BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarlı hava şəraitində piyadalar üçün vacib tövsiyə

“Qarlı-buzlu yollarda təhlükəsiz hərəkət çox önəmlidir. Az qala hamı – dövlət qurumları da, ayrı-ayrı şəxslər də bununla bağlı sürücülərə tövsiyələr verirlər. Amma ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, ən çox travma alan piyada hərəkət edənlərdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Ərşad Hüseynov bildirib.

 

Ə.Hüseynov piyadalar üçün tövsiyələrini diqqətə çatdırıb: “Piyada hərəkət edənlər bunları nəzərə alsalar, yaxşı olar:

 

1) səkilər bəzən yolun hərəkət hissəsindən tez donur (avtomobillərin hərəkəti yolun donmasını bir az ləngidə bilər), ona görə də buzlu səkilərlə hərəkət etməyə hazır olmalısınız;

 

2) Əksər küçələrimizin səkilərində sürüşkən döşəmə materiallarından (mərmərdən, bəzəkli daşlardan və s.) istifadə edilib. Belə yerlərdə çox ehtiaytlı olun, çünki buz olmasa da, yerdə azca qar olması çox ciddi sürüşmə effekti yaradır;

 

3) piyada keçidlərini və ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin, çünki avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın yolun hərəkət hissəsində olmayasınız. Ən xəfif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər;

 

4) altı sürüşməyən ayaqqabılardan istifadə etməyə çalışın;

 

5) xüsusi zərurət yoxdursa, yollara çıxmayın. Xüsusən yaşlı insanların küçələrə çıxmamasına çalışın.

 

Əvvəlki illərin statistikası göstərir ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma (xüsusən qol-qıça sınıqları) alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur.

 

Sürücülərə isə məsləhət edirəm ki, yolda piyada görən kimi ehtiyat tədbiri görün, dayanmağa hazır olun, çünki qarda-buzda piyada da sürətlə yeriyə bilmir, hətta anidən yıxıla da bilər.

 

Yol təsərrüfatı və kommunal xidmət əməkdaşlarından isə xahişim odur ki, yolları qar-buzdan təmizləyərkən səkiləri unutmasınlar, piyada keçidlərinə xüsusi diqqət yetirsinlər. Əvvəlki illərdə rast gəldiyimiz, qarın hərəkət hissəsindən səkiyə atılması kimi təcrübə çox yanlış və təhlükəlidir. Bunları nəzərə almağı rica edirəm”.

 

Kənan

Tarix: 9 Yanvar 2023, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin