Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

“VPN” istifadə edənlərin nəzərinə - TƏHLÜKƏ

“”VPN” bütün şirkətlərdə, dövlət qurumlarında bir növ təhlükəsizlik tədbiri kimi istifadə olunur. İşlədiyimiz qurumların mərkəzi şəbəkəsinə uzaqdan qoşulmaq üçün “VPN” proqramlarından istifadə edirik. Evimizdə olan internetdən “VPN”nə qoşulmaq üçün istifadədə şirkətimizin və iş yerimizin daxili resurslarına icazələrimiz olur. Eyni qaydada sadə vətəndaşlar ölkə xaricində olan “VPN” serverlərə qoşulurlar. “VPN” günümüzdə çox populyardır. Bu sahədə məlumatı olan-olmayan insanlar "VPN”dən çox geniş istifadə edirlər. Təbii ki, riskli tərəfləri də var. Məsələn, Ermənistanla müharibədə qarşı tərəfin kiber təhdidlərinə, cinayətlərinə qarşı müdafiə olunmaq üçün bir çox resurslar ölkə daxilində məhdudlaşdırılıb...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov deyib. 

Mütəxəssis bildirib ki, Azərbaycan müharibə şəraitində olduğuna görə ölkə daxilində məhdudlaşdırılma çox normaldır: “Kiber hücumlar vasitəsilə qarşı tərəfin kiber cinayətkarları dövlət əhəmiyyətli bir çox vacib sirlərimizi ələ keçirə bilərlər, daxili şirkətlərimizdə hətta maliyyə oğurluqları ola bilər. Sadə vətəndaşların telefonlarından, e-mail-lərindən istifadə edərək müharibə gedən zonadakı əsgərlərimizin məkanını, onların istifadə etdikləri silahları, hücum, müdafiə xətləri haqqında məlumatları oğurlaya bilərlər. Bu səbəbdən biz Azərbaycan olaraq belə təhdidlərin qarşısını almaq üçün bəzi məhdudlaşma işləri aparırıq. Bu zaman sadə vətəndaşlarımız nə edirlər? İnternet üzərindən “VPN” proqramları yükləyərək çalışırlar ki, qadağan olunmuş səhifələrə, sosial şəbəkələrə giriş əldə etsinlər. Yaxud “Whatsapp”, “Messenger” proqramları vasitəsilə bir-birilərinə yaxşı mənada müəyyən məlumatlar göndərsinlər. Eyni zamanda müharibə gedən ərazilərdə əsgərlərimiz şəkillərini çəkib yaxşı niyyətlə telefonlarında saxlayırlar, yaxud dost-tanışlarına göndərirlər. Təbii ki, bunu hər bir vətəndaşımız bunu qürur hissi keçirərək edir,  amma qarşı tərəf bu yaxşı niyyətdən sui-istifadə edə bilir. Məsələn, üçüncü tərəfə - Avropa, Amerika, Çin və dünyanın fərqli-fərqli ölkələrinə aid olan “VPN” serverlərin proqramlarını telefonumuza yazdığımız, serverə qoşulduğumuz zaman həmin “VPN” serveri idarə edən şirkətin, yaxud şəxslərin bizim şəxsi məlumatlarımıza birbaşa əlçatanlığı olur. Yəni “VPN”nə qoşulduğumuz zaman həmin “VPN”lə telefonumuz və ya kompüterimiz arasında xüsusi şifrələnmiş tunel yaranır. Bu tunel vasitəsilə şəxsi məlumatlarımız həmin serverə axır. Nəticədə, “VPN” serverdə məlumatlar şifrədən açılır və yönləndirdiyimiz əsas istiqamətə gedir. Tutaq ki, “Facebook”a qoşulmaq istəyirik. “VPN” istifadə etdiyimiz zaman  sorğularımız birbaşa “Facebook” serverinə deyil, əvvəlcə qoşulduğumuz “VPN”nin yerləşdiyi serverə gedir, şifrədən açılır və yenidən “Facebook”a girir. Əgər bu zaman “VPN” server düşmən tərəfin idarəsində olsa, yaxud hansısa formada düşmən tərəfə məlumat satsa, ya da hər hansı formada düşmən tərəfin serveri sındırıb məlumat oğurlamaq imkanı olsa, bu, o deməkdir ki, bizim ölkəmizdə “VPN” proqramını istifadə edən bütün vətəndaşların göndərdiyi məlumatlar birbaşa onların əlindədir. Təbii ki, müharibədə istifadə olunan silahların, hətta bir məkanın belə əldə edilməsi artıq "Həmin zonada təhlükə var" deməkdir”.

 

F.Əmirov vacib bir nüansa da toxunub: “Bilirik ki, bu gün şirkətlər məlumat satmaq üzrə böyük bizneslər qururlar. “VPN” servisləri Azərbaycan vətəndaşlarından yığdığı məlumatları müəyyən pul müqabilində digər tərəflərə - üçüncü tərəflərə sata bilərlər. Bu da real bir şeydir. Biz bunu reklam məsələlərində internetdə dəfələrlə müşahidə edirik. Məsələn, “Trendyol"da bir nəfər ayaqqabıya baxır, bütün gün onun qarşısına sosial şəbəkələrdə ayaqqabı reklamları çıxır. Eyni şey “VPN”ə də aiddir. Bu səbəbdən şiddətlə tövsiyə edirəm ki, “VPN” proqramlarından maksimum az istifadə edək. Hətta məcbur təkid etmək istəyərəm ki, müharibə zonasında olan, yaxud o zonalara yaxın olan, hətta müharibə ilə bağlı məlumatları bölüşmək istəyən bütün şəxslər, ümumiyyətlə, heç nə bölüşməsinlər. Şəkillərini belə çəkməsinlər, çünki hansısa silahın şəkli çəkildisə, bu, qarşı tərəfə bizim istifadə etdiyimiz texnikalar haqqında məlumat verir. Düşmən də qarşılığında müəyyən tədbilər görür”. 

 

F.Əmirov bəzi vətəndaşların Türkiyə, Pakistan kimi ölkələrə məxsus “VPN” serverlərinə qoşulmağın daha etibarlı olduğunu deməsi, lakin çoxlarının sürətin yüksək olan ABŞ, Böyük Britaniya, Hindistan və digər ölkələrin serverlərinə qoşulması barədə sualı isə belə cavablandırıb: “Bu barədə dəqiq nəsə demək çətindir, çünki indi bulud texnologiya sistemlerinə görə hamı hər yerdə server alıb “VPN” sistemi qura bilir. Və onun idarəçisinin, yaxud ortaqlarının kimliyi heç kimə bəlli olmur. Ona görə də ən etibarlısı “VPN”dən mümkün qədər istifadə etməməkdir”.

 

Aytəkin Qardaşova 

Tarix: 19 Sentyabr 2023, 12:06   
Xəbər lenti
Çox oxunanlar