BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc nəsli elə tərbiyə etməliyik ki, Azərbaycan xalqının əsrlərlə yaratdığı, formalaşdırdığı dəyərlərdən uzaq düşməsin - RƏY

Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır, dövlət gənclərə yüksək diqqət və qayğı göstərir. Gənclərlə bağlı mövcud qanunvericiliyə edilən hər yeni dəyişiklik dövrün, dövlətin daxili çağırışlarına cavab verir. Gənclərimiz səngərdə əllərində silah torpaqlarımızı müdafiə etmək uğrunda mübarizə aparır, dövlət idarəetməsində, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər. Bütün bunlar Azərbaycan dövlətinin gənclərə olan dəstəyi nəticəsində daha da inkişaf edir və təkmilləşir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Aspirant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məktəblərin, universitetlərin üzərinə böyük vəzifələr düşür.

İlqar Orucov: Prezidentin son Sərəncamı da əhalinin rifahına yönəlmiş  işlərin davamıdır -

İ.Orucov xatırladıb ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyində Prezident İlham Əliyev müəllimlər, tələbələr, təhsil ictimaiyyəti qarşısında çıxış edərkən bu məsələyə xüsusilə toxunub: “Cənab Prezidentin nitqinin böyük hissəsi məhz gənc nəslin milli-mənəvi dəyərlər uğrunda tərbiyə olunması, milli mənlik şüurunun formalaşması ilə bağlı tövsiyələrdən ibarət idi. Bu, ölkə başçısının təhsil ictimaiyyətinə çağırışı, onların qarşısına qoyduğu mühüm vəzifələr idi. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məktəblərdə işlər görülməlidir. Elm və Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi bu məsələlərə məsuldur. Məktəblərdə tədris proqramlarını təsdiq edərkən, dərsliklər hazırlayarkən bu mövzuya kifayət qədər yer ayırır. Bu istiqamətdə işlər məktəblərimizdə yaxşı formada qurulub. Lakin düşünürəm, daha yaxşı işlər qurmaq lazımdır. Hazırda qlobal çağırışlar, təhdidlər, xüsusilə siyasi kataklizmlər fonunda gənc nəslin mütləq şəkildə milli dəyərlər ruhunda tərbiyə olunmasına ciddi önəm verməliyik. Məktəb mühiti təkcə təhsil verməklə yekunlaşmır, məktəb eyni zamanda tərbiyə ocağıdır. Dərsliklərdə bu mövzunu kifayət qədər əhatəli verməliyik. Gündəlik olaraq müəllimlər şagirdlərin şəxsiyyətyönlü formalaşması istiqamətində çalışmalıdırlar. Məktəb rəhbərləri bu yöndə işlərin ciddi təşkilinə önəm verməlidirlər. Savadlı nəsil yetişdirə bilərik, amma milli dəyərlərdən uzaq nəsil yetişdirəcəyiksə, bu, artıq birbaşa ölkənin milli təhlükəsizlik məsələsidir. Həqiqətən, ciddi təhdidlər var. Azərbaycan inkişaf edir, güclənir və bu, bəzi xarici qüvvələrin xoşuna gəlmir. Ölkəmiz müstəqil siyasət həyata keçirir, bu, böyük dövlətləri qane etmir, çünki onlar öz maraqlarını təmin edə bilmirlər. Bəs hansı yolla ölkəmizə təsir güclərini artırırlar? Yetişməkdə olan gənc nəslin milli dəyərlərdən uzaq düşməsi istiqamətində ideoloji iş aparmaqla. Hədəf olaraq ölkəmizə təsir güclərini artırmağı məhz bunda görürlər. Hesab edirəm, məktəblər, bütövlükdə təhsil ictimaiyyəti hər zaman maarifləndirmə işini davam etdirməlidir. Kütləvi İnformasiya Vasitələri də bu mövzunu ciddi diqqətdə saxlamalıdırlar. Qlobal çağırışlarla üz-üzəyik. Hazırda informasiya sərhədsizləşib. Yeni texnologiyalar, rəqəmsallaşma o həddə gəlib çatıb ki, çox asanlıqla yeni formalaşan nəslə, şagird və tələbələrə bu və ya digər formada təsir etmək imkanları yaranıb. Ona görə də gənc nəsli elə tərbiyə etməliyik ki, dövlətinə, milli dəyərlərinə bağlı olsun, Azərbaycan xalqının əsrlərlə yaratdığı, formalaşdırdığı dəyərlərdən uzaq düşməsin. Əlbəttə, dünyadakı qlobal trendlərdən uzaq düşməməli, yaxşı nə varsa, mənimsəməlidirlər. Amma milli dəyərlərimizə yad elementlər də ailələrimizə, cəmiyyətimizə siraət etməməlidir. Bu gün çox asanlıqla, qapımızı döymədən milli dəyərlərimizə yad elementlər ailəlimizə, cəmiyyətimizə daxil ola bilir. Mütləq şəkildə hər gün çalışmalıyıq. Bu məsələdə arxayın ola bilmərik. Daha ardıcıl, davamlı işlər aparmalıyıq. 44 günlük Vətən müharibəsində gənclərimizin milli hisslərə, dəyərlərə nə qədər bağlı olduqlarının şahidi olduq. Bu ruhu daha da gücləndirmək, hər zaman inkişaf etdirmək lazımdır”.

 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, Vətənə sevgi ailədən, ümumtəhsil məktəblərindən başlayır:

“Ulu öndər Heydər Əliyev deyib ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb, buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu, həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Orta məktəb dərsliklərində Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Hesab edirəm, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbdə V sinifdən XI sinfədək şagirdlərə və ali təhsil müəssisələrdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər daha çox verilsin. Təkcə tarix və ədəbiyyat dərslərində yox, bütün fənlərdə müəyyən informasiyalar verilməlidir”.

 

Ekspert deyib ki, Azərbaycanın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır: “Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan, vətəndaş kimi ilk tərbiyəni ailədən alırlar. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanırlar. Orta məktəb şagirdlərində vətənə, millətə qarşı sevgini oyatmaqda dərsliklərin çox böyük əhəmiyyəti var. Aşağı siniflərdən bütün şagirdlərə vətəni sevmək və onun milli dəyərlərinə hörmət etmək aşılanmalıdır. Yeniyetmələrə bu duyğunu aşılamaqda hər bir fənnin öz yeri var. Rütbələr, silahların növləri haqqında hər şagird məlumatlandırılmalı, ordumuzun istifadə etdiyi atıcı silahlarla tanış edilməlidir. Məktəblərdə xüsusi olaraq istismardan çıxmış silahlarla təmin olunması üçün lazımı otaqların olması ilə yanaşı, yeniyetmələrə hərbi duyğuları aşılayarkən fənn seçimi edilməməlidir. Hətta fiziki-psixoloji dərslər vasitəsilə belə, şagirdlərdə milli ruhu artırmaq lazımdır. Doğrudur, orta məktəblərdə bu mövzuya daha çox tarix və ədəbiyyat dərsliklərində rast gəlinir. Çünki tarix vasitəsilə şagirdlər öz ölkəsinin uzaq və yaxın tarixini öyrənir. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub, boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir, bunu çıxışlarında dönə-dönə tövsiyə edirdi.  Düşünürəm ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir, çalışmalıdır ki, həmin şəxsiyyət də Vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Keçirilən dərslərdə işğal olunmuş torpaqlarda fədakarlıqla döyüşən Milli Qəhrəmanlarımızı, Qarabağı tanıtmaq lazımdır. İnsan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər, milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar, onu qorumağı özünə borc bilər”.

 

K.Əsədovun sözlərinə görə, vətənpərvərlik və milli-mənəvi şüurun təbliği, aşılanması məsələsinə xüsusilə pedoqogikada diqqət edilməlidir: “Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməklə ifadə olunur. Dərsliklər hazırlanarkən bu pronsip nəzərə alınmalıdır. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən bir də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Məktəblər arasında hərbi-idman oyunlarının keçirilməsi də yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanması baxımından əhəmiyyət kəsb edir. “Cəsurlar”, “Şahinlər” kimi oyunların keçirilməsində də məqsəd şagirdlərə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə çalmaq uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir. Bu cür oyunlar Azərbaycan məktəblərində mütəmadi olaraq təşkil olunur. Bu işdə Elm və Təhsil, Gənclər və İdman nazirlikləri, eyni zamanda bir sıra QHT-lər iştirakı edir. Sözügedən yarışların son zamanlarda kütləviliyinin artırılması diqqətə layiqdir. Keçirilən oyunlarda oğlanlarla yanaşı, qızların da iştirakı təmin edilir ki, bu da işin sevindirici tərəfidir. Hərbi hazırlıq dərslərinin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsi bu işdə əhəmiyyətli rol oynaya bilər. Belə mütəxəssislər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər. Şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyət də mühüm rol oynayır. Fiziki tərbiyə orta ümumtəhsil məktəblərindən başlayaraq tədris edilir. Bu, həqiqətdir ki, Azərbaycan dövləti sağlam gənc nəsil tərbiyə etməyə lazımi əhəmiyyət verir. Azərbaycanda ibtidai məktəb yaşından uşaqların fiziki tərbiyəsi diqqət mərkəzindədir. Kiçik məktəb yaşlarından başlayaraq şagirdlərin bədəncə möhkəmlənməsinə və hərtərəfli fiziki inkişafına fikir verilir. Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə dərsləri keçirilir. Burada 1 milyon şagird iştirak edir. Dərslər tədris ilində həftədə 2 dəfə 45 dəqiqə olmaqla təşkil olunur. Bundan əlavə, məktəblərdə sinifdən və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işləri də təşkil olunur. Məktəblilər idman bölmələrinə, müxtəlif növ yarışlara, kütləvi idman tədbirlərinə cəlb olunurlar. Məktəbdə aparılan fiziki tərbiyə tədbirləri uşaqlara “Vətənin müdafiəsinə hazıram” bədən tərbiyəsi kompleksinin normativlərini yerinə yetirməsinə kömək göstərir. Orta ümutəhsil məktəbində fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur. Hər bir sinif üçün nəzəri və təcrübi proqram bölmələri var. Proqram tədris materialları tədricən çətinləşdirilir və ardıcıllıqla öyrədilir. Bu da uşaqların orta məktəbi bitirərkən tam sağlam olmasını, həyata hazırlığını təmin edir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 7 Yanvar 2023, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin