BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan dövlətçiliyinin “yox” olmasını istəyənlər başa düşsünlər ki, məqsədlərinə çatmayacaqlar - RƏY

Müasir dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdidə, çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət qurmasından bilavasitə qaynaqlanır. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması dövlət siyasətinin prioritet hesab etdiyi sahələrdəndir. Azərbaycanın xarici siyasətində qətiyyətlilik, etibarlılıq, o cümlədən müxtəlif güc mərkəzləri arasında körpü funksiyası əsas amildir. Bu, cənub qonşumuz İranla münasibətlərdə də özünü göstərir. Müstəqil Azərbaycanla İran arasında münasibətlər ötən üç onillikdə hər iki ölkənin xarici siyasətində önəmli yer tutub. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin son 20 ildə uğurla davam etdirdiyi dövlətimizin İranla bağlı siyasəti qonşuluq, dostluq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsiplərinə sadiqlik üzərində qurulub. Lakin qonşu ölkə rəhbərliyinin Azərbaycana münasibətdə illər boyu açıq-gizli formalarda davam edən  anlaşılmaz, ziddiyyətli siyasəti ölkəmizin son illər qarşıdurma yaratmaq, hətta düşmənçilik həddinə çatıb.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Azərbaycan və İran arasında bir sıra fundamental problemlər var.

O qeyd edib ki, bu problemlərdən ən başlıcası tarixi problemlərdir: “Fars millətçiləri Azərbaycana tarixi torpaq kimi baxırlar, onun müstəqilliyini psixoloji cəhətdən qəbul etmək istəmirlər. İkinci faktor, təbii ki, Cənubi Azərbaycan məsələsidir. Üçüncü faktor Azərbaycan və İranın siyasi sistem baxımından tam fərqli olmasıdır. Azərbaycan dünyəvi ölkədir, İranda isə teokratiyadır. Digər önəmli faktorlardan biri geosiyasi tərəfdaşlıq məsələsidir. ABŞ, Avropa, Böyük Britaniya ilə bir sıra iqtisadi layihələrimiz var. İran 1990-cı illərdən bəri bunu bəyənmir. Eyni zamanda İran öz növbəsində dini zəmində çalışır, müəyyən bir alyans yaratmaq məqsədilə Yəmən, İraq, Suriya, Livan, Azərbaycanın daxilində də hökumətə qarşı iş aparır. Belə bir rəqabət olduğu halda İran Ermənistanla əməkdaşlığı, tərəfdaşlığı seçib. Digər tərəfdən Azərbaycanın İsraillə olan münasibətlərini pisləyir. Bütün bunlara baxmayaraq, Azərbaycan həmişə İranla konstruktiv, iqtisadi əlaqələr yaratmağa çalışıb. Mütəmadi olaraq müxtəlif sənədlər də imzalamışıq. İranla Azərbaycan arasında müxtəlif layihələr mövcuddur. Bunların bəziləri həyata keçirilsə də, təəssüf ki, bəziləri həyata keçirilmir. Məsələn, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi İranın ucbatından tam icra olunmur”.

 

F.Şəfiyev vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra geosiyasi vəziyyət tamamilə dəyişib: “İran Azərbaycanın zəfərini özünə təhlükə görür. Azərbaycan-Türkiyə alyansında Şuşa Bəyannaməsini, Azərbaycan-İsrail əlaqələrinin inkişafını özünə təhlükə görür və Ermənistanla əlaqələrini yeni mərhələdə inkişaf etdirir. Əslində bu böhran 2001-ci ilin oktyabr ayında İran tərəfindən yaranıb. Hadisələri xatırlayırıq. Çətin ki bundan sonra o vəziyyətə qayıdaq. İran artıq paradiqmanı özü dəyişib. Buna görə də gərginlik qalacaq. Bəzi şeylər bizdən asılı deyil. Burda daha çox ondan söhbət gedir ki, Qərb və İran münasibətləri necə inkişaf edəcək, İranın nüvə silahı proqramı ətrafında hadisələr necə cərəyan edəcək, İran-Rusiya əlaqələri... Təhlükəsizliyin təmin olunmasında Azərbaycan bütün tərəfdaşları ilə, ilk növbədə Türkiyə və digər ölkələrlə öz əlaqələrini inkişaf etdirməlidir. Biz diplomatik kanalları bağlamamalıyıq. Düzdür, İrandakı səfirliyimizdə diplomatik heyətin təxliyyəsi gedir. Bu, o demək deyil ki, diplomatik kanallar bağlanıb. Tamamilə ayrı-ayrı proseslərdir. Təbii ki, təhlükəsizlik təmin olunmayanda belə addım atılması məntiqlidir. Amma diplomatik kanal açıq qalmalıdır. Gözləyirəm ki, bu gərginlik davam olunacaq. Yeni bir mərhələ ortaya çıxacaqmı? Bunu demək hələ çətindir. Qeyd etdiyim kimi, bu, bir sıra faktorlardan asılıdır”.

 

“Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov isə deyib ki, Azərbaycan regional ölkələrlə münasibətləri inkişaf etdirmək və yeni layihələrdə, proseslərdə hər cür imtiyazlar qazanmaq üçün əlindən gələni etməkdədir:

“44 günlük müharibədən sonra qalib Azərbaycan İran da daxil olmaqla, bütün ölkələrin yer ala biləcəyi 3+3 platformasını da təklif etdi. Amma əfsus ki, İran tərəfi nə Zəngəzur dəhlizi ilə, nə də digər layihələrlə bağlı müsbət cavab vermədi. Əksinə, Azərbaycanla münasibətlərin korlanmasını, Azərbaycanla münasibətlərdə radikal bəyanatlar verən çıxışların nəticəsini gördük. Əgər kimsə Azərbaycanın dövlət təhlükəsizliyini, sərhədlərini təhdid edirsə, bu, heç də qonşuluq münasibətlərinə, prinsiplərinə uyğun olmayan haldır. Hər kəsə məlumdur, səfirliyimizə edilən hücumda da gördük ki, İran və Azərbaycan münasibətləri gələcək aylarda heç də müsbətə doğru inkişaf etməyəcək. İrandakı dini zümrə və siyasi hakimiyyət Azərbaycanı sanki özünə düşmən edib. Belə olmasaydı, onlar “Ermənistanın dövlət təhlükəsizliyi İranın dövlət təhülkəsizliyidir” deməz, Azərbaycanla bağlı radikal çıxışlar etməzdilər. Azərbaycan son aylar ərzində İran mediasında İranın müxtəlif şəxsləri tərəfindən nəinki tənqid olunurdu, hətta təhqir edilirdi. Azərbaycana müxtəlif ultimatumlar verilirdi. Bu da qonşuluq prinsiplərinə, ən başlıcası beynəlxalq münasibətlər sistemində sülh prosesinə xələl gətirəcək məsələdir. Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması üçün əlindən gələni etdiyi dövrdə bölgənin yeni müharibəyə qədəm qoymasını arzu edənlər, Azərbaycan dövlətçiliyinin “yox” olmasını istəyənlər başa düşsünlər ki, məqsədlərinə çatmayacaqlar. Rəsmi Bakı tam olaraq prinsiplərindən çıxış edərək bu və ya digər ölkələrlə bağlı lazımi addımları atacaq”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 28 Yanvar 2023, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin