BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İran dövləti islah olan deyil, molla rejimi məhvə məhkumdur”

“İranın Quru Qoşunlarının komandanı Kiomərs Heydərinin Azərbaycana yönəlik təhdidləri qəbuledilməzdir. Bu, bir növ siyasi şantaj xarakteri daşıyır və bir daha onu göstərdi ki, İran molla rejimi öz siyasətində hər hansı dəyişiklik etməyib,  Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir. Əvvəllər də olduğu kimi şərin, işğalçının, düşmənin yanındadır və onun mənafelərindən çıxış edir, Ermənistanı ermənilərdən daha çox sevdiyini nümayiş etdirir. Birincisi, Azərbaycan heç bir qonşu dövlətin ərazi bütövlüyünə yönəlik hər hansı addım atmır, hansısa dövlətin ərazi bütövlüyünü təhdid etmir, belə bir hal yoxdur. Azərbaycan Cənubi Qafqazda hansısa dövlətin sərhədini dəyişdirmək istəmir, biz belə siyasət aparmırıq. İkincisi, İranın “sionist rejim” dediyi İsraillə bağlı Azərbaycan ərazisində hər hansı İsrail quruplaşması, İsrailin maraqlarını müdafiə edən hərbi kontingent, İsrailin hərbi bazası yoxdur. Bu, köhnə nağıldır, hətta 1990-cı illərin əvvələrindən molla rejiminin Azərbaycana qarşı irəli sürdüyü vaxtaşırı tələblərdən biri də budur...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat vurğulayıb ki, Azərbaycanda İsrailin hər hansı bazasının, kontingentinin olmadığını İran özü də bilir: “Sadəcə, İran Azərbaycan-İsrail münasibətlərinin normallaşmasına, diplomatik, iqtisadi münasibətlərimizin yüksələn templə inkişaf etməsinə qısqanclıqla yanaşır. Biz uzun illər ərzində bəzi həssas məqamları nəzərə alaraq, İsraildə səfirliyimizi açmadıq. Lakin iki gün əvvəl İsraildə səfirliyimiz açıldı və İran mollaları bunu özlərinə qarşı həqarət kimi qəbul edirlər. Bu isə XXI əsrdə normal yanaşma deyil. Digər cəfəngiyyat iddia isə guya Suriyadan gətirilmiş terrorçuların Azərbaycan ərazisində hələ də qalmasıdır. 44 günlük müharibə ərəfəsində guya Azərbaycan Suriyadan, Yaxın Şərq ölkələrindən terrorçular gətimişdi və onlar hələ də Azərbaycan ərazisində qalmağa davam edirlər. O qədər absurd, cəfəng fikirdir ki, buna İranın özündən və ermənilərdən başqa heç kim inanmır. Sadaladığımız üç məqamı İran generalı Azərbaycana qarşı irəli sürür. Bu, bir daha göstərir ki, İran dövləti islah olan deyil, molla rejimi məhvə məhkumdur. Belə bir qonşu ilə nəinki hansısa iqtisadi, siyasi, mədəni əlaqələrin bərpasından danışa bilərik, ümumiyyətlə bu ölkənin apardığı siyasət anti-bəşəri, anti-insani, anti-İslami siyasətdir. İranın absurd bəyanatlarını şiddətlə qınayıram və bu bəyanatların heç bir əsası olmadığını gözəl bilirik”.

 

N.Məhəməliyev əlavə edib: “İran generalının bəyanatı bir daha göstərir ki, İran dövləti Qafqaz bölgəsində dayanıqlı sülhün əldə olunmasında nəinki maraqlı deyil, birbaşa əngəldir. Zəngəzur dəhlizinin açılmasında da İranın mövqeyini çox gözəl gördük. Elə ilk andan ən böyük maneə də məhz İrandır. Ermənistana, Ermənistandakı revanşist  qüvvələrə, daşnak millətçilərinə də zəhəri molla rejimi verir, başqa adı yoxdur. Buna adekvat olaraq, təbii ki, öz siyasətimizi aparırıq. Bir nüansı xatırlatmaq istəyirəm. Sözüm daxilimizdəki İranmeyilli, İrana kortəbii şəkildə inanan vətəndaşlarımızadır. Biz zəkanın, yüksək texnologiyaların, elmin yanında olmalıyıq. O elm, zəka, müasirlik, dünyəvilik isə İrana aid deyil. Bizim aydınlarımız - Mirzə Fətəli Axundovdan tutmuş Mirzə Cəlil, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, digər Cümhuriyyət qurucularına qədər hamısı ömürlərini həsr ediblər ki, Azərbaycan xalqı cəhalətdən, mövhümatdan, xurafatdan uzaq olsun, təhsilə yiyələnsin. Onlara əks qüvvələr - İranın 200 ildən bu tərəfə ixrac etdiyi Şeyx Nəsrullahlar, Molla İbrahimxəlil Kimyagərlər, daxilimizdəki düşmənlər, İrana qulluq edən zümrə, din dəllalları çox böyük təhlükədir. Bunu Fazil Mustafa təcrübəsində də gördük. İki yolumuz var: biri cəhalət, xurafat, mövhumatdır, digəri isə elm, təhsil, inkişaf, yeni yüksəktexnologiyalar, süni intellektdir və bu da İsrail tərəfdədir. Bizim yolumuz işığa, zəkaya doğru olmalıdır. İranın həyasızlığını bu yöndə təbliğ etməliyik”.

 

Aytəkin Qardaşova

Tarix: 31 Mart 2023, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin