BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qadın ürəyi daha kiçik və daha həssasdır” - Kişi və qadın ürəyi arasında beş fərq varmış...

Ürək-damar cərrahiyyəsi üzrə mütəxəssis, doktor Yaman Zorlutuna diqqəti bu fakta yönəldib ki, kişi və qadın ürəkləri arasında  həm bioloji, həm də ürək xəstəliklərinin riski və əlamətləri nöqteyi-nəzərindən xeyli fərqlər var. Ekspert bu mövzu ilə bağlı mühüm məlumatları bölüşüb.

 

Bu barədə Türkiyənin "Sözcü" nəşri yazıb.

 

Ürək-damar xəstəlikləri dünyada cinsindən asılı olmayaraq ölümün birinci səbəbidir. Bununla əlaqədar olaraq kişi və qadın ürəkləri arasında mühüm fərqləri bilmək həyati əhəmiyyətə malikdir.

 

Belə ki, geniş yayılmış fikrə rəğmən, qadınlarda ürək xəstəlikləri daha ağır keçir, bu zaman ürək xəstəliklərindən ölüm halları kişilərə nisbətən qadınlar arasında daha yüksəkdir. Ekspert bunun səbəblərini izah edib.

 

Qadın ürəyi daha kiçik və daha həssasdır

 

Qadınlar və kişilər müxtəlif bioloji quruluşa malikdir. Bu fərqlər bir çox strukturlarda, məsələn, əzələdə, sümükdə, baş beyində, həzm sistemində, ürəkdə və qan dövranı sistemində özünü büruzə verir.

 

İlk heyrət doğuran fərq ondan ibarətdir ki, qadın ürəyi kişi ürəyindən daha kiçikdir, onun damarları daha nazikdir. Nazik damarlar xüsisilə böyük risk törədır.

 

Xolesterin müxtəlif damarlarda toplanır

 

Digər mühüm fərq ondan ibarətdir ki, ateroskleroz yaradan xolesterinin toplandığı damarların mənfəzi kişi və qadınlarda fərqlidir. Kişilərdə xolesterin daha böyük diametrli damarlarda, qadınlarda daha nazik, hətta kapillyyarlarda toplanır.

 

Xroniki xəstəliklər qadınlar üçün daha ciddi risk törədir

 

Daha bir fərq risk amilləri ilə bağlıdır. Belə ki, ürəyin işemik xəstəliyinin inkişaf risk amilləri arasında mühüm yer tutan şəkərli diabet, yüksək arterial təzyiq və piylənmə qadınıarda kişilərə nisbətən daha tez-tez rast gəlinir.

 

Təqdiqatlar göstərir ki, şəkərli diabeti olan qadınlarda ürəyin işemik xəstəliyindən ölüm riskləri belə xəstəliyi olan kişilərə nisbətən 50 faiz yüksəkdir.

 

Menopauza ilə əlaqədar təhlükə artır

 

Həmçinin fərq bundadır ki, qadınlarda ürəyin işemik xəstəliyi inkişaf edərək kişilərə nisbətən özünü 7-10 il gec büruzə verir. Bunun ən mühüm səbəbi doğuş yaşında ifraz edilən estrogen hormonlarıdır. Bu zaman menapauza baş verəndə estrogenlərin aşağı səviyyəsi aterosklerozun formalaşmasını surətləndirir və ürəyin işemik xəstəliyi inkişaf riskini artırır.

 

Təəssüf ki, menopauzadan sonrakı risk qadınların bu üstünlüyünü azaldır. 65 yaşdan yuxarı qadınlarda ölümün ən mühüm  səbəblərinin biri ürəktutmasıdır.

 

Ürəktutmasının əlamətləri eyni deyil

 

Qadın və kişilərdə ürəktutma əlamətləri fərqlənir. Hər iki qrupda döş nahiyəsində sıxıcı ağrı, ürəkbulanma və tərləmə müşahidə edilə bilər. Lakin kişilərdə əsas əlamət döş nahiyəsində ağrı olduğu halda, qadınlarda daha çox ürəkbulanma və qusma rast gəlinir. Ağrının döş nahiyəsi əvəzinə kürəyə vurması daha çox qadınlarda müşahidə edilir. Təəssüf ki, məhz burada qadınların bəlası başlayır.

 

Ürəktutmasının atipik adlandırdığımız əlamətləri, yumşaq desək, qadınların tibbi yardım üçün müraciətini ləngidir. Məhz bu zaman hər şey həll olunur. Tibbi yardım nə qədər tez göstərilərsə, ölüm və ürəyin zədələnməsi riski az olacaqdır.

 

Tövsiyələr

 

Bütün bu fərqləri nəzərə alaraq, qadınlar siqaretdən uzaq olmalı, şəkərli diabetə, yüksək arterial təzyiqə və artıq çəkiyə ciddi yanaşmalı, vaxtında müdaxilə üçün ürəktutması əlamətlərini bilməli, həmçinin müntəzəm müayinələrdən keçməlidir./Moderator.az

Tarix: 7 Yanvar 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin