınız. Mən illərlə çox qiymətli atanızdan yaxşılıqlar görmüşəm. Təhsilimdə onun böyük dəstəyi olub.

 

Hörmətli prezidentim, sizdən xahişim bu duruma müdaxilə etməyiniz və məni bu durumdan çıxarmağınızdır. Ən çox üzüldüyüm isə günahsız anam, atam və dörd övladımın göz yaşı içində məni gözləmələridir. 81 və 84 yaşlı anama və atama üzülməsinlər deyə, mənim koronavirus səbəbilə xaricdə olmağım barədə yalan demişik. Ancaq anam və atamın səhhəti ilə əlaqədar mən onların yanında olmalıyam. Sizdən hazırkı həbs durumumum ev dustaqlığına çevrilməsi üçün yardımçı olmağınızı xahiş edirəm”.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda da haqqındakı həbs qərarının ev dustaqlığıyla əvəzlənməsi üçün yardım istəyib: “Sayın cumhurbaşkanım Rəcəb Tayyib Ərdoğan!

 

Bilmirəm xəbəriniz varmı, haqsız yerə 15 gündür ki, həbsdəyəm. Ölkəmizin və dünyanın böyük bir bəla ilə mübarizə apardığı bu günlərdə sizlərin əfvinizə sığınaraq bir daha xahiş edirəm. Heç bir günahım olmadığı halda FETÖ adlandırılan şəbəkəyə üzv kimi göstərib haqqımda cinayət işi qururlar. Ən çox üzüldüyüm isə günahsız anam, atam və dörd övladımın göz yaşı içində məni gözləmələridir. 81 və 84 yaşlı anama və atama üzülməsinlər deyə, mənim koronavirus səbəbilə xaricdə olmağım barədə yalan demişik. Sayın cumhurbaşkanım, məni 21 ildir ki, tanıyırsınız. Mən özüm üçün heç bir şey istəməmişəm, istəmərəm də. Ancaq ana və atamın səhhəti ilə əlaqədar mən onların yanında olmalıyam. Sizlərdən haqqımdakı həbs qərarının ev dustaqlığına çevrilməsini xahiş edirəm. Dəyərli böyüyüm, məni tanıyırsınız, rus təyyarəsi vurulanda ortaya çıxan siyasi gərginlikdən dolayı sizə olan dəstəyimi bilən ruslar öncə məni İŞİD-çi olmaqda ittiham etdilər. Ardınca Rusiyadakı şirkətlərimə qarşı əməliyyat qurdular. Bu məsələdə nə bədəllər ödədiyimi görə bilərsiniz. Mən bədəl ödəməyin nə olduğunu bilirəm. Anam və atam kasıblıqdan əziyyət çəkərək məni böyüdüblər və bir yerlərə gətirib çıxarıblar. Vermiş olduqları bu əməyin qarşılığında onlatra göz yaşı tökdürə bilmərəm. Allah qatında da bunun qəbulu yoxdur. Bilirsiniz ki, “cənnət anaların ayaqları altındadır”. Şərəfim və namusum üzərinə and içirəm ki, əgər günahkaramsa, bir cəzam varsa, nə olursa olsun, taleyimdir deyib, qəbul edərəm. Ancaq bu xəstəlik dönəmində onsuz da səhhətində problemlər olan ana və atamı yalnız buraxmaq olmaz. Siz dəyərli böyüyümdən xahişim həbsimin ev dustaqlığına çevrilməsinə yardım etməyinizdir”.

Tarix: 31 Mart 2020, 20:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin