BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvətə görə tutularaq bəraət alan keçmiş vəzifəli şəxslərlə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə rüşvət almaqda təqsirləndirilən Daşkəsən rayonunun Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun barələrindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Aşağı instansiya məhkəməsinin çıxardığı hökm və ya qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Allahverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər iki şəxs barəsində isə bəraət hökmü çıxarıb. Ş.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb. V.Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.

 

Qeyd: Hər üç şəxs 2021-ci ilin fevralında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

 

Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən R.Allahverdiyevin Ş.Mehdiyev və V.Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanan sübutlar əsasında R.Allahverdiyev, Ş.Mehdiyev və V.Məmmədova 1 fevral 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

 

R.Allahverdiyev və Ş.Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, V.Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

Tarix: 1 Fevral 2023, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin