BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN təcridxanasında "keyfiyyətsiz yemək" iddiaları: "Gündüz şorbası, axşam qurusu - makaron, arada mərci, nadirən "qreçka"" - RƏSMİ CAVAB

İnzibati həbsdə saxlanılan Tofiq Yaqublu cümə axşamından bəri aclıq aksiyasına başlayıb, o, "təcridxanadakı qidaların kefiyyətsizliyinə etiraz edir", bunu onun qızı deyir.

 

Atasının "faktiki olaraq 15 gündür ki, ac olduğunu" deyən Nigar Həzi vurğulayır ki, atasının etirazı konkretdir, o, qanunla təmin olunmuş haqlarını tələb edir.

 

Müsavat Partiyasının üzvü, tanınmış siyasi fəal Tofiq Yaqublu dekabrın 23-də ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilmiş aksiyada saxlanılıb, hazırda Daxili İşlər Nazirliyinin Binəqədidəki müvəqqəti saxlanma təcridxanasındadır.

 

Daxili İşlər Nazirliyindən BBC-yə bildirilib ki, müvəqqəti saxlanma məntəqəsində saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş "hüquqi normativə əsaslanır".

 

"Ata əvvəlcə dedi ki, mənə iki kilo peçenye gətirin. Sonra dörd kiloqram peçenye istədi. Sonra altı kilo dedi. Sonra mən vəkillə danışanda məlum oldu ki, orada yemək o qədər keyfiyyətsizdir ki, loru dillə desək yaxantıdır, onu yemək mümkün deyil. Ata peçenyeni ümumi qida olaraq istəyir", qızı Nigar Həzi izah edir.

 

Onun sözlərinə görə, təcridxanaya hazır yemək, meyvə apara bilmirlər, "Yalnız peçenye, o da hətta belə qaydalar müəyyənləşdiriblərki, içində kişmiş ola bilməz. Hətta bir dəfə üstünə şəkər tozu səpilmiş peçenye aldım, onu götürmədilər ki, üstündə şəkər tozu var. Olmaz".

 

Atasının indiki inzibati həbsi ilə 2019-cu ildəki həbsini müqayisə edən Nigar Həzi deyir ki, "əvvəllər maye aparılmasına və onun miqdarına heç bir qadağa yox idi. Lakin indi yalnız 6 litr maye keçirmək olar və fərqi yoxdur, bu, meyvə şirəsidir, yoxsa su".

 

O deyir ki, bu məhbuslar üçün meyvə-tərəvəzlər də "olmazlar" siyahısındadır.

 

"2019-cu ildə mən gedəndə sual verdim ki, yaxşı siz yemək verirsiniz, bunu anladıq. Bəs, meyvəyə nə üçün icazə vermirsiniz? Siz insanın qida rasionundan necə hər şeyi çıxara bilərsiniz? İnsanın axı, rasionunda meyvə olmalıdır, yağ olmalıdır, kalorili şeylər olmalıdır. Mənə demişdilər ki, məhbuslar kameranın içini zibilləyir, biz meyvəni ona görə içəri buraxmırıq".

 

"Necə olur ki, məhbusa dövlət büdcəsindən pul ayrıldığı, onun hər günü üçün qida rasionuna bəlli ərzaqlar müəyyənləşdirildiyi halda, insanlara orada düzgün yemək vermirlər. Tofiq Yaqublu bunu dilə gətirir, ancaq bu hal illərdir belədir", - Nigar Həzi sual edir.

 

Nigar Həzi deyir ki, təcridxana rəsmiləri vəkillər vasitəsilə atasının səhhətində problemlərin olması ilə bağlı məlumatlandırılıb.

 

Atasının səhhətindən çox narahat olduğunu deyən Nigar Həzi Tofiq Yaqublunun ac qaldığı hər günün "ölümə bərabər" olduğunu deyir.

 

"Bu adam dəhşətli işgəncələr görüb. Neçə dəfə biz onu ölümün pəncəsindən xilas etmişik. Dəfələrlə əməliyyat olunub, öd kisəsi yoxdur. Dərman qəbul edən adamdır, normal qidalanmalıdır ki, dərman ona pis təsir göstərməsin".

 

Nigar Həzi deyir ki, səhhətindəki bütün problemləri nəzərə aldıqda "aclıq dönəmi uzandıqca, Tofiq Yaqublunun həyatına daha çox" təhlükə yaranır.

 

Tofiq Yaqublunun vəkili Nemət Kərimli məhbuslara verilən "yeməyin keyfiyyətinin olmamasıyla" bağlı müvəkkilinin şəxsində DİN-ə və məhkəməyə müraciət edilməsini mümkün hesab edir. O bu məsələ ilə bağlı hüquqi tədbirlər görməyin planlaşdırıldığını açıqlayıb.

 

Daxili İşlər Nazirliyi yanında ictimai şurasının sədri Əliməmməd Nuriyev sözügedən təcridxanada monitorinq aparmadıqlarını, lakin Tofiq Yaqublu tərəfindən şikayət gələrsə, araşdıra biləcəklərini bildirib.

 

Sözügedən təcridxanada saxlanılmış digər bir şəxs Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəyasət heyətinin üzvü İlham Hüseyn deyir ki, bura "2013-2015-dək evdən yemək gətirirdilər, indi isə yalnız, su, peçenye çörək və paltar gətirə bilərlər".

 

Cənab Hüseyn deyir ki, təcridxanada ən uzun qaldığı müddət iki ay olub. Bu müddət ərzində "hər günorta vermişel və makaron şorbası, axşamlarsa suda qaynadılmış makaron və ya vermişel verilib.

 

O deyir ki, bu müddət ərzində şorbaların içində heç vaxt kartof olmayıb.

 

"Yeməklər kapron boşqablarda gəlir. Nadir hallarda qreçka verər, üstünə də kiçik bir qanad qoyurdular. Səhərlər zavod çörəyinin 4-də birinin arasına bir qənd parçası boyda yağ çəkib verirlər, şirinçayı da özləri qarışdırıb gətirirlər. O da heç şirin olmurdu. Biz orada olanda şor aldırıb gətirdə bilirdik, səhərlər gəlib yazırdılar öz pulumuza şor, şəffaf qablaşdırmada qatılaşdırılmış süd alıb verirdilər bizə".

 

BBC-yə danışan keçmiş məhbusların saydığı siyahıda ətin adı çəkilmir. Onların siyahısında yumurta, balıq, tərəvəz də yoxdur.

 

Avropa Şurasının sənədlər toplusundan bildirilir ki, Avropa penitensiar qaydalarına dair Nazirlər Komitəsinin üzv dövlətlərə 2 saylı tövsiyyəsində (Rec 2006) deyilir ki, məhbuslar onların yaşı, səhhəti, dini, mədəniyyəti və işin xarakteri nəzərə alınmaqla kompleks yeməklə təmin edilirlər. Sənəddə bildirlir ki, minimal kolorililik və zülallar daxil olmaqla, qida rasionuna dair tələblər, milli qanunvericiliklə müəyyənləşdirilir".

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarına görə, əlavə cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların gündəlik ərzaq normalarına 80 qram ət, 100 qram balıq, 20 qram piy və ya marqarin, 30 qram şəkər tozu, 1 qram quru çay, 550 qram kartof, 250 qram tərəvəz,10 qram kərə yağı, həftədə iki ədəd yumurta var.

 

İlham Hüseyn onu da deyir ki, ona kənardan qida gətirmək qadağasını saxlanan şəxslərin əsasən narkotik istifadəçisi olduqlarını, içəri nələrsə keçirə biləcəkləri ehtimalının olması ilə əsaslandırıblar.

 

"Ora düşənlər inzibati xəta törətmiş şəxslər olsa da, onlarla cinayətkar kimi davranırdılar. Cinayətkarların saxlandığı yerdə heç belə qadağalar olmur. Böyük məhrəba aparmağa icazə vermirlər, aparırsansa ortadan kəsirlər. Yanında qaşıq saxlaya bilməzsən", - cənab Hüseyn deyib.

 

Daxili İşlər Nazirliyinin sözçüsü inzibati cəza almış şəxslərə cinayətkar kimi davranılması iddialarını da qəti şəkildə "rədd edib".

 

Orda saxlanılmış şəxslərlə bağlı heç bir hüquq pozuntusundan söhbət gedə bilməz", - Elşad Hacıyev əlavə edib.

 

DİN rəsmisi Elşad Hacıyev təcridxanadakı yeməklərin keyfiyyəti ilə bağlı bütün bu iddiaları "şəxsi mülahizələr" adlandırıb.

 

O bildirib ki, saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş "hüquqi normativə əsaslanır".

 

"Həmin normativ çərçivəsində saxlanılan şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş formada, sanitar-epidemioloji-gigiyenik qayda və tələblər nəzərə alınmaqla qidalar çatdırılır. Orada qidaların keyfiyyəti, hər hansı keyfiyyətsiz ərzaq məhsullarının saxlanılan şəxslərə verilməsilə bağlı iddialar tam əsassızdır. Bugünədək orada saxlanılan şəxslərin sağlamlığında hər hansı gigiyenik vəziyyətində hər hansı xoşagəlməz neqativ hal müşahidə edilməyib."

 

Elşad Hacıyevin sözlərinə görə, təcridxanada saxlanılan şəxslərin gigiyenik qayda və tələblərə uyğun qida təminatı üçün "bütün zəruri tədbirlər normativ formada" həyata keçirilir.

 

"Heç bir halda hansısa şəxsə sağlamlığa ziyanlı olan qida verilmir. Bununla yanaşı, həm də hazırlanmış qidalara baxış keçirilir və həkim rəyi verilir ki, bu qidanı saxlanılan şəxsə vermək olar ya olmaz" - Elşad Hacıyev bildirib.

Tarix: 8 Yanvar 2023, 21:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin