BURADA REKLAMINIZ OLA
BİLƏR

Cümşüd Nuriyev: “Yaxşı olar ki, Əli Kərimli siyasətin əlifbasını öyrənsin, hələ gec deyil”

“Birincisi, Əli Kərimlinin politologiyadan xəbəri yoxdur. İkinicisi, Kərimlinin yadına salmaq istəyirəm ki, heç olmasa xatırlasın - dualizm ideyasının əsasında Avrasiya yaranıb. Dualizmin banisi Lev Qumilyovdur. Azərbaycanda isə bunu Aydın Məmmədov gündəmə gətirmişdi. Hələ ötən əsrin 60-cı illərində xristian-İslam dualizm mədəniyyətinin əsasında Avrasiya dünyanın ən böyük materiki olduğuna görə İslam və xristianlıq bir araya gəldi. Bizim dildə multikultural mədəniyyət məsələsi var, Azərbaycan bunu artıq edib. İdeyanın müəllifi Qumilyovdur və onun siyasi cəhətini gündəmə gətirən Nazarbayev idi. Üstəlik, Azərbaycan istənilən inteqrasiya prosesinin, istənilən beynəlxalq təşkilatın üzvü olsa belə, bunun SSRİ ilə heç bir əlaqəsi yoxdur. Cənab Kərimli bilsin ki, milli maraqlar nəzəriyyəsi 1947-ci ildə ABŞ tərəfindən qəbul olunub və həmin nəzəriyyədə dövlətin maraqlarına daxil olan hər bir xırda şey, dövlətə müsbət imic gətirən hər hansı nəsnə həmin dövlətin milli maraqlarına daxildir. Azərbaycan üçün yaranan platformada İlham Əliyev Nikol Paşinyanı məcbur etdi ki, Qarabağla birlikdə Azərbaycan ərazisini tanıdığını, Azərbaycanın birmənalı şəkildə müharibəni qələbə ilə başa vurmasını rəsmən qəbul etdiyini elan etsin. Bu, məğlub olmuş bir liderin qalib gəlmiş lider qarşısında siyasi cəhətdən yenidən öz məğlubiyyətini etiraf etməsidir”.

 

Bu sözləri Pravda.az-a sabiq deputat, politoloq Cümşüd Nuriyev AXCP-nin sədri Əli Kərimlinin liderlərin Moskva görüşü barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

 

“Azərbaycan heç vaxt bəyan etməyib ki, Avrasiya Birliyinin üzvü olacaq. Belə bir ideya yoxdur, amma gələcəkdə Azərbaycan, hətta Avrasiya Birliyinin üzvü olsa belə, MDB-dən uzağa getməyəcək. Bu, hərbi blok deyil. Azərbaycan Qoşulmama Hərəkatının da üzvüdür, amma hər hansı hərbi blokda iştirak etmir. Hətta baxın, qardaş Türkiyə ilə bağlanmış Şuşa bəyannaməsinin özündə belə hərbi çalarlar çox olmasına baxmayaraq, bu günə qədər Azərbaycan öz hərbi doktrinasına dəyişiklik etməyib ki, Türkiyə Ordusunun Azərbaycan ərazisində hərbi bazası olsun. Yəni Azərbaycan, hətta qardaş Türkiyə dövlətinə qarşı öz bitərəfliyini qoruyub-saxlayır. Bilmirəm, Əli Kərimli bunu hansı kitabdan oxuyub, amma yaxşı olar, getsin əvvəlcə bir az “Politologiyanın əsasları”nı oxusun, sonra dövlət idarəçiliyi nədir, öyrənsin, bəlkə, bundan sonra İlham Əliyevin fəaliyyətinə qiymət verməyə ən azı mənəvi gücü çata bilər. Əli Kərimlinin dedikləri, vallah, dedi-qodudan başqa bir şey deyil. Dediklərinin arxasında heç bir elmi əsas yoxdur”, - o deyib.

 

C.Nuriyev əlavə edib: “Bütün dünya bilir ki, istənilən inteqrasiya təşkilatında bu və ya digər statusda olmaq olar. Məsələn, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı yanında statusu dialoq üzrə müşahidəçidir, Təşkilatın üzvü deyil ki. Əli Kərimliyə xatırladıram, yaxşı olar, buna da baxsın - Hindistan, Brazilya Rusiya ilə birgə BRİCS-in üzvüdür. Amma eyni zamanda bu dövlətlər Qoşulmama Hərəkatındadırlar. Bu adam dövlətin hərbi statusu ilə siyasi statusunu bir-birindən ayıra bilmir. Özü hüquqşünas olsa da... Buna görə də Əli Kərimlinin Azərbaycan Prezidentini ittiham etməsi savadsızlıqdan başqa bir şey deyil. 58 yaşı var, pensiya yaşına hələ qalıb, yaxşı olar, bu müddətdə siyasətin əlifbasını öyrənsin, hələ gec deyil”. 

 

C.Nuriyev bildirib ki, Rusiya Ukraynada qələbə qazansa, bu, Azərbaycan üçün çox yaxşı olar: “Amma Rusiya qələbə qazanmayacaq. Üstəlik, Rusiya və Ukrayna arasındakı beynəlxalq bir oyundur. Bu oyunun arxasında Amerika və Qərb dövlətləri durur. Əsas məqsəd Rusiya ilə Çini bir-birindən ayrı salmaqdır. Amma bu, o qədər də alınmadı. Əli Kərimli bilməlidir ki, Rusiya dünya resurslarının 21%-nə nəzarət edir. Belə bir dövlətin çöküşü uzunmüddətli olacaq. Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, Azərbaycan ötən il 22 fevralda Rusiya ilə bağladığı 43 bənddən ibarət əməkdaşlıq bəyannaməsi ilə özünü sığortalayıb. Hətta Azərbaycan onu ratifikasiya da etdi. Yəni beynəlxalq hüquqa görə, Azərbaycan-Rusiya münasibətləri bərabər əməkdaşlıq səviyyəsindədir. Əli Kərimli isə dövlətin statusunu bilmir. Əgər Rusiya bilsəydi ki, Azərbaycan balanslaşmış siyasətinə görə özünü Rusiya ilə eyni səviyyədə görür, onda bu addımı atmazdı. Deməli, hazırda Azərbaycan Rusiyanın xilas yoludur, eyni zamanda Türkiyə ilə arasında bir əlaqədir, Avropaya yenidən çıxışına yoldur. Buna görə də Azərbaycan-Rusiya münasibətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq heç vaxt Rusiya Azərbaycanı ya Gürcüstanın, ya Ermənsitanın gününə sala bilməyəcək. Başa düşürəm, Əli Kərimlinin “ağaları” Vaşinqtonda oturub. Vaşinqton narahatdır ki, birdən Azərbaycan Qərbi buraxıb gedər Rusiyadan yapışar. Belə bir şey olmayacaq. Əli Kərimli heç olmasa diqqətlə oxusun, ötən il 28 mayda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin önündə İlham Əliyev birmənalı şəkildə dedi ki, bizə əmanət qalmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini qoruyacağıq, heç kimin qulu olmayacağıq. İlham Əliyev belə bir fikir söyləyibsə, hamı bilir ki, o, sözündən dönən siyasətçilərdən deyil. Əli Kərimli özünü İlham Əliyev statusunda görmək istəyirsə, problem deyil. Çünki müxalifətin özünü yuxarılarda görmək xəstəliyi var. Əli Kərimli özünü heç vaxt İlham Əliyevlə müqayisə etməsin. İlham Əliyev təhsilindən başqa, həm də Heydər Əliyev akademiyasını bitirib. Əli Kərimli hansı akademiyanı bitirib? Vaşinqtondakı “akademiya”nı bitiribsə, o, bir işə yaramır. Bunlar qocaldılar, hələ də “bəlkə də qaytardılar” siyasəti ilə yaşayırlar. Azərbaycan dövlətinin milli maraqlarına xidmət edən bütün addımları İlham Əliyev atır. Mənim iqtidara münasibətim birmənalı deyil, narazılığım var, amma Əli Kərimli əvvəlcə getsin öyrənsin ki, dövlət nədir, hakimiyyət nədir, iqtidar nədir. O, iqtidarla dövlət arasında bərabərlik işarəsi qoymaqla ən böyük yanlışlığı, səhvini edir. Azərbaycan iqtidarı hakimiyyətdədir, amma hələ dövlət deyil. Adam bunu başa düşmürsə, İlham Əliyevi tənqid edirsə, ona hücum edirsə, vallah, bu, xəstəlikdir. Getsin əvvəlcə özünü müalicə etsin, bundan sonra onun fikirlərini qəbul edərəm”.

 

Aytəkin Qardaşova

Tarix: 26 May 2023, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin