BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan gənclərində siyasi sahəyə maraq, fəallığın artırılması istiqamətində aktivlik müşahidə olunur - RƏY

İnsanların mədəniyyət səviyyəsinin, sosial və siyasi fəallığının artırılması hazırda istənilən cəmiyyət üçün mühüm məsələlərdən biridir. Mədəni, sosial, siyasi aktivlik bilavasitə cəmiyyətin inkişafına yol açır, yeni ideyaların ortaya çıxması ilə nəticələnir, cəmiyyətin formalaşmasına, vətəndaşların normal biznes mühitinin yaradılmasına təkan verir. Paralel olaraq maarifləndirmə işlərinin aparılması, vətəndaşların hüquq və azadlıqlarını bilməsi, qanunvericilik bazasının formalaşması və beynəlxalq normalara əməl olunması əsas şərtdir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən sosioloq Rəşad Əsgərov deyib ki, Azərbaycanda insanların sosial iştirakçılığının artmasına təsir göstərən amillər çoxdur.

Məişət zorakılığına qarşı mübarizədə alternativ formalardan istifadə etmək  olar - Rəşad Əsgərov - "İki sahil"

R.Əsgərov bildirib ki, Azərbaycanda insanları mədəni səviyyəsinə görə stratifikasiyaya - təbəqələşməyə bölünsə, kəskin fərq görünər:

 

“Müəyyən qədər ziyalı ailədə böyümüş, təhsil almış – hətta yaxşı orta təhsil almış insanların belə ailə mühitində və yaşadığı ictimai mühitdə onlara göstərilən mədəni təsir nəticəsində mədəni səviyyəsi yüksəlir. Belə insanlarda siyasi, mədəni şüur daha yuxarı səviyyədə olduğuna görə bu və ya digər hadisələrə daha loyal münasibət bildirməyə çalışır, cəmiyyətin normalarına, qayda-qanunlarına uyğun hərəkət etməyə daha çox üstünlük verirlər. Əks tərəfin, xüsusilə orta təhsil səviyyəsi aşağı olan, ümumiyyətlə, heç bir peşə, ixtisas istiqamətinə yiyələnməmiş, yalnız bazar tabuları əsasında hərəkət edən təbəqənin nümayəndələri isə həm sosial-siyasi baxımdan, həm mədəni səviyyə, həm də bu və ya digər sosial hadisələrə münasibət baxımından fərqli davranış sərgiləyirlər. Bu xüsusda olan insanlarda deviant – normadan kənara çıxan davranış meyilləri yuxarı olur. Xüsusilə sosial, mədəni və siyasi şüuru inkişaf etmiş insanlar cəmiyyətdə baş verən hadisələrə sosial baxımdan münasibət bildirməyə çalışırlar. Onların həm idarəetmədə, həm müxtəlif ictimai hadisələrdə ictimai iştirakçılıq dərəcəsi yuxarı olur. Hətta hadisələrə ictimai qınaq bildirməyə belə çalışırlar. Əks qütbün nümayəndələrində isə nəinki ictimai qınaq, sanki onlar “daş məndən ötdü, təki mənə dəyməsin, məndən sonra kimə dəyir, dəysin” təfəkkürü, mədəni şüuru ilə yaşayırlar. Hesab edirlər ki, əsas odur, onlara xətər, ziyan dəyməsin. Bu təfəkkürdən çıxmaq, insanlar arasında, xüsusilə insanların mədəni, sosial davranışlarında, ictimai, siyasi hadisələrə münasibətlərində dönüş yaratmaq üçün maarifləndirmə işi aparılmalıdır. Lakin təkcə maarifləndirmə ilə bu məsələnin həlli qeyri-mümkündür. Örnək kimi xüsusilə pozitiv, mədəni səviyyəsi yüksək olan, nümunəvi davranış göstərən şəxslərin, ailələrin cəmiyyətdə daha çox təbliğini və təşviqatını aparmaq, bu vasitə ilə də proseslərdə dönüş yaratmaq olar. İnsanların mədəni, sosial normalara qarşı daha aqressiv, kəskin reaksiyasına, bəzən cəza tədbirlərinə də üstünlük vermək lazımdır. Bu cəza tədbirlərinə insanlar, icma arasında, sosial mühitdə ictimai qınaq, tənbeh daxil ola bilər. Yaxud digərlərinin nümunəsi əsasında qınağa çəkməklə hadisələrin qarşısını almaq mümkündür. Eyni zamanda müəyyən qədər inzibati tədbirlər yolu ilə onlara qarşı bir sıra addımlar atıla bilər. Müəyyən qurumlar tərəfindən inzibati cərimə forması ilə, inzibati rıçaqlarla, inzibati töhmətlə, ən yüksək - pik həddə isə sosial normalardan kənara çıxan, cəmiyyətin ümumi mənafeyinə, davranışına, ictimai şüura mənfi təsir göstərən hadisələrin qarşısını almaq üçün cəza tədbirləri ilə prosesin öhdəsindən gəlmək olar”.

 

Politoloq İlyas Hüseynov isə bildirib ki, Azərbaycan vətəndaşlarının siyasi savadının, təfəkkürünün yüksəldilməsi çox mühüm əhəmiyyət kəsb edir:

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

“Biz Vətən müharibəsində qalib gəlmiş dövlətin vətəndaşlarıyıq və bu gün nəinki ölkəmizdə, regionumuzda, eləcə də qlobal miqyasda baş verən mühüm dəyişikliklər haqqında məlumat toplamaq prioritet təşkil edir. Çox çətin geostrateji bölgədə yerləşirik. Ətrafımızda olan dövlətlərin daxili vəziyyətinə baxanda da görürük ki, sosial narazılıqlar, müharibələr ixtişaşlar geniş vüsət alır. Qonşuluğumuzda bu cür böhranlar hökm sürürsə, Azərbaycan tərəfi də öz təhlükəsizliyini gücləndirməlidir. İlk növbədə, siyasi fəallığın artırılması, siyasi iştirakçılığın genişləndirilməsi mühüm komponent kimi qiymətləndirilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən hazırkı dövrə qədər Azərbaycan gənclərində siyasi sahəyə maraq, siyasi fəallığın artırılması istiqamətində aktivlik müşahidə olunur. Ali məktəb müəllimi kimi deyə bilərəm ki, gənclərimiz çox ciddi şəkildə siyasi sahəyə maraq nümayiş etidirirlər. Bu da təbiidir. Çünki Azərbaycanda hər zaman siyasətə maraq geniş olub. Hazırkı geosiyasi reallıqlar, işğal altında olan torpaqlarımızın azad edilməsi, eləcə də Azərbaycanın hazırda atdığı addımlar vətəndaşlarımızın diqqət mərkəzindədir. Azərbaycanda bu gün sorğu keçirilsə, Şuşa-Xankəndi yolunda ekoloqların, vətəndaş cəmiyyəti nümayəndələrinin, QHT fəallarının həyata keçirdiyi aksiya haqqında məlumatsız çox az adam tapılar. Bu aksiyanın tələblərini də hamı çox yaxşı bilir və tələblər mütləq şəkildə yerinə yetirilməlidir. Bu gün daxili idarətetmədə kadr dəyişiklikləri, cənab Prezidentin çıxışları, fərman və sərəncamları ölkəmizdə çox böyük maraqla izlənilir. İnsanlarımız buna reaksiya göstərir, xüsusilə Ali Baş Komandan İlham Əliyevin çıxışlarını diqqətlə izləyirlər. Verilən mesajları tutur, atılacaq addımları hesablaya bilirlər. Analitik təfəkkür get-gedə inkişaf edir. Bu, yalnız müsbət hal kimi dəyərləndirilməlidir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 24 Dekabr 2022, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin