BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: "Generallar bir-biri ilə dalaşır, bir-birinə qarşı qara piar aparırlarsa..."

“Dövlət və hökumət strukturlarında çalışan məmurlar bir-birilərinə qarşı dürüst olmalı, hər hansı qara piardan istifadə etməməlidirlər. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev arasında hansı münasibətlər olduğunu bilmirəm. Mətbuatdan oxuduqlarımla bağlı deyə bilərəm ki, bunlar həqiqətdirsə, çox pis... Bəlkə də, ola bilsin, qurama işdir, həqiqi olub-olmadığını yalnız ya Vüsalə Mahirqızı, ya Bəxtiyar Hacıyev, ya da səs yazılarında adı çəkilən Rafael müəllim deyə bilər. Dövlət və hökumət stukturlarında çalışan şəxslərin belə çirkin kampaniyalardan istifadə etmələrinin hər zaman əleyhinə olmuşam. Bir-birilərini gözdən salmaq, qaralamaq... 1990-cı illər deyil. Bu, 90-cı illərdə daha çox dəbə düşmüşdü. Artıq XXI əsrdir. Yüksək texnologiyalar, internet əsrində belə şeylər etmək yaraşmır...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

 

O, Bəxtiyar Hacıyevin polisin əleyhinə sifarişləri Kəmaləddin Heydərovdan alması barədə iddialara isə belə cavab verib: “Nə Kəmaləddin Heydərovu daxili işlər naziri təyin edəndirlər, nə də Vilayət Eyvazovu fövqəladə hallar naziri qoyan deyillər. Hərə öz işi ilə məşğuldur. Hər ikisi dövlət başçısına tabe olan şəxslərdir. Azərbaycan mühitində böyük əcaibliklər, biabırçılıqlar var. Bunu şiddətlə qınayıram. Rüsvayçılıqdır. Gənc nəsil böyüyür. Yüksək rütbəli şəxslər, generallar bir-biri ilə dalaşır, bir-birinə qarşı qara piar aparırlarsa, gənc nəslin gözü qarşısında biz hansı nümunəni göstərə bilərik? Müharibə bitib, amma hələ torpaqların az qismi də olsa, düşmən tapdağı altındadır. Regionda, ölkə ərazisində baş verən hadisələr bizə hələ əlimizi-qolumuzu yanımıza salıb gəzmək imkanı vermir. Daha məsuliyyətli, diqqətli olmalıyıq. Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri güc strukturları olsalar da, orada xeyli görüləsi işlər, mənim də razı olduğum və olmadığım məsələlər var. Amma bu məsələləri bir-birimizə qarşı istifadə etmək üçün hansısa bloqerin, ictimai fəalın istifadə edilməsi ayıb hərəkətdir və yolverilməzdir. Bəxtiyar Hacıyev və Vüsalə Mahirqızı arasında olan söhbəti iki şəxs yaya bilər - ya Bəxtiyar Hacıyev özü, ya da Vüsalə Mahirqızı - əgər onların mobil cihazlarında həmin danışıqlar varsa. Yox, əgər bunu bilərəkdən hansısa xüsusi xidmət orqanları kiber hücum vasitəsilə, yaxud izləmə vasitəsilə ediblərsə, bu, qətiyyən doğru yanaşma deyil. Azərbaycanın adına xələl gətirə biləcək bir addımdır. Vüsalə Mahirqızı sıradan adam deyil, böyük bir media holdinqin rəhbəridir. Bəxtiyar Hacıyev də yaxşı, ya pis, kimin necə yanaşmasından asılı olmayaraq Harvard Universitetini bitirmiş, üzdə olan ictimai fəaldır. Onunla cəmi bir dəfə təmasda olmuşam. İnternet televizya kanallarının birində müzakirə zamanı çox sivil, normal qaydada fikirlərimizi səsləndirmişik. Azərbaycan media mühiti, cəmiyyəti bir az silkələnməli və təmizlənməlidir. Çirkin məsələlərdən uzaq olmaq lazımdır”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Dekabr 2022, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin