BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Deyirlər, Tahir Kərimli şou yaradır, əjdahanı mən düzəltmişəm, mağazadan almışam?” – MÜSAHİBƏ

“Hərbi xidmətdə idim, mənə yarıçılpaq qadın şəkli göstərmək istəyirdilər, yerə yıxdılar, gözümü açdılar ki, bax, amma baxmadım. İndiki gənclər isə ayıb şeylərlə məşğuldurlar, onlarda məhəbbət olar?”

 

“Partiyanı pensiya ilə idarə edəcəm, nə edim başqa?”

 

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin Pravda.az-a müsahibəsi:

 

- Tahir müəllim, hazırda İran və Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz?

 

- İran İslam Respublikasının rəsmi ideologiyası dini ideologiyadır. Həmin ideologiya İran İslam İnqilabından sonra Azərbaycana ixrac olunmağa başlayıb. İran Azərbaycanı daim istər məişət, istərsə də siyasi oriyentasiya sahəsində təsir altında saxlamağa çalışıb. İstəyirdilər ki, Azərbaycandakı hadisələr dini quruluşa uyğun inkişaf etsin. Vaxtilə Xomeyni İmdad Cəmiyyəti var idi, yardımlar edirdilər. Bankçılıq sahəsində də həmçinin. İran dövlətinin Azərbaycana məxsusi münasibəti ondan ibarətdir ki, Azərbaycanı heç vaxt müstəqil dövlət kimi tanımaq istəməyib, bir parçası hesab edib. İran mətbuatında bəzi hallarda “Bakı hökuməti”, “Bakı səfirliyi” ifadələrinə rast gəlirik, Azərbaycanı qəbul edə bilmirlər, əyaləti hesab edirlər. İran 44 günlük Vətən müharibəsindən sonra pərdəli münasibətlərdən imtina etdi, açıq şəkildə Ermənistanı müdafiə etdi. Belə olan halda, Azərbaycanda İrana meyil edən insanların çoxu ya qorxdu, çünki cəzalana bilərlər, ya da həqiqəti anladı, dini təriqətdən fars dövlətçiliyi naminə istifadə edilir. İran Azərbaycandakı dayaqlarını əhəmiyyətli dərəcədə itirib. Azərbaycan dövlətinin baş verənlərə reaksiyası milli təhlükəsizliyə adekvatdır. Azərbaycanda fəaliyyət göstərən İslam Partiyasının qeydiyyatı ləğv edilib, rəhbərləri də həbsdədir.

 

- Ölkədə İrana bağlılığı olan siyasi təşkilat varmı?

 

- Hazırda Azərbaycanda İrana bağlılığı olan siyasi partiyanın olduğunu düşünmürəm. Doğrudur ki, bəzi hallarda ayrı-ayrı fərdlər İranı müdafiə etməyə çalışırlar. Amma siyasi partiyalar cürət edib İranı müdafiə edə bilməzlər. İran dövlət kimi də çıxılmaz durumdadır. Məsələn, əvvəllər deyirdilər ki, İsraili məhv edərlər, amma İsrail bombaladı, reaksiya verə bilmədilər. Müəyyən narazılıq yaranıb, kəşfiyyat da sıradan çıxıb. İran yarımsarsılmış vəziyyətdədir.

 

- Partiyalardan söz düşmüşkən, “Siyasi partiyalar haqqında” qanunun tətbiqi nəzərdə tutulan nəticəni verəcəkmi?

 

- İndi hamının başı imza toplamağa qarışıb...

 

- Vəhdət Partiyası başlayıb?

 

- Bəli. Mənə məlumat verildi ki, artıq 2 mindən çox imza toplanılıb. Bizim 17 min üzvümüz var, sənədlər də qaydasındadır, indi təftiş etdiririk. Rəhmətə gedəni, partiyanı tərk edəni var... Eləsi var ki, Vəhdət Partiyasının üzvü olmasını yadından çıxarıb. İki 10 illik partiyalara maraq olmadı. Yeni dövr başlayıb. Ola bilsin, bir çox partiyalar bunun öhdəsindən gələ bilməsin. Amma birləşmək məsələsi ilə bağlı da nəsə hiss etmirəm. Yaxşı olardı ki, imza toplama işinə diqqətlə yanaşsınlar, qurultaylarını keçirsinlər, qeydiyyatlarını yeniləsinlər.

 

- Üzvlərin yenidən qeydiyyata alınmasına reaksiya necədir? Tərəddüd edən varmı?

 

 - Biz üzvlərdən təkcə ərizə almırıq, anket də doldururuq. Doğrudur, çəkinənlər də olur... Sirr deyil ki, Azərbaycandakı siyasi partiyalar rəhbərlərin ətrafında toplaşıblar. İdeologiya deyil, şəxslər ətrafında birləşiblər. Partiyalara liderlərə görə qiymət verirlər. Ona görə də soruşurlar ki, partiya kimindir, sədr kimdir? İdeologiya kimisə maraqlandırmır ki... Bizim siravi insanları demokratiya və digər dəyərlər maraqlandırmır, çörək, dolanışıq olsun, kifayətdir.

 

- Necə düşünürsünüz, ehtiyac var idimi bu cür qaydaların tətbiq edilməsinə?

 

 - Politologiyada partiyalar açıq və qapalıya bölünür. Açıq tipli partiyaları seçki sistemi müəyyən edir, anket doldurmaq, üzvlük haqqı vermək və s. yoxdur. Azərbaycanda isə qapalı tipli partiyalardır. Burada qeydiyyat mütləqdir. “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunarkən identifikasiya kodunun tələb edilməsinin əleyhinə çıxdıq. Düşünürük ki, bu, vətəndaşın təhlükəsizliyinə ziyandır. Ona görə də o tələb çıxarıldı. Qəbul etmədiyimiz digər müddəalar da qaldırıldı. Mənim düşüncəmə görə, partiyanı seçki müəyyən etməlidir. İndi, yəqin ki, partiyalar “ələnəcək”.

 

- Müxalifətdə təmsil olunanların bir qismi qanunu məhdudlaşdırıcı vasitə kimi xarakterizə edir...

 

- Belə hesab etmirəm. Hamı bilsin ki, bütün siyasi partiyaların üzvləri haqqında hakimiyyətdə məlumatlar var. Onların ehtiyacı yoxdur anket məlumatlarına baxsın. Mitinqə gələnlərin hamısını bir-bir tanıyırlar. Üztanıma cihazı var, 1000 nəfərdən kimi istəsələr, araşdıra bilirlər. Mən də tərəfdarı deyiləm üzvlərin sayını yenidən siyahılaşdıraq, əlavə niyə əziyyət çəkməliyik ki? Amma bu, həm də bu bir sınaqdır, görək cəmiyyətdə bizi istəyirlər, ya yox... Bəlkə yalançıyıq?

 

- İmzaları toplaya bilməsəniz, hansı addımı atacaqsınız?

 

- Düşünürəm, öhdəsindən gələcəyik. Alınmasa da, yəqin ki, qeydiyyatımız ləğv ediləcək. Doğrusu, elə bir qorxumuz yoxdur. Bir müddət əvvəl, qərargahımızı əlimizdən alanda, arximizi itirdik, anket məlumatları yoxa çıxdı. Ekologiya nazirinin müavini Firdovsi Əliyev böyük bir dəstə ilə gəldi, stol-stuldan tutmuş seyfə qədər hər şeyi götürdü apardı. Nə qədər müraciət etdimsə, xeyri olmadı. Hətta eynəyimi belə, qaytarmırdılar. Möhürümüzü də birtəhər aldıq. Deputat seçildikdən sonra isə müraciət etmədim. O binaya özbaşına yerləşməmişdik ki... Əmlak Komitəsi vermişdi. Aylarla bizi incidiblər... Bizim üzvlük deyil, maddi problemlərimiz olub. Adam olub ki, əlində vəsait üzv cəlb etmək istəyib, tapmayıb. Bizdə isə əksinə olub.

 

- Sizcə, “ələnmədən” sonra neçə partiya qala bilər?

 

- Birləşsələr, yaxşı olar. Məncə, 20 partiya qalacaq. Liderlik ambisiyaları o qədər güclüdür ki, kimsə güzəştə getmək istəmir, hamı sədr olmaq istəyir. Yəqin ki, nəticə 6 aydan sonra bilinəcək.

 

- Vəhdət Partiyasının gələcəyi ilə bağlı planınız varmı? Tahir Kərimli sədrlikdən getdikdən sonra nələr baş verə bilər?

 

- 1998-ci ildə qurultay keçirdik, qeydiyyata alındıq. Bizə xeyli partiya birləşmişdi. İsrar etdilər ki, Ali Məhkəmənin sədri, deputat olmusan, tanınırsan, sədrliyi üzərinə götür. Yəni, zorən məni sədr seçdilər. Demişəm, vallah, bacarmayacağam, pul qazanmağın yolunu bilmirəm axı. Bilsəydim, elə məhkəmədə qalardım, qazanardım. İndi çox narahatam, çünki partiyalarda gəncləşmə getməyib, bizdə də həmçinin... Birinci müavinim Abdulvahab Manafovun yaşı 70-i keçib. Liderlər geri çəkildikdən sonra partiya parçalanır. Məsələn, İsa Qəmbər gedəndən sonra Müsavat Partiyasının nüfuzu sarsıldı.

 

- Partiyanızı gənclərə həvalə edə biləcəksinizmi?

 

- Biz müəyyən yol keçmişik, dövlətin adına imzamız var, “İstiqlalçı deputat” olmuşuq. Bizi kim əvəz etsin? Ən böyük problem budur. Dəfələrlə demişəm ki, 1 nəfəri bəlkə sədr seçək, mən də üzv olaraq qalım. Amma müzakirələr zamanı görürəm ki, yekdilliklə kimisə qəbul edən yoxdur. Məni hamı qəbul edir, amma kimi təklif edirəmsə, bəziləri qəbul etmir. Deyirlər, belə olsa, partiya dağılacaq.

 

- Bəlkə yaxşı işləməmisiniz deyə belədir?

 

- Qəbul edirəm ki, yaxşı işləməmişik. Gərək gəncləri hazırlayaydıq. İnsanların özünün də təşəbbüskarlığı olmalıdır axı...

 

- Partiyaya gəncləri cəlb etmək üçün nə edirsiniz ki?

 

- Gənclərin aktivliyinin olmamasının subyektiv və obyektiv səbəbləri var. Bilirsiniz, proporsional seçki sistemi ləğv edildikdən sonra partiyalara maraq azaldı, reytinqlər aşağı düşdü. Lider tanındı, partiyalar isə yox. Bəzən Vəhdət Partiyası deyəndə tanınmır, Tahir Kərimlinin partiyası deyəndə tanınır. “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra, bəlkə, aktivlik artar. Mənim 67 yaşı tamam olacaq. Bundan sonra nə vəzifə, nə şöhrət lazımdır. İndiyə qədər nə qazanmışamsa, qazanmışam... Çox arzulayıram ki, partiyalarda gəncləşmə getsin. Zəhmət çəkib partiya qurmuşuq. Partiyamız qeydiyyata alınmadığına görə aclıq aksiyası keçirirdik, İngiltərənin səfiri gəldi baş çəkdi, sonra Heydər Əliyevlə görüşdü. Ondan sonra qeydiyyata alındı. Partiyanın yolunda nə əzablar çəkməmişik... Çöllükdə iclaslar keçirmişik, müxalifət olmuşuq axı. Silahdaşlarımız həbs edilib, başımıza müsibətlər gəlib. İndi də partiyanın yaşaması üçün güclü lider lazımdır.

 

- Məsələn, belə fikirlər də var ki, Tahir Kərimli müxalifəti dəstəkləyəndə daha güclü görünürdü...

 

- Bu, iqtidarı və ya müxalifəti dəstəkləməklə bağlı deyil. 2005-ci ilədək cəmiyyətdə belə bir ehtimal var idi ki, müxalifət hakimiyətə gələ bilər. Sonra isə hər kəs başa düşdü ki, müxalifətin şansı yoxdur, ona görə də partiyalarda aşınma getdi. Müsavat Partiyasının o zamanki rayon təşkilatı bəlkə də indiki Müsavat boyda idi. Həmin vaxt düşündük ki, nə edək? Aparıcı müxalifət partiyalarından birinin sədrinin yanına getdik ki, bizə cüzi də olsa, maliyyə yardımı edin. Açığı heç bir koalisiyada olmamışıq, amma kənardan dəstəkləmişik. Biz müxalifətə də, iqtidara da müxalifət olmuşuq. Mənim cəbhəçi yoldaşlarım haqqımda uydurma məlumatlar yayıblar. Bir dəfə də cavab verməmişəm ki, müxalifət cəbhəsi zəifləməsin. 2006-cı ildən sonra qərara gəldik ki, müxalifətin də, iqtidarın da mənfilərini deyəcəyik. Əvvəllər isə iqtidarı yalnız tənqid edirdik, yaxşını demirdik. Sarsıntılar bu prosesin nəticəsidir.

 

- Sizin çıxışlarınız sosial şəbəkədə yayılanda dəstəkləyənlər də olur, tənqid edənlər də. Məsələn, sizinlə söhbətdə belə başa düşmüşəm ki, tənqidlərin hansısa qüvvənin təşkil etdiyi düşüncəsindəsiniz. 1990-cı illərdə xalq meydan idi, indi isə sosial şəbəkədə. Bəlkə, xalqın inamı yavaş-yavaş zəifləyir?

 

- 1993-cü ildə müxalifətçiliyin təməli əyri qoyuldu. Təsəvvür edin, AXC-nin rəhbəri Heydər Əliyevi dost, xilaskar kimi hakimiyyətə dəvət edir. Sonra da deyir ki, hakimiyyətlə düşmən olaq, çünki müxalifətik. Deməli, yalançı müxalifətçilikdir də. Pis idisə, niyə dəvət edirdin? Yaxşıdırsa, niyə etiraf etmirsən? Yəni, birlikdə əl-ələ verək işləyək... O zaman Tahir Kərimli qəbul etməsə də, bəlkə, qardaşı qəbul edəcəkdi? Cəmiyyət nə üçün süni şəkildə YAP-çılara və cəbhəçilərə bölündü. Hakimiyyəti təhvil veriblər, sonra da deyirlər, Elçibəyin ətrafı pis, özü yaxşı idi. Həzrəti Əlinin belə bir sözü var: O rəhbər pisdir ki, günahı işçilərdə görür. Sənin əlində idi də. Görürsünüz indiki Prezidenti? Kim pis işləyirsə, çıxarır. Bir dəfə eşitmisiniz ki, İlham Əliyevin desin ki, filan işçim pisdir, məni işləməyə qoymur? Axı özü məsuliyyət daşıyır. Elçibəy prezident olmaq istəyəndə, əleyhinə çıxdım. Dedim, Xomeyni kimi ol, prezident başqası, daha təcrübəli şəxs olsun. İstəmədiyimiz halda prezident oldu, gedəndə də xəbərsiz getdi. Rəsulzadənin bir sözü var, dövlətin vermiş olduğu haqqı kiminsə kiməsə verməyə haqqı yoxdur. Mübarizə apardığım üçün daim təhqirlərə, böhtanlara məruz qalmışam. Necə olur ki, Elçibəyin ətrafındakılar hakimiyyəti qəbul etdilər, vəzifə də tutdular, varlandılar? Tahir kimi düşünənlər hamısı pis günə düşdü. Biz uduzduq! Etiraf etmək lazımdır. Xalq hərəkatı indikindən 10 dəfə güclü, iqtidar indikindən 10 dəfə zəif idi, heç onda qalib gələ bilmədiniz. İndi iqtidarla müxalifət arasında min dəfə fərq var, necə qalib gələ bilərsən? Hakimiyyətə kimlə, nə ilə gələcəksən? O zaman oyun oynayanlar siravi, ikinci dərəcəli üzvlər deyildi. 2003-cü ildə Amerika demişdisə, sizi hakimiyyətə gətirə bilərik, amma qoruyub, saxlaya bilməyəcəksiniz, o zaman bu oyunlar nəyə lazım idi? Mitinqlərin ünvanlarının dəyişdirilməsi ssenarilərini kim yazmışdı? Biz etimadımızı itirmişik. Deyirlər, Tahir niyə haray salırdı? Zülmlə qurduğumuz milli hökumət aradan gedirdi... Əbülfəz Elçibəy dəfələrlə mənə dövlət telefonu ilə zəng edib, deyirdi, Tahir, işə mane olma. İndi təqsirkar bizik? Rüşvət almışıq, əyri iş görmüşük, öhdəsindən gəlməmişik? Mən içəridə müxalifət idim, xalq, millət üçün vuruşurdum. Nə qazandım? İndi qohumlarımın əksəriyyəti işsizdir. Deputatam, öz rayonumda daxmam yoxdur, seçicilərlə görüşə gedəndə, gecə də olsa, İsmayıllıya qayıdıram. Oradakı evi də o vaxtı mənə rayon sakinləri tikiblər, sağ olsunlar. Deputat maaşını da heç vaxt tək yeməmişəm, vəsaitin artmasının da əleyhinə olmuşam. İndiyədək özüm üçün heç nə tələb etməmişəm. Vətən müharibəsində iştirak edən oğlum bu gün də işsizdir. Vətəni canımızdan artıq sevmişik, ona görə məhrumiyyətlərlə üzləşmişik.

 

- Deyirlər, Tahir Kərimli populist çıxışlar edir…

 

- Xəqaninin yaxşı bir sözü var, deyir, pis adam heç vaxt yaxşılıq edə bilməz, yaxşı adam da əksini... Mən nə qədər pislik edəni bağışlamışam. Özümü pis adam hesab etmirəm, istəyirəm, vətən, dövlət üçün faydalı işlər görüm. Bunu vicdan borcu hesab edirəm. Parlamentdə çıxış etmirsən, deyirlər, niyə “lal”dır. Çıxış da edirsən, deyirlər, populizmlə məşğuldur. Yaxşı, biz nə edək? Mən xalqın dərdini boğazdan yuxarı deyə bilmirəm. Faciəm də budur. Ağrını ürəyimdə yaşamasam, deyə bilmirəm, vicdanımı heç vaxt şeytana satmamışam. Mən də istəyərəm, çıxışları sakit formada edəm, dözə bilmirəm... Populizm nəyimə lazımdır? Vəzifə də təklif etsələr, getmərəm. Mənə şöhrət lazımdır? Neynirəm ki? Onsuz da söyən söyür, tərifləyən də tərifləyir... Tənqid edirəm, əziyyəti özüm çəkirəm. Hökumətə xoş gələr ki, tənqid edəsən?! Məmurları tənqid edirəm, narazılıqlarını bildirirlər. Başqa cür də bacarmıram, istefa verməyə hər an hazıram. Bilirəm, insan üçün həm var-dövlət, həm də hörmət qazanmaq çox çətindir. Ya xalq üçün yaşamalısan, ya da özün üçün. Deyirlər, nəyinə lazımdır, özünə şərait qur, xalq sənin qədrini biləndi? Şəhidlərlə bağlı videolara baxanda, ağlayıram. Bu, mənim zəifliyimdən deyil, bilirsiniz, xalqın malını yeyənlərə ürəyimdə nə qədər qəzəb var? Sən milyardlar ye, xalqım ac qalsın? Haramınız olsun. Xalqın pulunu niyə mənimsəyirsiniz, vicdanlı yanaşmırsınız? Nə üçün əzabla işləyən min nəfərin pulunu bir gecədə xərcləməlisən? Necə olur insanlar 1000 manat kredit götürə bilmir, amma sən 1 milyard manat götürürsən. Sonra daşları aparıb tökür Xəzər dənizinə ki ada düzəldirəm. Hanı o pullar? Hakimiyyətdəkilər də bilirlər ki, nə deyirəmsə, özüm üçün demirəm. Atam, babam mənə haram yedirtmiyib.

 

- Müəllim, hamı əjdaha ilə bağlı məsələni maraqlanır? Nə oldu onun axırı?

 

- Həmin hadisədən bir müddət əvvəl Prezidentin 60 illik yubiyeli keçirilmişdi. Parlamentin plenar iclasında hamı xoş sözlər deyirdi. Mən də müraciət etdim, dedim, cənab Prezident, korrupsionerlər, rüşvətxorlar, qiymət artıran, inhisarçılar və s. yeddibaşlı əjdahadırlar. Bildirdim ki, bunların “başını kəsin”, xalq da yanınızda olacaq. Bakı Nəqliyyat, Qida Təhlükəsizliyi agentliklərinin rəhbərlərini də sərt tənqid etmişdim. Hamını tənqid edirəm, xalqdan ötrü düşmən olmadığım adam var ki? O xalq da məni söyür. Elə bir vəzifəli adam yoxdur ki, onunla düşmən olmayım... Qayıdaq o əjdaha məsələsinə. Evə gəlirdim, gördüm, qapıdan əjdaha fiqur asılıb, üstünə də “zapiska” qoyublar. Orada yazılmışdı ki, gör səni əjdaha necə məhv edəcək! Məni ölümlə hədələmişdilər. Dəhşət əsəbləşmişdim, gərək gözləyəydim. Düşündüm, əsəbim soyusa, bunun cavabını verə bilməyəcəyəm, heç evdəkilər də qoymayacaqdılar. Onda da video çəkməyi yeni öyrənmişdim, evə daxil oldum, video-cavab verdim: Sən kimi hədələyirsən? Məni öldürəcəksən, minlərlə milli insan, gənclər yetişəcək... Dediyim sözlərə diqqət edilmədi, əjdaha müzakirəyə çıxarıldı. Əjdahanı mən düzəltmişəm, mağazadan almışam? Deyirlər, guya Tahir Kərimli şou düzəldir. Əsəbi idim, düşünmədim, dedim, cavablarını tez verim… Yeri gəlmişkən, o adamın da kim olduğu bilindi. Moskvada yaşayan gəncəli biri idi, tədbir də görüldü.

 

- Həmin müraciətiniz TikTok-da geniş yayılmışdı. O platformadan istifadə edirsinizmi? 

 

- Özüm TikTokdan istifadə etmirəm, amma videolarımı paylaşırlar. Çıxışlarıma baxış 2 milyonu keçir. Bu, siyasətçilər üçün böyük rəqəmdir.

 

- Bəlkə onun maliyyə tərəflərini də təftiş edəsiniz?

 

- (Gülür) 2.2 milyon baxış varsa, yəqin ki, kimsə müəyyən qədər qazanır. Mənə deyirlər ki, Tiktok-un tam bağlanması təklifini irəli sürməyim, müəyyən kateqoriyalar üzrə məhdudiyyət qoyulsa, daha yaxşıdır. Doğrusu, onun xeyri mənə lazım deyil, çünki ziyanı daha çoxdur. Biz müsəlmanıq, türkük, qafqazlıyıq, öz mentalitetimiz, ərkanımız var. Tiktok-da və digər sosial şəbəkələrdə mənəviyyatsızlıq təbliğ olunur, cəmiyyət əldən gedir. Sizə bir əhvalat danışım, hərbi xidmətdə idim, mənə yarıçılpaq qadın şəkli göstərmək istəyirdilər, yerə yıxdılar, gözümü açdılar ki, bax, amma mən baxmadım. Düşünürəm, iki göz iki gözə baxar, ailə həqiqi sevgi üzərində qurular. İndiki gənclər ayıb şeylərlə məşğuldurlar, onlarda məhəbbət olar? Olmaz axı... Onlar Tiktok-da yüz adam görürlər. Bizim dövrümüzdə belə şeylər yox idi. Ona görə də istəyirəm ki, Tiktok bağlansın, oğlum da deyir ki, bağlasalar da, “VPN”lə girəcəklər. İnzibati yolla həll etmək lazımdır.

 

- Deputat seçilməsəniz, maddi durumunuz necə olacaq?

 

- Yaxşı olar, yəqin. Deputat pensiyası alacağam axı (gülür). O qədər aclığa öyrəşmişəm ki... Çətin olmayacaq. Ən çətin durumda belə, ailəm məni tərk etməyib. İndi də heç şəxsi avtomobilim yoxdur, partiyanın avtomobilindən istifadə edirəm. Banka olan kreditim bitir, istəyirik ki, avtomobil alaq. Partiyanı da pensiya ilə idarə edəcəm, nə edim başqa? Var-dövlət dalınca qaçan deyiləm. Doğrusu, taleyimdən şikayətçı deyiləm…

 

- Növbəti parlament seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?

 

- Tərəddüd edirəm. Seçicilərin maddi baxımdan tələbləri çoxdur. Təhsil haqqını verə bilməyən, müalicəsinə pul lazım olan, iş axtaran mənə yazır, gücüm çatan qədər kömək edirəm. Allah şahiddir ki, haram gəlirim yoxdur. Bunları fikirləşəndə, istəmirəm, namizədliyimi irəli sürəm. Birinə kömək edirsən, digəri narazı qalır, bu da pis effekt verir.

 

İlkin Pirəli

Tarix: 6 Fevral 2023, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin