BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə lirə kəskin ucuzlaşdı: Ölkəni nə gözləyir?

“Türkiyənin iqtisadi durumu ümumilikdə o qədər də pis deyil. Ölkədə iqtisadi artım, ümumdaxili məhsulun artımı və inkişaf var. Bu, birmənalıdır. Bəli, inflyasiya iqtisadiyyata, sahibkarlara, xalqa çox böyük ziyan vurub. Amma Türkiyədə maliyyə probleminin kökündə vaxtilə beynəlxalq xarici banklardan, aldığım rəqəmə görə, 300 milyard dollardan yuxarı kreditlər götürülməsi dayanır. Bu kreditlərin faizlərinin ödənilməsi bir problemdir, kreditlərinin qaytarılması isə ikinci problem. Bu, Türkiyənin maliyyə durumuna kifayət qədər ziyan vurur”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Türkiyədə lirənin kəskin ucuzlaşması, ölkədə seçkilərdən sonra bahalaşmanın müşahidə olunması barədə danışarkən deyib.

Deputat bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətini çox düzgün sayır: “Görün, son 15 ildə Türkiyənin iqtisadiyyatı nə qədər inkişaf etdi. Daxildə müstəqil iqtisadi siyasətini, xaricdə milli maraqları qorumaq - bu siyasətin kifayət qədər müsbət tərəfi hiss olunur. İnflyasiya ilə mübarizə etmək üçün makroiqtisadi tərəfdən xüsusi klassik alətlər var. Bunun biri uçot dərəcələrinin qalxmasıdır. Amma cənab Ərdoğanın xüsusi taktikası və strategiyası var və o strategiya ilə gedir. Bilirsiniz ki, orta illik inflyasiya bir müddət əvvəl Türkiyədə 84%-ə qalxmışdı. Bu rəqəmi 50%-ə qədər endirə bildilər. Seçkilərdən sonra baş verənlərdə kreditlərdən başqa, xarici faktorlar da rol oynayır. Belə müstəqil siyasəti bəyənənlərin sayı o qədər də çox deyil. ABŞ-da, Avropanın bir neçə ölkələrində bu siyasəti bəyənmirlər. Ümumiyyətlə, onlar müstəqil iqtisadi, beynəlxalq siyasəti dəstəkləmirlər. Həmişə çalışırlar ki, ölkə bu və ya digər formada asılılığa düşsün. Kreditlərin bu formada verilməsi də elə maliyyə asılılığı yaratmağın bir alətidir. Tamamilə inanıram ki, bu problemi də qardaş Türkiyə hakimiyyəti uğurla həll edəcək və böyük iqtisadi müsbət fikirlər, dönüşlər yaranacaq”. 

 

Aytəkin Qardaşova

Tarix: 6 İyun 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin