BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ögey bacısının 252 min manat pulunu oğurlayan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda bacısının külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Mahir Əlizadənin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o , 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. M.Əlizadə məhkəmə iclas zalında həbs olunub.

 

İttiham aktına əsasən, oğurluq hadisəsi 2021-ci il iyunun 19-da paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, M.Əlizadənin ögey bacısı Lyudmila Əlizadə Nərimanov rayonu, Təbriz küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilindən Rusiyanın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola düşüb. Təqsirləndirilən şəxs isə zərərçəkmiş və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda kömək etmək adı ilə götürüb. O, həmin çantalar arasında olan kiçik əl çantasından L.Əlizadəyə məxsus 252 012 manat pulu oğurlayıb.

 

Daha sonra L.Əlizadə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

 

İstintaq tərəfindən M.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 8 Fevral 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin