BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: Mərkəzi Bank səriştəsiz qurumdur

"Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) çox səriştəsizdir".

 

Pravda.az xəbər verir ki, bu sözləri sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib.

 

Onun sözərinə görə, AMB-nin sığorta mövzusu ilə bağlı bu günə qədər qəbul etdiyi bütün qərarlar mübahisəli olub və biz məsələləri ictimailəşdirdikdən sonra AMB öz sözünü geri oxuyub:

 

"Məsələn, avtonəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı, mülki məsuliyyətin icbari sığortası ilə bağlı əvvəl onlayn sistemi dayandıraraq sığorta şirkətlərinə həvalə etdilər. Buna görə də ilk dəfə olaraq sığorta tarixində rüşvət və korrupsiya halları baş verdi. Bu nə idi?! Məsələn, vətəndaş avtomobilini sığorta etmək istəyir, çünki bu məcburi haldır. Əks təqdirdə kameralar vasitəsilə avtomobilə 50 manat cərimə yazılır. Sığorta sistemi işləmədiyi üşün də vətəndaşı bir adamın yanına yönəldirlər. Həmin o adam da deyir ki, sığorta qiyməti 60 manatdır əlavə olaraq da bizim xidmət haqqına görə 10 manat ödəməlisiniz. Bununla bağlı AMB-yə müraciət etdikdə dövlət qurumu cavab olaraq bildirir ki, “biz bu məsələni 15-30 gün müddətinə araşdıracağıq”.

 

Axı vətəndaşın o qədər vaxtı yoxdur. Avtomobil hərəkətə keçən zaman birbaşa cərimə yazılır. Ona görə də vətəndaş əlavə 10 manatı verməyə razı olur ki, 50 manat məbləğində cərimələnməsin. Biz bununla bağlı AMB-yə müraciət etsək də, dövlət qurumu belə halların olmadığını bildirdi. Sonra da biyabırçı şəkildə dedi ki, "əgər belə hallar varsa, vətəndaşlar bizə müraciət etsin". Vətəndaşlar da bir neçə dəfə AMB-yə müraciət etdilər və gördülər ki, bu şikayətlərə baxılmır ondan sonra da heç kim onlara müraciət etmədi. Buna görə də AMB tərəfi çıxıb deyirdi ki, bununla bağlı heç bir problem yoxdur və s. Bundan sonra ortaya çıxdı ki, kimsə bu haqda danışmalıdır. Amma heç bir ekspert bu haqda danışmaq istəmədi, çünki əksər ekspertlər sığorta şirkətlərinin əməkdaşlarıdır. Onların AMB haqqında danışması sonradan sığorta şirkətinə problemlər yarada bilər. Daha sonra biz dövlət televizyası ilə birlikdə monitorinqlər apardıq və məlum oldu ki, vətəndaşlar da bu məsələlərdən narazıdır. Həmin gündən sonra AMB tərəfi əl-ayağa düşərək yanvar ayının 20-dən sonra onlayn sistemin işə düşəcəyini bildirdi. Yəni, AMB bu qədər səriştəsizdir".

"Hətta dövlət televiziya kanalında iqtisadi veriliş aparan AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyevin bu məsələlərdən xəbəri yox idi.

 

AMB vətəndaşın yox, birbaşa sığorta şirkətlərinin tərəfini tutur. Çünki, İcbari Sığorta Bürosunun (qısaca – İSB) Himayəçilər Şurasında 3 nəfər sığorta şirkətlərinin, 2 nəfər isə AMB-nin nümayəndəsidir. Bütün məsələlərə isə bu şəxslər “nəzarət” edir. Praktikada isə bu şəxslər nəzarətdən başqa qeyri-rəsmi işlər görürlər.

 

Hazırda sığorta agentləri ilə bağlı problemlər var. AMB requlyatordır. AMB sığorta agentlərinə lisenziya verən tərəfdir. Onlar ödəniş əsasında imtahan keçirir və ondan sonra sığorta agentlərinə lisenziya verir. Bu gün avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasın üzrə ödənişlərində sığorta agentlərinin komissiyalarını sığorta şirkətləri vermir. Qanunda qeyd olunur ki, 15 faizədək sığorta agentlərinə ödəniş verilə bilər. “Verilə bilər” sözünü rəhbər tutan sığorta şirkətləri də bildirir ki, o zaman biz vermirik. Bu məsələni də AMB həll etməlidir. Çünki, AMB burada tənzimləyici qurumdur. Eyni zamanda antiinhisarla bağlı siyasəti həyata keçirir. Kim ki, burada birləşmə yaradaraq agentlərin komissiyasını ödəmirsə, bu məsələni AMB tənzimləməlidir. AMB isə demək olar ki, heç bir tənzimləmə işləri aparmır. Əgər AMB tərəfindən nəzarət olunsa, belə böyük məsələlər ortaya çıxmaz.

 

Sığorta şirkətləri bir yanda qalıb, sığorta agentləri şirkətlərin məhsullarını satır. Bu şəxslərin isə hansısa sığorta şirkətlərində işləməsi mümkün deyil. Ya bu agentlər lisenziyasından əl çəkib hansısa şirkətdə işləməli, ya da fərdi şəkildə agent kimi fəaliyyət göstərməlidir. Bu da çox sərt bir qərardır. AMB-nin baş direktoru Ziya Əliyev biyabırçı şəkildə çıxış edərək bildirdi ki, bu məsələni bazar özü tənzimləyəcək. Bildirdi ki, sığorta agentləri başqa yerdən pul qazanmalıdır. Məsələn, könüllü sığortadan və s. O zaman da Z.Əliyevə bir sual ünvanladım ki, axı bu icbari sığortanı sığorta şirkətləri yox, dövlət yaradıb. Və dövlət də bunu sosial məqsədlərlə yaradıb. O zaman bu İSB-ni versinlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (qısaca – ƏƏSMN). Necə ki, icbari şəxsi sığortaları ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) verdilər.

 

Sığorta şirkətləri və AMB öz aralarında qeyri-rəsmi birlik yaradaraq “sığorta agentlərinə faizlər ödənilməyəcək” kimi fikir ortaya qoydu. Aprel ayının 1-də AMB-nin baş direktoru Ziya Əliyevin çıxışından sonra hamı bu məsələyə qarışdı və bu məsələ nəzarətə alındı. Bundan sonra isə sığorta şirkətləri agentlərə məktub ünvanlayaraq ödənişləri sıfırlamağı aradan qaldırdı və həmin tarixdən etibarən əvvəlki qaydada faizlərin ödənilməsi qərarı verildi. Yəni, Z.Əliyev də öz sözünü geri oxumuş oldu.

 

AMB iki dəfə verdiyi qərarı geri oxuduqdan sonra da ortaya məsələ çıxır ki, AMB-də bu işlərə baxan şəxslər naşıdır. Bəs niyə AMB bu vəzifələrə normal savadlı şəxsləri cəlb etmir?! Məsələn, Vüsal Qurbanov, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun qardaşıdır. Bu şəxs əvvəl dərman satan olub. İndi isə AMB-də Sığorta fəaliyyətinə nəzarət departamentinin direktorudur. Adam işini bilən olsa, belə məsələrlə bağlı biyabırçılıqlar olmazdı”.

Tarix: 6 Aprel 2023, 18:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin