BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftin qiymətini qaldırmaq mümkün olmayacaq – SENSASİON PROQNOZ

OPEC+ anlaşması baş tutdu – may ayından başlayaraq hasilat günlük 10 mln. barel azalacaq (əgər azalsa). Səudiyyə və Rusiya hərəsinə 2,5 mln. barel, yerdə qalan ölkələr də müxtəlif kvotalarla 5 mln. barel hasilatı azaltmalıdır. Öncədən deyim ki, Liviya, İran, Venesuela ümumiyyətlə öhdəliklərdən azad edilib – onlar hasilatla bağlı istenilən qərar verə bilərlər. Meksikaya hasilatı 400 min azaltmaq təklif olunub, ölkə razılaşmayıb, hasilatı, maksimum 100 min barel azalda biləcəyini deyib. Digər xırda istehsalçıları sonra analiz edərik, gəlin hələ Səudiyyə və Rusiyaya baxaq. Hər iki ölkənin üzlaşmadığı məsələ hasilatın hansı səviyyədən götürüb azalmanı hesablama məsələsi idi. Səudiyyə deyirdi ki, bu gün mən 12 mln. barel neft hasil edirəm, 2,5 mln. azaldacam, hasilatı 9,5 mln. barelə salacam. Rusiya isə bununla razılaşmırdı, təklif edirdi ki, hasilatın azaldılması üçün səviyyə 1-ci rübün orta hasilat rəqəmləri götürülsün, sonda razılaşdılar ki, hər bir ölkə günlük 8,5 mln. barel neft hasil etsin, azalma hər ölkə üçün 2,5 mln. barel olsun.

İlk əvvəl onu deyim ki, birjalar OPEC+ qərarına inanmadı, qiymət bu gün də düşür. Hətta birjalarda olan “kağız neft”- iyun ayının fyuçers qiymətləri ilə bu gün spot bazarında satılan real neftin qiyməti arasında fərq hələ də, ortalama 10 dollardır – bu gün real satılan neft birja qiymətindən aşağıdır. Amma birjaları inandırmayan tək bu məsələ deyil: 1) Bu gün dünyada, ortalama 100 mln. barel neft hasil olunur, istehlak olan günlük həcm isə 70-75 mın. bareldir, deməli dünyada günlük 25-30 mln. barel artıq neft var. Real istehlak bundan da aşağıdır, sadəcə ucuz neft qiymətlərinə görə bütün ölkələr bazardan neft alıb anbarlara, rezervuarlara vururlar – Səudiyyə günü bu gün 15 dollara neft satır, Rusiya da öz neftini təxmini o qoymətə salıb. Yəni, həmin 75 mln barel günlük alınan neftin 20-30%-i istehlak üçün deyil də, ehtiyat üçün alınır, 2) Dünya neft anbarlarında, rezervuarlarında, təxminən, 1 mlrd. barellik yer qalıb - əgər real günlük istehlak artmasa (artan da deyil, çünki dünya karantindədir), 1 aya bütün anbarlar dolacaq. OPEC+ anlaşması isə hələ ancaq May ayında qüvvəyə minir – deməli, apreldə bütün ölkələr nəyi var istehsalı artıracaqlar ki, kvota dönəminə qədər sərbəstlikdən istefadə etsinlər. Birjalar bunu yaxşı bilir, ona görə də anlaşmaya inamsız yanaşır, 3) OPEC+ anlaşması, həm də bir aferistlikdir – neft hasilatı edən ölkələrin daxili təlabatı da kəskin düşüb – təyyarələri uçmur, maşınları şütümür, xidmət və bəzi istehsal sahələri qapalıdır. Həmin ölkələr kəsintiyə getdikləri hissə MƏHZ DAXİLİ təlabatda istifadə olunan hissədir – xaricə satdıqları hissədə çox cüzi azalma olacaq. Daha asan olsun deyə sadə izah edim – Rusiya bu hər gün 11 mln. barel neft istehsal edir, bunun 4,5 mln. bareli daxili təlabat üçündür, yerdə qalanını satır, May ayından günlük 2,5 mln. barel kəsintiyə getsə genə 8,5 mln barel neft hasil edəcək. Daxili istehlakı isə artıq 2,5 mln barel düşüb, yəni, 8,5 mln. barelin 6 mln. barelini yenə xaricə satacaq. Pandemiyadan əvvəlki dövrdə Rusiya zatən hər gün 6,5-7 mln. barel neft satırdı. Nə dəyişəcək ki, indi?! Düzdür, daxili təlabatın düşməsi hesabına bu gün 8 mln. satır, deməkli reallıqda xaricə satacağı neftin həcmi, ən yaxşı halda 1,5 mln. barel azalacaq – qısası, hasilatı 2,5 mln. barel azaldır, amma satacağı neft cəmi 1,5 azalacaq. Birjalar məhz bunu da hesablayırlar, digər istehsalçı ölkələrdə də aşağı-yuxarı vəziyyət belədir. Yəni, 10 mln. barel hasilat azalsa da, reallıqda dünyada satılan neftin həcmi ən yaxşı halda 5 mln. barel azalacaq, 4) Birjalar həm də ona görə bu anlaşmaya inanmır ki, nəzarət mexanizmləri zəifdir – Dünya elə hala gəlib ki, istənilən ölkə, istənilən müştərisini əldən çıxartmaq istəmir – ona görə də, müştəri tapsa OPEC+ zad vecinə olmayacaq, neftini satacaq, çünki satmasa bazarı, gəlirlərini daha çox itirəcək, 5) Birjalar daha uzağı hesablayırlar - əgər bütün neft anbarları dolsa, neftin istehlakı orqanik olaraq artmasa May ayında istehsalçılar pulsuz neft paylaya bilərlər – çünki, saxlama xərci hasilatın maya dəyərindən baha olacaq, həm də hasilatı tam durdurmaq mümkün deyil, bu zaman quyuları itirmək olar, onların bərpası daha böyük xərc tələb edəcək.

 

Bir qədər də neft bazarının yaxın taleyi haqqında fikirlərimi bölüşüm, keçin Azərbaycanın öhdəliklərinə - bu gün G20 ölkələrinin enerji nazirlərinin toplantısı var, çox güman, ordan da neft bazarına dəstək mesajları olacaq, sözlü müdaxilələr artacaq, amma real, işlək qərarların alınması mümkün görünmür. G20 ölkələrindən OPEC+ razılaçmasından kənarda qalan ABŞ, Kanada, Braziliya, Avstraliyadır – bu ölkəlrdə neft hasilatı dövlətin əlində deyil ki, qərar verib, əmr verib hasilatı sala bilsinlər. Amma, çox güman, neft istehsalçılarına dəstək proqramları qəbul edilə bilər, yəni, neft hasilatçıları artıq öz itgilərini sığorta şirkətkərində “hedging” etməyəcəklər – indiki durumda heç bir sığorta şirkəti bu risqə getməz, deməli “xecləşməni” (bizim dildə buna uyğun söz yoxdur), “hedging”-i dövlətlər öz üzərinə götürəcəklər.

 

Azərbaycan isə fantastik həcmdə hasilat azaldılması öhdəliyi götürüb – günə 164 min barel. Çox danışmayacam, Rövnəq müəllimə və Energetika naziri Pərviz Şahbazova 2-cə sualım var: 1) Azərbaycanda dövlət şirkəti olan SOCAR-ın günlük hasilatı cəmi 150-155 min bareldir, dövlət olaraq ancaq SOCAR-a əmr verə bilərlər ki, hasilatı azaldın, belə çıxır ki, SOCAR daha neft hasil etməyəcək?!, 2) Azərbaycanda neft məsələsi çox sərt kontraktlarla tənzimlənir Bp-nin operatoru olan ABƏŞ neftin 80%-dən çoxunu çıxardır, sual – Hökumət hansı mexanizmlərlə xarici ÖZƏL neft şirkətlərinə, “hasilatı azaldın”, deyəcək? Desə, həmin şirkətlərə kompensasiya ödəməli olacaqmı?! Ödəyəcəksə, hasilatı azaltmanın bizə nə xeyri var?!

 

Yekun – Dünyanın üzərinə vurulan qıfıl açılmasa, dünyada iqtisadi çarxlar yenidən yavaş-yavaş dönməyə başlamasa OPEC+ qərarları, G20 bəyanatları, Trampın tvitləri ilə, neftin qiymətini zorla qaldırmaq mümkün olmayacaq...

 

Natiq Cəfərli

 

İqtisadçı

Tarix: 10 Aprel 2020, 17:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin