BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışına qarşı dələduzluq edən keçmiş məmura hökm oxundu

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Əsədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Cavid Əsədov cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Mehman Əliyevin (soyadı şərti) Bakı şəhəri, Binəqədi,

rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən 1100,0 kv.metr torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququ verən sənəd almasına köməklik edəcəyini yalandan vəd verib. O, 2022-ci ilin aprel ayının sonunda 5000 manat, 2022-ci ilin iyul ayının ortalarında isə 300 manat məbləğində pulu zərərçəkmiş şəxsin işlədiyi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən tikinti ofisində alıb. Lakin sonradan Cavid verdiyi vədə əməl etməyib.

 

Mehman Əliyevin şikayəti əsasında saxlanılan Cavid Əsədov barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmə baxışında Cavid Əsədov ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər Biləcəri və Xocahəsən bələdiyyəsndə vergi şöbəsinin müdiri işləyib. Daha sonralar ev və torpaq alqı-satqısına, həmçinin sənədlərinin alınmasına köməklik etməklə məşğul olub.

 

Zərərçəkmiş şəxs əvvəllər onunla eyni qəsəbədə yaşayan sakin kimi tanısa da, yaxın münasibəti olmayıb. O, Mehman Əliyevdən pul aldığını təsdiqləyib.

 

Cavid Əsədov zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödədiyinə, Mehmanla barışdığına və dövlət büdcəsinə 25 faiz ödəniş etdiyinə görə iş üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim edib.

 

Kamal Məmmədov

Tarix: 11 Yanvar 2023, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin