BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaz kəmərinin yaxınlığındakı evlərin tikitisinə Xəzər RİH icazə verib? – Qurum suala cavab verməkdən yayındı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan monitorinq zamanı Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində qanunsuz tikililər aşkar edilib.

 

Pravda.az xəbər verir ki, qurumun yaydığı rəsmi məlumata görə, diametri 200 və 500 mm olan qaz xəttinin mühafizə zonası gözlənilmədən, bilavasitə 1-6 metrliyində tikintisi başa çatdırılmış fərdi yaşayış evləri, həmçinin inşası davam edən tikililər aşkarlanıb.

 

Qeyd edilən ünvandakı tikinti işlərinin müvafiq icazəverici sənədlər olmadan kobud pozuntularla, o cümlədən normativ ara məsafələri gözlənilmədən aparıldığı bildirilib.

 

FHN-nin yaydığı açıqlamadan sonra ictiamiyyətdə bir sıra iddialar səsləndirilib. Bildirilib ki, sözügedən təhlükəli ərazidə qanunsuz tikililərə məhz Xəzər rayon icra başçısı Elşən Salahovun “icazəsi” ilə şərait yaradılıb.

 

İddiaların doğru olub-olmadığını öyrənmək üçün Pravda.az Xəzər RİH-ə rəsmi sorğu göndərib. 24 saat keçməsinə baxmayaraq, sorğuya cavab verilməyib. Mövqe öyrənməyə bir daha cəhd edərək icra başçısının köməkçisi Xəlfə İbrahimovla əlaqə saxladıq. X.İbrahimov əməkdaşımızı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinə yönləndirib. Sözügedən şöbə isə iddialara cavabı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin verə biləcəyini deyərək, zəngi həmin şöbəyə ötürüb. Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsindən də heç bir cavab ala bilmədik. Zənglərə cavab verən olmayıb. Bu, bir daha göstərir ki, Xəzər RİH məlum məsələ ilə bağlı suala cavab verməkdən yayınır.

 

Aytəkin Qardaşova

 

Tarix: 11 Yanvar 2023, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin