BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

“Fazil bəyin başına gələnlər olduqca ciddi hadisədir. Bilirsiniz ki, o, çox ciddi, sözü açıq deyən adamdır. Hər zaman tənqid edilən tərəf bu terroru törədə bilər. Amma üçüncü tərəf də vəziyyəti gərginləşdirməkdən ötrü belə bir sui-qəsd törədə bilər. Dövlətimizə inanırıq ki, çox kəskin şəkildə hüquqi, siyasi müstəvidə bunun cavabı veriləcək. Biz də gizləmirik, hadisədən çox təsirlənmişik. Hesab edirəm ki, müvafiq qanunda nəzərdə tutulduğu kimi deputatlara silah verilməsi və onların təhlükəsizliyinin təmin olunması vacibdir. İnanırıq ki, dövlətimiz buna daha ciddi diqqət yetirəcək. Mən buna çağırıram. Heç kimə sirr deyil ki, tənqid edən deputatların özü də, ailəsi də səksəkədə yaşayır, narahat olurlar. Bəzən normal insan həyatı sürmürlər…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmır: “Vacib işim olmayanda Bakıda da tədbirlərə, işə və digər yerlərə çıxmıram. Yəni normal insan fəaliyyətinin 90%-i ilə məşğul deyiləm. Bilirsiniz ki, cənab Prezidentin 60 illiyində Azərbaycan korrupsionerlərini əjdahaya oxşadıb, onları məhv etməyə çağırandan sonra mənə qarşı təhdidlər oldu. Gəlib qapımızın ağzına əjdaha fiquru qoydular. Qeyd də yazmışdılar ki, bu əjdaha səni öldürəcək. Biz bunu bilə bilmərik. Mənim və qonşularımızın etirazına baxmayaraq, üçüncü mərtəbəmizdə hostel açdılar. Hətta adını “hotel” qoydular. Dəfələrlə tələb etməyimizə baxmayaraq, gücümüz çatmır. Hər gün yad adamlar pilləkənlə çıxıb-düşür. Nəzarət edə bilmirik. Bütün qonşuların narazılığını kiminsə maddi istəyi üstələyir. Açıq deyim, ailə üzvlərim belə bəzən baxırlar ki, görək pilləkəndə yad adam var, ya yox. Yəni insanların həyatı təhlükə altındadır. Təəssüf edirəm ki, əjdaha fiqurunu nümayiş etdirib, qorxmadığımı ifadə edəndən sonra məni necə təhqir etdilər, məsələni lağ obyektinə çevirdilər. Halbuki məsələ nə qədər ciddidir. Deməyim budur ki, bir sıra deputatlar normal həyat yaşamaqdan məhrumdurlar. Mən bundan çəkinmirəm, qorxmuram. 1990-cı illərdə başım çox çəkib. Hətta evlərimizə dəmir məhəccər vurmuşduq, ailə üzvlərimə güllə atılmışdı. Başımız çox çəkib, bunu yaşamışıq. Fazil bəyin başına gələn hadisədən istifadə edib, öz məsələm barəsində danışmaq istəməzdim. Şükür ki, Fazil Mustafanın səhhəti yaxşıdır. Ailəmlə birlikdə hamımız hədsiz həyəcan keçirmişik. Tədbirlə bağlı rayona getmişdim, təcili qayıtdım. Amma Fazil bəylə görüşmək mümkün deyil. Allahın izni ilə sağalıb, xəstəxanadan çıxacaq. Fazil bəyin prinsipial, savadlı insan olması bizim üçün məğrurluq mənbəyidir. Narahat olmasın, hamımız Fazil bəyin yanındayıq, onu müdafiə edirik. İnsanlar da bilsinlər ki, siyasi dünya görüşünə, nifrətə görə belə qanundankənar hərəkətlər edilməsi yolverilməzdir və dövlətimiz bunun cəzasını mütləq verəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Mart 2023, 14:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin