BURADA REKLAMINIZ OLA
BİLƏR

1,8 milyonluq torpaq sahələrini ələ keçirmək istəyən keçmiş vəzifəli şəxsin məhkəməsinin vaxtı məlum oldu

Bakıda 1,8 milyon manatlıq torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə təqsirləndirilən Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses yanvarın 11-nə təyin edilib.

 

Cinayət işi hakim Məhəmməd Əkbərovun sədrliyi ilə araşdırılacaq.

 

Zərərçəkmiş qismində Səbail rayon bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınır.

 

Qeyd: Əhməd Hüseynovun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilib.

 

İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

 

Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və digər maddələri ilə ittiham elan edilib və 27.12.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Xatırlatma: Əhməd Hüseynovun adı illər əvvəl də cinayət əməlində hallanıb. Belə ki, onun barədəsində Səbail rayonu ərazisində qanunsuz torpaq satışı ilə məşğul olması ilə bağlı məlumatlar yayılmışdı.

 

1947-ci il təvəllüdlü Əhməd Hüseynov əslən naxçıvanlıdır, əvvəllər polis sistemində işləyib, istefada olan polis polkovnik-leytenantıdır. O, uzun müddət Səbail rayon bələdiyyəsinin sədri vəzifəsində işləyib.

 

Kamal Məmmədov

Tarix: 31 Dekabr 2022, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin