BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibkarlara MÜRACİƏT

Koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

 

Pravda.az-ın xəbərinə görə, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi, vergi ombudsmanı Elçin Məmmədov vergi ödəyicilərinin elektron xidmətlərdən daha çox faydalanmaları ilə bağlı müraciət edib.

 

E. Məmmədov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar vergi orqanları qarşısında duran vacib məsələlərdən biri də vergi ödəyiciləri ilə lazımi səviyyədə kommunikasiyanın yaradılmasıdır: “Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, vergi ödəyicilərinə həmin mərkəzlərdə təqdim olunan bütün xidmətlər elektron formada davam etdirilir. Təqdim edilən elektron xidmətlər haqqında məlumat Vergilər Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib. Hazırda vergi ödəyiciləri tərəfindən ən çox müraciət Çağrı Mərkəzinə daxil olur. Mərkəz tərəfindən karantin dövrünə qədər zənglərin 99 faizi cavablandırılsa da, karantin dövründə zənglərin sayı kəskin artıb və bu rəqəm indi təxminən 45-50 faizə enib”.

 

E. Məmmədov “ASAN imza”ların verilməsi ilə əlaqədar olaraq daxil olan müraciətlər haqqında da məlumat verib. Bildirib ki, “ASAN imza”nın verilməsi ilə bağlı qaydalara əsasən vergi ödəyicisinin vergi orqanına gəlməsi və onun imzası tələb olunurdu. Lakin yaranmış vəziyyətlə əlaqədar olaraq Vergilər Nazirliyi “ASAN imza”nın verilməsini tamamilə elektronlaşdırıb. Son günlərdə vergi ödəyicilərinə elektron qaydada təxminən 7000 “ASAN imza” təqdim edilib. Bununla yanaşı, etibarlılıq müddəti bitən “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirilib.

 

E. Məmmədovun vergi ödəyicilərinə müraciətində Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən yararlanmaq tövsiyə olunur. Bu həm vergi orqanlarının işi, həm də vergi ödəyicilərinin təhlükəsizliyi üçün faydalıdır.

Tarix: 18 Aprel 2020, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin