BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Dayımın 70 illik yubileyində dedim ki, səni Qarağacı qəbiristanlığında dəfn edim, hamının xətrinə dəydi” - MÜSAHİBƏ

Aprelin 1-də Milli Məclisin deputatı Aqil Abbasın 70 yaşı tamam olur.

 

Pravda.az Aqil Abbasla müsahibəni təqdim edir.

 

- Aqil müəllim, sosial şəbəkələrdə yubileyinizlə əlaqədar haqqınızda çox maraqlı paylaşımlar oldu. Bir arzu diqqətimizi çəkdi —  “Aqil Abbas, səni görüm Ağdamda öləsən...” Bundan incimirsiniz ki?

 

- Qızım, onu ilk dəfə mən arzulamışam, qəzetdə də yazmışam. Dayım var idi, 70 illiyi idi. Ona ad günü keçirirdim. Gözəl bir ad günü idi, yüzdən çox adam dəvət etmişdik. Qohum-əqrəba, müğənnilər, sənətkarlar. Dayıma çox sağlıqlar deyildi. Mən də durub dedim ki, dayı, sənə nə arzulayım bu əziz gündə? Dayı, səni çiynimdə Qarağacı qəbiristanlığına aparım, səni Qarağacı qəbiristanlığında dəfn edim. Dayı, sənə Qarağacı qəbiristanlğında ağlayım… Bunları dedim, hamının xətrinə dəydi, elə dayımın da. Dedi ki, Bu nə arzudur? Amma o da öldü, Badamdarda dəfn etdik. Halbuki ona ömür arzulamışdım ki, Ağdamı görsün. Qarağacı Ağdamda yerləşən məşhur böyük qəbiristanlıqdır. Demək istəmişdim ki, Ağdam azad olunsun, ora gedə bilsin, öləndə də aparaq orada dəfn edək. Bu arzunu Ağdam işğal altında olanda etmişdim. Amma o vaxt bunu başa düşməmişdilər. İndi də həmin arzunu mənə, deyəsən, Elgün Gəncimsoy yazıb. Çox düz edib. Mən də özümə bunu arzulayıram ki, oğlanlarım məni çiyinlərində aparsınlar, Qarağacıda anamın, qardaşımın yanında dəfn etsinlər. Bundan gözəl arzu olar? Gözəl arzudur. Bütün ağdamlılara arzulayıram ki, balalarının çiynində getsinlər Qarağacı qəbiristanlğında, doğulduqları yerlərdə dəfn olunsunlar.

 

- Dostlarınız çoxdur, bəs düşməniniz var?

 

- Mənim düşmənim yoxdur, qızım. Düşmənim var — ermənidir, erməni tərəfində durandır, torpağımı işğal edəndir, evimi yandırandır, insanlarımızı qırandır. Mənim nə düşmənim olacaq? Kimsə özünü mənə düşmən hesab edirsə, bu, onun şəxsi işidir. Mən düşmənimi də bağışlayıram. Mənə düşmənçilik edən adamların hamısını bağışlamışam. Özü bilər, Allahı bilər. Özü mənə düşmənçilik edib. Peyğəmbərimiz həmişə ona pislik edənlərə də yaxşılıq edərmiş. Deyirmişlər ki, niyə belə edirsən? Peyğəmbər də deyirmiş ki, o, pislik etməkdən yorulmayıb, mən yaxşılıq etməkdən yorulacam?

 

- Bu gün yubileyinizi necə qeyd etməyi planlamısınız?

 

- Sadə şəkildə. Bu gün evimə kim gələrsə, gələr. Bacım, qardaşım, nə bilim, qohum-əqrəba… Amma təmtəraqlı şəkildə qeyd etmirəm…

 

- Sizi ilk kim təbrik etdi?

 

- İlk təbrik edən Aydın Alıyev oldu, mənim ağsaqqalım…

 

- Bəs həyat yoldaşınız İradə xanım sizi necə təbrik etdi, nə hədiyyə alıb?

 

- Onun özü mənə hədiyyədir dana, nə hədiyyə alacaq? (gülür)

 

- Ümumiyyətlə, həyata keçməyən arzunuz qalıb?

 

- Həyata keçməyən…. (düşünür) Mənə belə gəlir ki, qalmayıb. Ən böyük arzum Ağdamı, Şuşanı, Kəlbəcəri görmək idi, görmüşəm. İndi həyata keçməyən bir arzum qalıb. Ağdamda kitabxana tikmək istəyirdim. Şəxsi kitabxanam var, camaat üçün, el üçün. Birini doğulduğum Ağcəbədinin Boyat kəndində tikmişdik. 35 il bundan qabaq — 1988-ci ildə. Birini də Ağdamda tikdirmək istəyirəm. Allah o arzuma da çatdıracaq. Ayrı nə arzum olacaq?

 

- Son olaraq gənclərə nə tövsiyə etmək istərdiniz?

 

- Kitab oxusunlar, kitab! Elmlə məşğul olsunlar. Ağıllı olsunlar. Ailələrinin, valideynlərinin, dostlarının, millətin qədrini bilsinlər. Gözəl gəncliyimiz var. Üç mini bu Vətən yolunda getdi, canını qurban verdi. Beş-altı mini də əzasını itirib. Belə gəncliyimiz var. Onlara arzulayıram ki, xoşbəxt olsunlar. Təbrik edən hər kəsə təşəkkür edirəm…

 

Aytəkin Qardaşova

Tarix: 1 Aprel 2023, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin