BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni yayılan virus təhlükəlidirmi? – Karantin günləri qayıdırmı? - AÇIQLAMA

Son günlər ölkəmizdə insanlar arasında qrip, kəskin öskürək, yüksək hərarət simptomları müşahidə edilir, adı məlum olmayan virusa yoluxma halları sürətlə artır. Vətəndaşlar yayılan virusun təhlükəli olmasından və ölkəmizin yenidən karantin rejiminə qayıdacağından narahatdırlar.

 

Həkim-infeksionist Ləman Qalimova isə Pravda.az-a açıqlamasında deyib ki, yayılan virusun COVİD-19 olub-olmadığını bilmək üçün yoluxan vətəndaşlar test verməlidirlər:

Oxu.az - Həkim-infeksionist: “Xəstənin hansı ştamma yoluxduğunu öyrənmək  mənasızdır” – MÜSAHİBƏ

“Bildiyimiz kimi, soyuq havalar ölkədə respirator infeksiyaların artdığı dönəmdir. Bu, hər il müşahidə etdiyimiz bir haldır. Sadəcə, COVİD dönəmindən çıxdığımız üçün insanlar bir qədər narahat olurlar. Düşünürlər ki, koronavirusa yoluxublar, yaxud bu, yeni bir mutasiyadırmı? Bunu necə bilmək olar? İnsanlarda halsızlıq, temperaturun yüksəlməsi, öskürək, baş, əzələ, sümük ağrısı kimi şikayətlər varsa, COVİD olub-olmadıqlarını yalnız test verərək öyrənə bilərlər. Bunun üçün apteklərimizdə də hazır ekspress testlər satılır. Yaxud hansısa klinikaya yaxınlaşıb, COVİD testi verərək öyrənə bilərlər. Şikayətlər varsa, lakin artmırsa – məsələn, temperatur varsa, temperaturu aşağı salmaq üçün vasitələrdən istifadə edə bilərlər. Lakin bunu ehtiyatlı şəkildə istifadə etmək, aralıq saatlarına baxmaq lazımdır. Ola bilər ki, xəstə temperatursalıcı dərman içir, lakin temperaturu düşmür, bir saat keçdikdən sonra təkrar eyni dərmanı içir. Belə hallara yol vermək olmaz. Şikayətlər artarsa, sadaladığımız hallar şiddətlənərsə, mütləq həkimə müraciət etsinlər”.

 

L.Qalimova deyib ki, özbaşına heç bir dərmandan, əsas da antibiotiklərdən istifadə etmək qətiyyən olmaz: “Çünki hazırda yayılan infeksiya virus mənşəli infeksiyadır. Antibiotiklər isə bakteriyaları müalicə edən dərmanlardır, viruslara heç bir təsiri yoxdur. Viral bir infeksiya keçirmiş xəstədə yanaşı olaraq bakterial infeksiya da qoşularsa, o zaman antibiotiklərdən istifadə edə bilər. Bu da həkim göstərişi ilə olmalıdır. Antibiotik nə ağrıkəsici, nə də temperatursalıcıdır, müalicə dərmanıdır. Bir müddət sonra effektini göstərərək xəstəliyi müalicə edir. Hər xəstəlik üçün antibiotik yazmaq doğru deyil. İnsanlar bu virusa yoluxmaq istəmirlərsə, COVİD-19-da olduğu kimi toplu yerlərdə mütləq şəkildə tibbi maskalardan istifadə etsinlər. Maska təkcə koronavirusdan qorunmaq üçün deyil. Həm də hava-damcı yolu ilə keçə biləcək infeksiyalardan qorunmaq üçündür. Əl gigiyenasına da mütləq şəkildə riayət etmək lazımdır. Beləliklə, kütləvi yoluxmanın qarşısını ala bilərik…”

 

Aytəkin Qardaşova

Tarix: 6 Yanvar 2023, 17:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin