BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Məmmədov: “Bu baxımdan gedişhaqqının artırılmasını normal qəbul etmək olar...”

“Şəhərdaxili, şəhərətrafı ictimai nəqliyyatda gedişhaqqının artırılmasını əhali birmənalı qarşılamır. Bu da təbiidir, normal qəbul etmək lazımdır. Bilirisiniz ki, cənab Prezidentin sərəncamına uyğun olaraq 2023-cü il yanvarın 1-dən etibarən əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə müəyyən sahələrdə minimum əmək haqqı, pensiyalar artırıldı. Lakin hazırki durumda yanacaqla, enerji ilə bağlı qiymət artımı olmadığı bir ərəfədə gedişhaqqının qaldırımlası vətəndaşlarımızı narahat edir. Eyni zamanda başa düşmək lazımdır ki, sərnişindaşıma şirkətləri özləri özlərini maliyyələşdirirlər. Həmin şirkətlərdə çalışanların da hamısı bizim vətəndaşlarımızdır. Onların da əməhaqları artırılmalı, sosial vəziyyətləri yaxşılaşdırılmalıdır. Xidmət keyfiyyəti də yüksəldilməli, yeni avtobuslar alınmalı, müasir tələblərə cavab verən xidmət göstərilməlidir. Ona görə də gedişhaqqının artırılmasını bu baxımdan normal qəbul etmək olar...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

 

Deputat bildirib ki, vətəndaşlar sərnişindaşımadakı problemlərlə bağlı Milli Məclisə xeyli sayda müraciətlər edirlər: “Şəhərdaxili marşrutların vaxtlı-vaxtında işləməsi, qayda-qanunlara, təmizliyə riayət etmək və s. Yəni vətəndaşlarımızın avtobuslarda yüksək səviyyədə xidmətin olması tələbləri də var. Belə başa düşürəm ki, aidiyyəti qurumlar xidmət sahəsinə bundan sonra daha ciddi yanaşacaqlar, vətəndaşlarımızın gediş-gəlişi üçün lazımi tədbirlər həyata keçirəcək, onların rahatlğını təmin edəcəklər. Qiymət artımını heç olmasa bu baxımdan qəbul edərlər ki, xidmət sahəsi yaxşılaşdırılıb”.

 

A.Məmmədov deyib ki, vətəndaşların böyük hissəsi, xüsusən tələbələr ictimai nəqliyyatdan istifadə edir: “Yəni çoxluq ictimai nəqliyyatdan asılıdır. Təbii ki, gedişhaqqının artımı onların məvacibinə bir az uyğunlaşmır. Bunu etməzdən əvvəl ictimai sorğu keçirmək lazım idi. İctimai rəy nəzərə alınmalı idi ki, bu istiqamətdə hansı addımlar atılsın. Yəqin ki, hökumət də bu məsələlərə öz münasibətini bildirəcək. Tələbələrin təqaüdlərinin artırılması istiqamətində addımlar atılıb. Amma bu məsələlərin tənzimlənməsi üçün, ola bilsin, hökumət tərəfindən dotasiya ayrıla bilər ki, qaydasına düşsün”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Fevral 2023, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin