BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanın müstəqil siyasi kursa malik olması Rusiyanın planlarını pozur” - RƏY

Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Azərbaycan dövlətinin prioritet hesab etdiyi sahələrdəndir. Azərbaycan qonşu ölkələrlə münasibətlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb və bu münasibətlərin yüksələn xətlə inkişafına diqqət göstərib. Ölkəmiz daim bütün dövlətlərlə, xüsusilə də, həmsərhəd olduğu ölkələrlə isti münasibətlərin inkişafında maraqlı olub.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva deyib ki, qonşu dövlətlərdən olan Rusiya Cənubi Qafqazda güclər balansında güclü oyunçudur.

Yeganə Hacıyeva: "Azərbaycana görə İranı sanksiyalar gözləyir"

Y.Hacıyeva bildirib ki, Azərbaycan da Rusiya ilə münasibətlərini məhz bu aspektin dəyərləndirilməsi üzərindən qurub: “Paralel olaraq son 30 ildə Azərbaycan torpaqlarının işğal olunmasında da Rusiyanın adı hallanıb. Baxmayaraq ki, üzdə Ermənistan rəhbərliyi və dövləti, erməni hərbi qruplaşmaları olub, amma onlara texniki, hərbi dəstəyi məhz Rusiya verib. 1990-cı illərdə torpaqlarımızın işğalında birmənalı Rusiya faktoru olduğu kimi, sonrakı mərhələlərdə də ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiya və Fransanın ümumi yanaşması məhz bu formatda hər hansı bir uğur qazanılması ilə bağlı bütün gözləntiləri heç edib. Elə ediblər ki, heç bir gözlənti olmayıb. Bizə bir mərhələdə - 2005 və 2010-cu illərdən sonra aydın idi ki, heç bir nəticə olmayacaq. Daha sonradan bizi hərbi əməliyyatlarda günahlandırmamaları üçün danışıqlar məntiqi sonuna yetməli idi. Nəticədə, 2020-ci ildə Ermənistan bir az daha uzağa getdi və müharibə başladı. Müharibədə və ondan sonrakı mərhələdə - son iki ildə Rusiya birmənalı Ermənistanın yanında oldu. Bizdə də “Rusiyanı dəstəkləyirik”, guya “Rusiya Azərbaycanı dəstəkləyir” deyənlər var. 44 günlük Vətən müharibəsindəki uğurumuzu Rusiyaya bağlamaq istəyən şəbəkələr, Rusiyanın buradakı nüfuzlu agentlikləri bundan geniş istifadə ediblər. Amma reallıq belə deyil. Bərdə, Gəncə, Tərtər, Xızı, Abşerona atılan ballistik raketlərin hamısı Ermənistanda 102-ci bazadan atılmışdı. Bunlar faktlardır. Qərarı Ermənistan dövləti versə də, “xidmət” 102-ci bazadan olmuşdu. Üçtərəfli razılaşmaların həyata keçirilməsi istiqamətində Rusiyanın öhdəlik və məsuliyyətlərinə sadiq olmaması Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu böyük risk altına qoydu. Bir müddət sonra Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlıları müddətləri bitən kimi Azərbaycan ərazisini tərk edəcəklər. Ermənistanda da Rusiya əleyhinə hansı mesajlar səslənir, görürük. Amma Ermənistan-Rusiya münasibətləri üzdə belə neqativ tonla davam etsə də, arxada fərqli tonlarda davam edir. Rusiya sanksiyadan yayınma yolu ilə Ermənistandan istifadə edir. ABŞ-ın, daha çox Avropa İttifaqının Rusiyaya sanksiya tətbiq etdiyi mal və materialların alışı Ermənistan tərəfindən ifrat yüksəlib. Bu, malların Ermənistan üzərindən Rusiyaya daşınması ehtimalını fikirləşməyimizə əsas verir. Bunun üçün ciddi əsaslar da var. Bu yaxınlarda Avropa İttifaqı hesabat yayıb ki, Rusiya hansı dövlətlər vasitəsilə Avropa İttifaqının sanksiyalarından yayınır. Bu siyahıda Ermənistanla Yunanıstan başda gedir”.

 

Politoloq Rusiya və Azərbaycanın qonşuluq əlaqələrinə də toxunub: “Rusiya Azərbaycanın qonşusudur. Bizə pozitiv münasibətlər göstərdiyi halda, əlbəttə, biz də bu münasibətlərə davam etmək istəyirik. Öz ərazimizdən Rusiyanın nə xeyrinə, nə əleyhinə istifadə ilə bağlı istəyimiz var. Rusiya istər Ermənistan, istər Avropa qurumlarındakı şəbəkələri vasitəsilə, yaxud İranla müştərək fəaliyyəti vasitəsilə Azərbaycan haqqında müəyyən risklər formalaşdırmağa cəhdlər edir. Ya da Ermənistanı deyil, Azərbaycanın danışıqlarda güzəştə getməsi üçün yollar axtarır”.

 

Politoloq Yusif Bağırzadə isə deyib ki, Rusiyanın Azərbaycana qarşı, ümumiyyətlə, Cənubi Qafqaz siyasətində böyük ölçüdə hər hansı bir real dəyişikliklər müşahidə olunmur:

“Cənubi Qafqazın əsas regional güclərindən biri olan Azərbaycan tarixən Rusiya ilə manafe toqquşması içərisində olub. Bu gün də davam edən proses Rusiyanın Azərbaycana qarşı ikili münasibət sərgiləməsi ilə müşahidə olunur. Tarixi və müasir geopolitik akspektdə Rusiyanın Azərbaycana qarşı mövqeyini formalaşdıran bir sıra səbəblər mövcuddur. Səbəblərdən biri budur ki, Rusiya hər zaman qonşularına münasibətdə imperiya maraqlarından çıxış edir. Azərbaycanın müstəqil siyasi kursu isə bu yanaşmaya ziddir. İmperiya maraqları Rusiyanı vadar edir ki, quru sərhədinə malik ölkələri öz təsir dairəsinə salsın. Rusiya Orta Asiya, Belarus və Ermənistan üzərində ciddi təsir gücünə malikdir və bu ölkələrdə öz istəyinə uyğun siyasi xətti asanlıqla müəyyən edir, bu ölkələri regional müstəvidə fort-post kimi istifadə edir. Lakin oxşar təsir gücü Azərbaycana qarşı münasibətdə Rusiyanın istədiyi nəticələri vermir. Azərbaycanın müstəqil siyasi kursa malik olması və qarşılıqlı münasibətləri öz milli mənafe pirinsipi əsasında dəyərləndirməsi Rusiyanın planlarını pozur. Sirr deyil ki, Rusiya üçün Cənubi Qafqaz hər zaman əsas təhdid mərkəzi olmaqda davam edir. Çünki Rusiya regionda məsələn, Uzaq Şərq və Orta Asiyada olduğu kimi tam söz sahibi ola bilmir. Bu isə Moskvanı hər zaman qıcıqlandırıb. Rusiya Azərbaycanı Türkiyə və Orta Asiya arasında körpü olaraq görür. Sərhədlərində türk kimliyinin güclənməsini və qarşılıqlı inteqrasiyanın genişlənməsini isə Rusiya özü üçün bir təhdid hesab edir. Çünki Rusiyada çoxsaylı türk mənşəli əhali yaşayır və bu xalqların ruslarla tək bağları ortaq ərazi amilidir”.

 

Y.Bağırzadənin sözlərinə görə, Rusiya başa düşür ki, Azərbaycan üçün bölgədəki ən yaxın müttəfiq Türkiyədir və bu yaxınlıq “türk kimliyinin” güclənməsini şərtləndirir, Orta Asiyanın və dolayısı ilə Rusiya Federasiyasının təməllərini sarsan etnik hislərin oyadılmasına rəvac verir: “Odur ki, bütün gücü ilə bölgəyə nəzarəti əldən verməmək və bölgə üzərindən öz geosiyasi maraqlarını reallaşdırmaq üzərində çalışır. Rusiya üçün bölgəyə nəzarəti əldə saxlamağın ən uyğun yolu isə Ermənistanla Azərbaycan arasında münasibətlərin bərpa olunmamasından, separatçıların gücləndirilməsindən və bununla da münaqişənin davam etməsindən keçir. Rusiya düşünür ki, separatçı rejimin süqutu, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması son nəticədə Rusiyanın regionu tamamilə tərk etməsi ilə nəticələnə bilər. Lakin rəsmi Moskva bir şeyi nəzərə almır ki, Rusiya artıq Cənubi Qafqaza təsir məsələsində tək deyil. Artıq onun geosiyasi rəqibləri var və onlar Azərbaycan - Ermənistan münasibətlərinə müdaxilə etməklə, Rusiyanın planlarına ciddi şəkildə maneə olurlar. Nəzərə alaq ki, həm ABŞ, həm də Avropa İttifaqı Rusiyanın regiondan sıxışdırılması üçün Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını davam etdirməkdə israrlıdırlar. Həm də prosesə müəyyən təsir imkanlarına malikdirlər. İkinci bir tərəfdən Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində ağır sanksiyalara məruz qalan Moskvanın resursları da artıq əvvəlki qədər deyil. Odur ki, həm Rusiya, həm də regionda marağı olan digər güclər nəzərə almalıdırlar ki, bu gün Cənubi Qafqazın geosiyasi reallığını formalaşdıran əsas güc mərkəzi Azərbaycandır və hansı ölkə olmasından asılı olmayaraq öz Cənubi Qafqaz siyasətində Azərbaycanın maraqlarını nəzərə almağa məcburdur”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 18 Mart 2023, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin