BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu: “Acgözlük kişidə də var, qadında da...”

“Birincisi, ailədə heç kimin üstünlüyü lazım deyil. Heç vaxt razı olmaram ki, qadın evdə kişidən üstün olsun. Bərabərlik lazımdır. İstəyiriksə, ailədə məhəbbət, harmoniya, dürüstlük olsun, onda bərbabərlik olmalıdır ki, bir-birilərinin sözlərinə qulaq assınlar, bir-birilərinə dayaq olsunlar. Yeri gələndə kişinin, yeri gələndə qadının sözü üstün olmalıdır. Elə məsələlər olur ki, qadın düz söz deyir, yaxud əksinə. Bunların hamısı tarazlaşmalıdır...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

N.Cəfəroğlu kişilərin rüşvət və korrupsiyaya yol verməsinin səbəbkarının qadınlar olduğunu deyənlərə isə belə cavab verib: “Bu fikirlə heç cür razı deyiləm. Mən Sovet dövründən gələn adamam. Atam böyük vəzifələrdə işləyirdi. Biz hamımız ailəlikcə normal bir mühitdə yaşayırdıq. Sözsüz ki, getdikcə mühit dəyişir, camaat yaxşı yaşamaq istəyir. Acgözlük kişidə də var, qadında da. Bu, ailə tərbiyəsindən asılıdır. Kişiyə evdə ata-anası deyibsə ki, normal həyat sür, heç kimə möhtac, heç kimdən asılı olma, belə də olur. Bizim ailəmizdə həmişə ən birinci qıza təhsil vermək haqqında söhbət gedirdi. Rəhmətlik nənəm deyərdi ki, nəyin bahasına olursa-olsun, qıza təhsil vermək lazımdır, qız onun-bunun qapısında süpürgəçilik etməsin, amma oğlan gedib yük də daşıya bilər. Hərdən toylara gedirsən, görürsən ki, hansısa qadının üstündə bir kiloluq qızıl-brilliant var. Bu, görməmişlikdəndir. Ailədə görməmişlik varsa, bu, oğula da, qıza da keçəcək. Yəni rüşvətxorluq ailədən, ailə tərbiyəsindən, ümumiyyətlə, sistemdən gəlir. Sistem çürükdürsə, sistemdə rüşvətə yer varsa, rüşvət götürəcəklər. Sistemi dəyişmək lazımdır ki, rüşvət olmasın. Hazırda elə insanlar tanıyıram ki, vəzifədə işləyirlər, amma məvaciblə dolanırlar. Belə dostlarım, tanışlarım var. Biznesi olanları demirəm. Amma elə aşırı biznesi olanlar var, evinə gedirsən, o qədər sadə, gözəl yaşayırlar. Elələri də var, evinə gedirsən, görürsən həyətində tutuquşuya qədər hər şey... Bu da ailənin tərbiyəsindən asılıdır. Qadının kişini rüşvətə vadar etməsi – belə bir şey ola bilməz. Heç bir qadın kişini vadar edə bilməz ki, rüşvət götürsün...”

 

N.Cəfəroğlu kişinin sözü ailədə zəiflədikcə qadınların güclü kişilərə meyil etməsi və boşanmaların səbəbinin bundan qaynaqlandığı barədə fikirləri isə belə dəyərləndirib: “Xeyr, boşanmaların sayı buna görə artmır. Qadınlarımızın özünə güvəni artıb. İşləyirlər, pul qazanırlar, özlərini idarə edə bilirlər. Kişinin qadına qarşı zorakılığına dözməyib, deyirlər ki, özüm özümü saxlaya bilərəm, məni niyə döysünlər? Bu, bir tərəfdən yaxşıdır. Qadınlarımız öz hüquqlarını qoruya bilirlər. Boşanmaların sayının artma səbəblərindən biri də budur. Monitorinqini aparmışıq. Elə boşanan ailələr var ki, kişi ailəni tərk edib. Elə ailələr də var ki, qadın deyir “mən kişinin gəzməyinə, kobudluğuna dözmürəm, ayrılıram, çünki özümə güvənirəm”. Qanunda çox boşluqlar var. Qızı kənddən şəhərə gətirirlər, 16-17 yaşında ərə verirlər, üç uşaq da doğur, qıza təhsil də vermirlər. Sonra uşaqlarını da əlindən alıb, deyirlər ki, evdən çıx. Baxmayaraq ki, həyat yoldaşı yaxşı işdə işləyir. O qədər aliment verə bilər ki, qadın uşaqları da, evi də saxlaya bilər. Qanun da deyir ki, qadının uşağı saxlamağa imkanı yoxdur. Hardan imkanı olsun? 17 yaşında gətirib qulluqçu kimi işlətmisən, uşaq doğuzdurmusan, təhsil də verməmisən. Qanunlara dəyişiklik edilməlidir ki, kişinin uşağa baxmaq imkanı maddi baxımdan daha çoxdur deyə, qadının əlindən uşağı almaq, qadına qarşı qanunsuzluq etmək aradan qalxsın”.

 

N.Cəfəroğlu hesab edir ki, uşağa adı kişinin verməsi məsələsi lap gülməlidir: “Dostunu çağırsın, dostu ad versin. Bu sözdür? Belə fikir təhsilsiz ailələrdən gəlir. Uşağa kimin ad verməsinin nə fərqi var? Ata-ana, ya qohum-əqrəba versin. Əsas odur, xoşa gəlsin, Azərbaycan adı olsun. Nənə-babalarımızın gözəl adları var, onu versinlər. Nə böyük şeydir? Məsələn, mənim oğlumun adını dostumuz qoyub, öz adı Fərid idi. Dedi ki, mənim adımı verəcəksiniz, vəssalam. Biz də dedik ki, baş üstə. Bu gün kişi anasının adını qoymaq istəyirsə, qoysun. Gələn dəfə oğlan olanda qadın da atasının adını verər. Qadınla kişi arasında kompiramis ola bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 11 Yanvar 2023, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin