BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Şəffaf mühasibatlıq aparılarsa, 25 il staja malik şəxs mütləq şəkildə tələb olunan pensiya kapitalını yığmaq iqtidarındadır”

Azərbaycanda pensiya kapitalının artırılması müzakirəyə səbəb olub. Əvvəl minimum əmək pensiyası 240 manat olduğundan pensiyaya çıxmaq üçün tələb edilən minimum kapital 34 560 manat idi. Qaydalara əsasən, minimum kapital məbləği minimum pensiya məbləğini 144-ə vurmaqla müəyyənləşir. Cənab Prezidentin yeni Sərəncamı ilə minimum pensiyanın 280 manata çatdırılması nəzərdə tutulur. Bununla da kapital tələbi 40 320 manata çatacaq.  Vətəndaş pensiyaya çıxmaq üçün ya 25 il staja sahib olmalı, ya da minimum kapitalı toplamalıdır. Kifayət qədər stajı olub, amma tələb olunan minimum kapitalı toplaya bilməyən şəxslərə minimum pensiya verilir. Minimum kapitalı toplaya bilənlər isə daha yüksək pensiya almaq imkanı qazanırlar.

 

Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, bütün məsələlərdə fərdi yanaşma lazımdır.

 

“Elə insan var ki, 25 il staja sahib olub, lakin çox aşağı məvaciblə işləyir. Yaxud Dövlət Sosial Müdafiə Fonduna gələcəkdə sığorta kapitalını toplamaq üçün minimum məbləğ keçirib. Bu, fərdi əməklə məşğul olanlara da aiddir. Əsas məqam budur ki, tam şəffaf mühasibatlıq aparılarsa, 25 il staja malik şəxs mütləq şəkildə həmin tələb olunan kapitalı yığmaq iqtidarındadır. 144-ə vurmaq o deməkdir ki, 12 ilə bölünür, 144-ü 12-yə böləndə hər ilin 12 ayı hesablanır. 144 rəqəmi də məhz burdan qaynaqlanır. Düşünürəm, bunun ən mühüm yolu gələcəkdə pensiya ilə təmin olunmaq, həmin sığorta kapitalını toplamaq üçün şəffaf şəkildə həqiqi məvacibdən DSMF-yə köçürmələr olmalıdır. Əsas problem bununla yaranır. Bu, əhalinin böyük bir kəsiminə şamil edilmir. Məlum məsələdir ki, əsas məqam minimum pensiyanı 280 manata qaldırmaqdır. Bu istiqamətdə addımlar atılır. İstənilən formada 2023-cü ildə nəzərdə tutulmuş pensiya islahatları Azərbaycan vətəndaşının rifahına xidmət edəcək”, - deputat qeyd edib.

 

Aytəkin Qardaşova

Tarix: 6 Yanvar 2023, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin