BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mustafa Abbasbəylinin dedikləri abstrakt və dəqiq olmayan ifadədir…”

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin 2022-ci ilin yekunlarına dair mətbuat konfransında səsləndirdiyi “işimizi yaşadığımız yerə yox, yaşadığımız yeri işə uyğunlaşdırmalıyıq” fikirləri müzakirə yaradıb. Qurum rəsmisinin sözləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bildirilir ki, yerlərdə yetərincə iş müəssisələri olmadığından insanlar yaşadıqları əraziləri tez-tez tərk edir, daha çox şəhərə axın edirlər.

 

Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, Mustafa Abbasbəylinin dedikləri abstrakt və dəqiq olmayan ifadədir.

Sosioloq bildirib ki, əslində, biz indi yaşadığımız ərazilərə uyğun daha çox iş yerləri fikirləşməliyik: “Ərazilərə uyğun işlərin təşkilini düşünməliyik. Allah Azərbaycana xeyli yararlı torpaq, işçi qüvvəsi verib. Allaha şükür, sərvətimiz də az deyil. Belə olan halda, işləri elmi əsaslarla elə ağıllı təşkil etmək lazımdır ki, yerlərdə insanların həyatı daha gözəl olsun. Daha insanlara deməyək ki, “bizdə yalnız bu iş var, gəlin ona uyğunlaşın”. Əksinə, mütləq və mütləq yerlərdə abadlıq işlərini görməliyik. Sözsüz ki, ölkəmizdə böyük quruculuq işləri gedir, islahatlar haqqında danışılır, bəzi iqtisadi islahatlar aparılır. Qalır elmi əsaslarla yerlərdə tələb olunan iş yerləri açmaq. Bu, nə Əhməd Qəşəmoğlunun, nə də Mustafa Abbasbəylinin fikridir. Müasir idarəetmə üsulu, elmi təminat var. Hər hansı sahədə insanların problemlərini həll etmək, ahəngdar həyat təşkil etmək istəyiriksə, orada insanların potensialını oyatmalıyıq. Elə etməliyik ki, insanlar özləri qoşulub idarəetmə işlərini bizimlə bərabər görsünlər. Bir sözlə, ölkəmizin elə vaxtıdır ki, indi daha çox yerlərdəki vəziyyəti nəzərə alıb, orada iş yerlərini, fəaliyyət istiqamətlərini konkretləşdirməli, işlə bağlı vacib mexanizmləri aydınlaşdırmalıyıq. Düşünürəm, Mustafa müəllimin dediklərini ya jurnalistlər anlaşılmaz yazıblar, ya da o özü hansısa emosiya ilə belə bir fikir deyib…”

 

Aytəkin Qardaşova

Tarix: 24 Dekabr 2022, 16:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin