BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərsun”un fəhlələri arasında dava ölümlə nəticələndi - MƏHKƏMƏ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını öldürməkdə təqsirləndirilən Elnur Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

İttihama görə, Elnur Quliyev 07 oktyabr 2021-ci il tarixdə, saat 08 radələrində fəhlə işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesinin 6-cı kilometrində yerləşən “Azərsun Holdinq”ə məxsus "Sun Food" MMC-nin fəaliyyət göstərdiyi binada əməkdaşların geyimlərini dəyişmək üçün nəzərdə tutulmuş otaqda iş növbəsi başa çatdıqdan sonra geyimlərini dəyişən zaman həmin müəssisədə fəhlə işləyən, zərərçəkmiş Şahin Həsənov (soyadı şərti) onun paltar şkafının qarşısında durub. Bu zaman təqsirləndirilən şəxs ona maneçilik yaratmasına irad bildirib, onlar sonra qarşılıqlı olaraq bir-birilərini söyüblər. Bundan sonra Şahin ona sol üst göz qapağının qançırı kimi sağlamlığa zərərvurmayan xəsarət yetirib.

 

Daha sonra Elnur evdən işə getmək üçün çıxarkən cib bıçağını götürüb. Həmin gün saat 19:30 radələrində, yəni iş növbəsinə gəldikləri vaxt o, zərərçəkmiş şəxsi müəssisənin “Logistika" şöbəsinin anbarında tək olduğunu görüb ona yaxınlaşıb. Səhər baş vermiş mübahisə ilə bağlı aralarındakı münasibətə aydınlıq gətirmək istəyərkən yenidən aralarında başlanan qarşılıqlı sözlə mübahisə zamanı şalvarının cibində olan bıçağı sağ əlinə alaraq qəsdən Şahinin qarın boşluğundan və sağ əlindən xəsarət yetirib.

 

Şahin Bakıdakı xəstəxanaların birində müalicə olunmasına baxmayaraq, 10 oktyabr 2021-ci il tarixdə, saat 22:20-də ölüb.

 

Elnur Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 8 İyun 2023, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin