BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir-biri ilə yanaşı olan “Xosrov bəy Sultanov”, “Zəngəzur” və “Qarabağ” sözləri həm ermənilərə, həm bizə, həm də bütün dünyaya ciddi mesaj verir - RƏY

44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ı təmin etmək Azərbaycan dövlətinin qarşısında duran əsas hədəflərdən ibarətdir. Sevindirici haldır ki, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə də qayıdışı başlanıb. Birinci mərhələdə şəhərə 20 ailə, ümumilikdə 97 nəfər köçürülüb. Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərinin açarlarını onlara təqdim edib. Ölkə başçısı çıxışında bildirib ki, ilk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Laçında bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620 fərdi yaşayış binasıdır. 9 çoxmənzilli binada isə 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Müharibənin başa çatmasından az vaxt keçməsinə baxmayaraq, Qarabağda bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinin böyük qismi həyata keçirilib.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib ki, əslində “Böyük Qayıdış” Qarabağda azərbaycanlıların məskunlaşma planının əsas hissəsidir.

 

 

Deputat bildirib ki, prosesin Laçında da başlaması olduqca vacibdir:

 

“Bundan əvvəl Zəngilanın Ağalı kəndinə köçürülmə başlamışdı. Amma Laçın “Böyük Qayıdış” prosesində vacib məntəqələrdən biri kimi, həm də yola nəzarət baxımından Azərbaycan üçün əsas strateji əhəmiyyətə malikdir. Əlbəttə, Qarabağa qayıdış davam edəcək. Kəndlərin birləşdirilməsi, konkret təməlatma mərasimlərinin keçirilməsi, müddət qoyulması, bu müddət ərzində kəndlərin yaşayış üçün hazır infrastruktura malik olması - bütün bunlar “Böyük Qayıdış” proqramının nə dərəcədə həssaslıqla gerçəkləşdiyini göstərir. Biz bu prosesə bütövlükdə Azərbaycanın maraqlarını əsas götürərək davam etməliyik. Əminəm ki, Azərbaycan əhalisi yaxın gələcəkdə bütün Qarabağda tam məskunlaşmış vəziyyətdə olacaq”.

 

Tanınmış yazıçı Şərif Ağayar isə Laçına “Böyük Qayıdış”la bağlı fikirlərini belə ifadə edib: 

 

 

“Əslində, mən Laçına çoxdan qayıtmışam. 2020-ci il dekabrın 1-də Laçın azad olunub. Sevindirici haldır ki, Laçın müharibəsiz azad olundu. Düzdür, ilk dövrlər aşağı kəndlərdə - Qubadlı tərəfdə, Güləbirddə bir az müharibə getdi, amma Laçının əsas hissəsi qansız-qadasız, bir güllə səsi belə eşidilmədən azad olundu. Mən isə bu tarixi hadisədən artıq dörd ay sonra Laçında idim. 2021-ci il martın 22-də Novruz bayramında mən kəndimizdə, öz həyətimizdə idim. Tale mənə belə bir fürsət qismət etdi. Bizim kənd Laçın şəhərindən 60 kilometr şimaldadır. Hazırda 20 ailənin köçürüldüyü yer Laçın şəhərinin özüdür. Şəhər cənub hissədə, keçmiş dəhlizdədir. Bizim kəndlər isə yuxarıda, Dəlidağa, Kəlbəcərə, yəni yaylaqlara tərəfdir. Mən elə bu günlərdə Prezidentin Laçındakı nümayəndəsi hörmətli Məsim Məmmədovun qəbulunda oldum. Ora nəsə istəməyə getməmişdim, hətta bu, Laçına getmək üçün müraciət də deyildi. Çünki biz qardaşımla birgə arı təsərrüfatı kimi qeydiyyatdan keçmişik, elə bu günlərdə bir daha Laçına gedəcəyəm. Məsim Məmmədovun yanına getməyim tanışlıq xarakterli idi. Biz qiyabi tanış idik.  O, Laçına gedən kimi orada doğulan ədəbiyyat, mədəniyyət adamları ilə maraqlanmışdı və bu vəsilə ilə məni də təqdim etmişdilər. Sevindirici haldır ki, Məsim Məmmədov mədəniyyətə ciddi önəm verən adamdır. Bunun nəticəsidir ki, hazırda Laçında Bakı Abadlıq şirkətinin iştirakı ilə “Hoçaz Film” yaradılıcılıq studiyası fəaliyyətə başlayır. Bu studiyada əsasən laçınlılar işləyir. Layihələrdə də çalışırlar ki, yerli insanlar olsun. Buna görə mənimlə də əməkdaşlıq edirlər. Misal üçün, bu günlərdə “Laçınım mənim” mahnısını yenidən, qələbə ruhunda təqdim etdik. Mahnının sözlərinin yazılmasına və dəyişməsinə mən də köməklik etdim. Düşünürəm, maraqlı alındı. “Youtube”da da insanların marağına səbəb olub. Məhəbbət Kazımovun ifasında geniş dinləyici kütləsi qazanan və sevilən mahnını yeni aranjimanda və yeni sözlərlə təqdim etmək böyük məsuliyyətdir. Sevinirəm ki, yaxşı qarşılandı. Mahnının “ARB” kanalında təqdimatı da keçirildi. Mən İçərişəhərdə keçirilən V Milli Kitab Sərgisində iştirak etdiyim üçün proqrama qatıla bilmədim, lakin adım qeyd olundu. Bəstəkar Asif Kərimov peşəkarcasına işləyib.  Ehtiram Hüseynov, Murad Laçınlı, aşıq Sahil Qurbanov və başqalarının ifa etdiyi bu mahnı Laçına qayıdışın simvoludur. Ölkə baçısı da Laçınla bağlı sözün əsl mənasında səxavətlə iş görür. Mən çox məsələlərlə, xüsusən daxili siyasətlə bağlı tənqidi fikirlərimi deyirəm. Amma ədalət naminə müsbət işləri də qeyd etməliyik. Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması, orada Azərbaycan əsgərinin dayanması, Dövlət bayrağımızın dalğalanması Şuşanı azad etmək qədər əhəmiyyətli hadisədir. Suverenliyimizin başlıca şərtlərindən biridir”. 

 

Ş.Ağayar xatırladıb ki, Laçını 1980-ci illərdən bəri “Qarabağın qara qapısı” adlandırıblar: 

 

“XX əsrin əvvəllərində də əslən Laçından olan Xosrov bəy Sultanov qardaşı ilə birgə torpaqlarımızın müdafiəsi işini layiqincə yerinə yetirib, bir nəfər erməni silahlısını belə Qarabağ ərazisinə buraxmayıb. Bu gün həmin ənənə bir növ bərpa olunur. Prezident İlham Əliyevin Xosrov bəy Sultanov küçəsi ilə Zəngəzur küçəsinin kəsişməsindən şəkil paylaşması da təsadüfi deyildi. Bir-biri ilə yanaşı olan “Xosrov bəy Sultanov”, “Zəngəzur” və “Qarabağ” sözləri həm ermənilərə, həm də bütün dünyaya ciddi mesaj verir. Xosrov bəy Sultanov Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Qarabağın general-qubernatoru idi. Zəngəzur da ona tabe idi. O,  ermənilərin bir neçə peşəkar silahlı dəstəsini darmadağın etmişdi. Bu gün Laçında Xosrov bəy Sultanov kimi böyük bir şəxsiyyətin adını daşıyan küçənin olması, qələbədən sonra Prezidentin gedib həmin küçədə şəkil çəkdirməsi böyük hadisədir. Azərbaycanı sevməyən, ərazi bütövlüyümüzə göz tikən qüvvələr bundan ciddi hesab götürəcək. Biz Xosrov bəy Sultanovla sənədli film layihəsi üzərində də işləyirik. Filmin yazarı mənəm. Layihə üzərində ciddi iş gedir, çalışacağıq ki, Xosrov bəyə layiq bir ekran əsəri çəkək”. 

 

Yazıçı hesab edir ki, heç bir rayon qayıdışla bağlı Laçınla müqayisə oluna bilməz: 

 

“Bizim insanlar torpağa çox bağlıdır. Qəribədir, dağ ərazilərində yaşayan insanlarda torpaq sevigisi daha güclü olur. Görünür, onlar şəhərə çox bağlana bilmirlər. Bəlkə də, ədəbiyyatda deyildiyi kimi, dağların ümumi bir obrazı var, insanları özünə çəkir. Mən özüm bir neçə günə gedib o yerləri bir də gəzəcəyəm. Uşaqlığımın keçdiyi yerlər mənə çox müqəddəsdir, doğmadır. Bunu xüsusi qeyd edim ki, insanların yurdda əbədi qalmaları üçün Vətən, torpaq sevgisi bəs etmir. Məsələn, İkinci Dünya müharibəsində Cabir Novruzun, Mikayıl Müşfiqin kəndi, Şamaxının bir çox kəndləri boşalmışdı. İnsanlar ehtiyac ucbatından ev-eşiklərini, torpaqlarını atıb stansiyalara enirdilər ki, nəsə satsınlar, işləyə bilsinlər, acından ölməsinlər. Təbii ki, Vətən sevgisi öz sözünü dedi, xalqımızın övladları müharibədə necə qəhrəmanlıqlar göstərdilər, buna bütün dünya şahid oldu. Artıq bundan sonra həmin sevginin bəhrəsini görməliyik. Bu mənada, təkcə Laçına deyil, bütün işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın ən vacib şərti sadə insanların dolanışığı üçün yaxşı şəraitin yaradılmasıdır. Sevgidən, qəhrəmanlıqdan sonra hər kəsin evində normal yaşayış səviyyəsi olmalıdır. Bu, ümumi Azərbaycanda o qədər də yaxşı deyil. Əgər bu vəziyyət Qarabağda da, Zəngəzurda da təkrarlansa, xəyallarımız suya düşəcək. Əlbəttə, bütün hallarda əsas məsələ torpağın bizdə olmasıdır, lakin sosial təminat faktını da unutmamalıyıq. Qarabağa qayıdışın, düşmənin uzaqdan baxıb bizə gülməməsinin ən vacib şərtlərindən biri də budur. Biz ora sülh, əmin-amanlıq, ədalət, üstəgəl mədəniyyətlə qayıtmalıyıq. Arzum budur ki, bir gün Şuşada, Laçında keçirilən kitab sərgilərinə də gedim. Məsim müəllimlə də görüşümün əsas məqsədi bu idi ki, əslən laçınlı yazar, qələm adamı olaraq əlimdən nə gəlirsə, köməklik edim. Təkcə doğulduğum yer kimi yox, strateji əhəmiyyətli, Azərbaycanın müqəddərat məsələsi olduğuna görə Laçında möhkəmlənməyimizi tarixi hadisə sayıram. Hətta Laçında möhkəmlənməyimiz təkcə Azərbaycan deyil, müsəlman və türk dünyası üçün strateji məsələdir”.

 

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 3 İyun 2023, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin