BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə TANAP-ın açılış mərasimi keçirilir, İlham Əliyev də iştirak edir

Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilir.

 

Pravda.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

 

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Hazırda TANAP Avropaya qazın nəqli üçün tam hazırlıq vəziyyətinə gətirilib.

 

Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək Yunanıstan, Albaniya və İtaliyanı əhatə edən Trans-Adriatik boru kəmərində (TAP) aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

 

Uzunluğu 1 850 km olan TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiye Enerji A.Ş" (7%) şirkətləridir.

 

Cənubi Qaz Dəhlizinin yaradılması çox mühüm beynəlxalq iqtisadi əhəmiyyət kəsb edir. CQD çərçivəsində Azərbaycan qazının nəqlinə başlanması Avropaya mavi yanacağın tədarükünün şaxələndirilməsinə imkan yaradacaq, Azərbaycanın enerji təhlükəsizliyini daha da gücləndirəcək, eyni zamanda bölgənin beynəlxalq enerji bazarına daha da inteqrasiyasını təmin edəcək.

Tarix: 30 Noyabr 2019, 16:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin