BURADA REKLAMINIZ OLA
BİLƏR

İctimai TV-nin aparıcısı Prezidentlə görüşündən danışdı: “Onun emosiyalarından mən də təsirləndim…”

Xəbər verdiyimiz kimi, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. İctimai Televiziyanın “Xəbərlər” proqramının aparıcısı Nərmin Salmanova görüşlə bağlı təəssüratlarını bölüşüb.

 

N.Salmanova Pravda.az-a müsahibəsində deyib ki, cənab Prezidentin həm jurnalistlər, həm siravi vətəndaşlarla ünsiyyəti zamanı baryerləri aradan qaldırmaq qabiliyyətinə hər kəs bələddir.

Jurnalist bildirib ki, cənab Prezidentin rütbəsini, vəzifəsini kənara qoyub insanla səmimi şəkildə, dost kimi danışmaq, ünsiyyət qurmaq bacarığı var: “Ötən gün jurnalistlərlə görüşündə də bunun əyani şahidi olduq. Cənab İlham Əliyev suallarımıza ətraflı, tam səmimiyyəti ilə, dostcasına cavab verməsi ilə seçilirdi. Keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması ilə bağlı sualım oldu. Cənab Prezident 2021-ci ildə Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində demişdi ki, “30 ildir, məcburi köçkünlərimiz Vətən həsrəti ilə, evlərinin, doğma torpaqlarının həsrəti ilə yaşayırlar, ora qayıdacaqları günü gözləyirlər. Nə qədər əzab-əziyyət çəksələr də, onlar sınmadılar. Bax, budur Azərbaycan xalqı!” Bu sözləri deyərkən cənab Prezidentin kövrəldiyinin şahidi olmuşdum. Dünənki görüşdə də bu məsələyə toxundum, həmin müsahibəni xatırlatdım. Sual verdim ki, indi siz həmin torpaqlara məcburi köçkünlərin qayıtdıqlarının şahidisiniz, hansı hissləri keçirirsiniz? Cənab Prezident bu sualın cavabına “xoşbəxtlik” sözü ilə başladı. Bu zaman cənab Prezidentin sanki yenidən kövrəldiyini hiss etdim və emosiyalarından mən də təsirləndim…”

 

N.Salmanova İctimai TV-nin təmsilçisi kimi dövlət başçısı ilə müsahibəyə getməsinin onun üçün əhəmiyyətindən də danışıb: “Çalışdığım illər ərzində həm izləyicilərin, həm də telekanal rəhbərliyinin mənə, savadıma olan inamını, hörmətini qazanmaq üçün səy göstərdim və buna davam edirəm. Hər zaman mənə olan ümidləri doğrultmaq üçün öz üzərimdə işləyirəm və bəhrəsini gördükcə bundan motivasiya alıram. Dövlət başçısı ilə müsahibə üçün İctimai Televiziyanı təmsil etmək isə mənə göstərilən böyük bir etimad idi”.

 

Aytəkin Qardaşova

Tarix: 11 Yanvar 2023, 15:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin