BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq burun əməliyyatı etdirənlərdən danışdı: “Buratino kimi hamının burun ucu dik qalxır, bərbad görünüş yaradır”

Son zamanlar Azərbaycanda xanımlar burun estetiki mövzusunda bir-biriləri ilə sanki yarışa giriblər. Əksər kişilər isə xanımların burun əməliyyatı etdirmələrindən narazıdırlar. Onlar bildirirlər ki, getdikcə xanımlar simaca bir-birilərinə oxşayırlar, özlərinə güvənləri yoxdur. Bəs görəsən, bu, nədən qaynaqlanır? Psixoloji baxımdan xanımlarımız niyə burunlarını özlərinə kompleks edirlər? Estetik əməliyyata üstünlük verənlər arasında kişilər deyil, niyə qadınlar üstünlük təşkil edir?

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış psixoloq Samirə Bağırova bildirib ki, ümumiyyətlə, Qafqaz xalqları və ərəblər burunlu olurlar.

 

S.Bağırova deyib ki, Asiya ölkələrində isə bu, əksinədir: “Asiya ölkələrində burunu böyüdürlər və ən çox avropalılara bənzər göz əməliyyatı edilir. Əvvəllər burun əməliyyatında qadınlar çoxluq təşkil edirdisə, indi kişilər də onlardan geri qalmır. Amma məsələ başqadır. Təbii ki, burunda qüsur və ya nəfəs almada problem varsa, onu düzəltmək və daha da gözəl görünmək yaxşıdır, insanda özgüvən yarada bilir. Çünki xalq olaraq avropalılarla müqayisədə özümüzü olduğumuz kimi qəbullanmaqda çətinlik çəkirik, bu mövzuda özgüvənsiz xalqıq. Bu da uşaqlıqdan valideynlərin uşaqalarını qohum, qonşu uşaqları ilə müqayisə etmələrindən yaranır. Di gəl ki, bilmirəm, bizim cərrahların çoxu rinoplastikanı harada, necə öyrənirlər, xanımlar çox bərbad hala salınır. Mən hələ indiyə kimi illərlə gördüyüm əməliyyatlar sırasında 2 burun bəyənmişəm, vəssalam. Buratino kimi hamının burun ucu dik qalxır və bu, çox bərbad görünüş yaradır. Burun ucunun dikliyi xristian xalqalarına məxsus quruluşdur. Şərq xanımları isə iri gözlərə, enli üz quruluşuna sahibdirlər. Baxırsan ki, o boyda üzə heç uyğun olmayan nazik, çox kiçik burun düzəldilir. Düşünürəm, cərrahlarımız fərdi yanaşma etmirlər, eləcə də “sürü psixologiyası” olaraq xanımlar birində görüb, eynisini etdirmək istəyi ilə şəkli əllərinə alıb, cərrahın yanına gedirlər. “Eynilik” deməzdim. Xanımlar uğursuz əməliyyatların qurbanı olduqları halda, özləri bunu görə bilmirlər. Özünə ümumi baxış etmək lazımdır, yalnız buruna baxıb qiymətləndirmə etmək yanlışdır”.

 

Psixoloq bildirib ki, ümumiyyətlə, narsizm zəmanəsində yaşayırıq: “İnsanlara onların yanlışlarını demək, tənqid etmək mümkün deyil. Nadir hallarda bizim televiziya proqramlarına baxıram. Bir neçə gün əvvəl ailə problemləri ilə bağlı proqramların birində ekspert qismində əyləşən jurnalist bir bəy danışırdı. Baxıram ki, mənə tanış gəlir, amma xatırlaya bilmirəm. Sonra tanıyanda anladım ki, jurnalist bəyimiz burun əməliyyatı etdirib, ona görə tanınmaz hala gəlib. Çox bərbad, bildiyimiz Buratino görüntüsü… Burun üzün ən mərkəz hissəsidir ki, bütün üz şarmı, xasiyyəti, şəxs haqqında fikir yaratma kimi xüsusiyyətləri özündə cəmləşdirir. Ümumiyyətlə, göz, ağız, burun, bədənimizin bütün hissələri ayrı-ayrılıqda necə bir fərd olmağımızdan, hansı xasiyyətə sahib olmağımızdan xəbər verir. Sevilən və seçilən dünya ulduzları, eləcə də siyasətçilər sırasında Adam Brodi, Barbara Streyzand, Ladi Qaqa, Ouen Uilson və s. kimi bir sıra adlar sadalamaq olar ki, burunla deyil, şəxsiyyət olaraq sevilirlər. Demək ki, əsas məsələ burunda deyil. Bu problem insanın özü ilə bağlıdır. Ölkə olaraq bizdə özündən utananların sayı çoxluq təşkil edir…”

 

Aytəkin Qardaşova

Tarix: 13 Yanvar 2023, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin