BURADA REKLAMINIZ OLA
BİLƏR

Yol hərəkəti qaydalarına əməl etməyən velosiped sürücülərinə də cərimələr tətbiq edilsin – Deputatdan TƏKLİF

“Bu gün ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Xüsusilə də iqtisadiyyatımızda yüksək artım tempi müşahidə olunur. Bunun nəticəsidir ki, paytaxtımızda mütəmadi olaraq yeni müəssisələr açılır, iş yerləri yaradılır. Bu, sevindirici hal olsa, şəhərdə əhalinin cəmləşməsi nəticəsində yollarda tıxac və sıxlıq artır. Belə olan halda vaxt və qənaət baxımından əlverişli olduğu üçün moped, skuter və velosiped kimi kiçik qabaritli nəqliyyat vasitələrinə tələbat artır. Kiçik qabaritli nəqliyyat vasitələrinin istifadəsinin aktuallığı xüsusən pandemiya dövründən sonra artıb. Sağlamlığın qorunması və pandemiyanın yayılmasının qarşısını almaq üçün insanların sərbəst şəkildə küçədə hərəkətinə məhdudiyyətlər qoyulduğu bu dövrdə kafe, restoran, ictimai iaşə obyektləri öz fəaliyyətlərini çatdırılma xidməti vasitəsilə davam etdirirdilər. Çatdırılma xidməti pandemiya dövründə bütün dünyada aktuallaşaraq öz vacibliyini bu gün də davam etdirir. Lakin burada əsas məsələ yol hərəkəti zamanı təhlükəsizliyin qorunmasıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev deyib.

 

Deputatın sözlərinə görə, müşahidələr göstərir ki, bir çox moped istifadəçiləri dəbilqədən istifadə etmir, yol hərəkəti qaydalarına riayət etmir: “Moped sürücüləri yol nişanlarına məhəl qoymayaraq təhlükəli manevrlər edirlər. Təəssüf ki, bəzi hallarda bu hərəkətlər yol qəzaları ilə nəticələnir. Hesab edirəm ki, bununla bağlı Milli Məclisin plenar iclasında da qeyd etdiyim kimi, mopedlərə dövlət qeydiyyat nişanı tələbi qoyulmalıdır. Bu sahədə yeni tənzimləmələrə ehtiyac var. Bildiyimiz kimi, piyadalar da yol-keçid qaydalarını pozan zaman onlara müəyyən cərimə tətbiq olunur. Düşünürəm ki, moped, velosiped və skuter istifadəçiləri hərəkət zamanı yol hərəkəti iştirakçılarına təhlükə törədərlərsə, bu zaman onlara müvafiq cərimə tətbiq olunmalıdır. Bildiyimiz kimi, velosipedlərə dövlət qeydiyyat nişanı tətbiq edilmir. Lakin velosipedi idarə edən şəxs yolda hərəkət zamanı işıqforun siqnalına riayət etmirsə, yaxud yol hərəkəti nişanlarına məhəl qoymursa, o, digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Beləliklə, buna uyğun cərimələrin tətbiqini də zəruri hesab edirəm”.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyun 2023, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin