BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda “Prius”un sürücüsü bina sakinini ailəsinin gözü qarşısında döydü

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zəfər Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, şirkətlərdən birinin yaşayış kompleksinin həyətində qeydə alınıb.

 

Belə ki, Zəfər Qafarov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yaşayış kompleksinin həyətinə daxil olub. Bu zaman həmin həyətdə yaşayan zərərçəkmiş Layiq Qədimov (şərti) təqsirləndirilən şəxsə yaxınlaşıb avtomobili yaşayış kompleksinin həyətində uşaqların oynadığı yerdə park etməməsini xahiş edib. Zəfər isə zərərçəkmiş şəxsə kobud cavab verib və onların arasında mübahisə yaranıb. Daha sonra təqsirləndirilən şəxs hər kəsin yanında Layiqə nalayiq ifadələr işlədib, xuliqanlıq niyyəti ilə qəsdən yumruqla onun sifətinə bir neçə dəfə zərbə vurub. Zərbənin təsirindən zərərçəkmiş yerə yıxılıb. Nəticədə Zəfər Layiqə bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra Layiq Qədimov DİN-nin “102 xidməti”nə zəng edərək bu barədə məlumat verib.

 

Polis əməkdaşları tərəfindən saxlanılan Zəfər Qafarov barəsində Cinayət Məcəlləsinin xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: Hadisə zamanı Layiq Qədimovun həyat yoldaşı və iki azyaşlı övladı yanında olub.

 

Kamal Məmmədov

Tarix: 31 Mart 2023, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin