BURADA REKLAMINIZ OLA
BİLƏR

“Onlar 100 manatın 25 manatını ödəyəcəklər”

Hökumət vergi güzəştləri ilə bağlı proqramını açıqladı, bəzi müsbət addımlar olsa da, açıqlanan tədbirlər yarımçıqdır və yetərli olmayacaq, bəzi çox vacib məsələlər isə, ümumiyyətlə proqrama daxil edilməyib. Məncə, hökumət baş verən proseslərin, böhranın dərinliyini hələ də anlamayıb.

 

Gəlin güzəştlərin detallarına nəzər salaq və hansı sahələrə güzəşt verildiyinə baxaq: 1) Yerləşmə vasitələri hesab edilən mehmanxana (otel) və mehmanxana tipli digər obyektlər, 2) Turoperator və turagent fəaliyyəti, 3) İctimai iaşə fəaliyyəti, 4) Avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti, 5) Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və çatdırılması fəaliyyəti, 6) Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, 7) İdman-sağlamlıq obyektlərinin fəaliyyəti, 8) Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti, 9) Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələri.

 

Sadalanan sahələr 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir – bu doğru yanaşmadır. Həmin sahələrə 2020-ci il mənfəət vergisi üzrə isə 75 faizlik güzəşt nəzərdə tutulur – sadə dillə desək, 2020-ci ildə onların mənfəət vergisi 100 manat olacaqsa, onlar 25 manat ödəyəcəklər. Amma, qapadılan sahələr 2020-ci ildə mənfəətə çıxa biləcəklərmi ki, hələ bir onun vergisini də ödəsinlər?! Hətta postkarantin dönəmində də həmin sahələrə, azı 6 ay vaxt lazım olacaq ki, yenidən fəaliyyətə başlasınlar, və ya, əvvəlki dövriyyəyə çata bilsinlər.

Amma hökumət proqramında bu sahələrə aid ən vacib məsələlərdən biri – icarə məsələsinə ümumiyyətlə toxunulmayıb. Sadalanan fəaliyyət sahələrində çalışan kiçik-orta sahibkarların böyük əksəriyyəti icarədə oturublar. Tutalım, obyekt sahibləri onlara 1-2 ay güzəşt etdi, amma karantin bitən kimi, hələ heç çarxlar dönməyə başlamadan obyekt sahibləri icarədarlardan aylıq ödənişləri istəməyə başlayacaqlar – yaxşı, onlar icarə haqqını necə ödəsinlər?! Daha bir boşluq odur ki, kiçik-orta sahibkarların götürdükləri biznes kreditləri var – hökumət deyir ki, bu il ərzində həmin kreditlərə hesablanan faizin yarısını ödəyə bilər. Yəni, iş adamı, tutalım, 14%-lə kredit götürübsə, onun 7%-ni dövlət hökumət ödəyə bilər, yaxşı bəs 2020-ci ilin böyük bir hissəsini çalışmayan, qazanmayan, sahibkar yerdə qalan 7%-i necə ödəyəcək?!

Sadələşdirilmiş vergilərlə də bağlı müəyyəm güzəştlər var, onlar pis deyil, amma nə qədər ki, icarə məsələsi ilə bağlı problem həll edilməyəcək, kiçik-orta biznesin bükülmüş beli düzəlməyəcək. Daha vacib məsələ isə biznes, ipoteka və istehlak kreditləri ilə bağlı problemdir: Dəfələrlə təklif etmişik, bir daha deyək: Bütün növ kreditlər üzrə faiz hesablanmaları 6 aylıq dondurulmalıdır (aprelin 1-dən oktyabrın 1-nə qədər), Banklara dəyən ziyanı kompensasiya etmək üçün bütün Banklar 6 aylıq hər növ vergidən azad edilməlidir, amma bu da yetərli olmayacaq, Banklara Mərkə Bank tərəfindən manatla ilk 6 ayı 0%, növbəti 6 ayı isə 3% olmaqla bir illik kredit xəttləri açılmalıdır. Bu addımlar olmasa problemli kreditlər qar uçqunu kimi artacaq, sonda hökumət daha çox vəsait xərcləyərək Bankları xilas etməli olacaq...

 

Natiq Cəfərli

 

İqtisadçı

Tarix: 23 Aprel 2020, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin