BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı həkim: “İlbiz əti orqanizmə faydalıdır”

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilbiz kürüsü istehsal olunur. Onun 1 kiloqramının qiyməti 6000 manatdır. Bu məhsula ölkəmizdə tələbat olmasa da, xarici bazarlarda ən bahalı qida və dərman xammalı kimi ilbizə yüksək tələbat var. İlbizi avropalılar ən qiymətli delikates kimi menyularında istifadə edirlər.

 

Fransada kübar cəmiyyət nümayəndələrinin ziyafətlərində ilbiz ekzotika sayılır. Bu yemək daha çox varlı insanların süfrələrində yer alır. Səbəb isə onun həddindən artıq bahalı olmasıdır.

 

Azərbaycan üçün qeyri-ənənəvi olan bu sahədən ölkəmizdə gəlir qazananlar da var. Düzdür, onların sayı elə də çox deyil. Belə təsərrüfatçılardan biri də Şamaxı rayon sakini Akif Əmralıdır. O, fərdi həyətində ilbiz təsərrüfatı yaradıb. Sənəti diş həkimi olmasına baxmayaraq, 20 ildən çoxdur ilbiz kürüsü satmaqla qazanc əldə edir. Akif Əmralı mətbuata açıqlamasında bildirib ki, bu sahə ilə çoxdandır maraqlanırmış. Dünyada ilk dəfə ilbiz kürüsünün kütləvi istehsalına 1987-ci ildə Fransada başlanıldığını və 1989-cu ildə satışa çıxarıldığını deyən Akif Əmralı bundan sonra, 1990-cı ildə ilbizlərin toplanmasına, yetişdirilməsinə və satışına qərar verib. O, təsərrüfatından əldə etdiyi ilk məhsulu 1997-ci ildə yerli, 2017-ci ildə isə xarici bazara çıxarmağa müvəffəq olub. Vurğulayır ki, proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbiz əti dünyada bir çox xalqlar tərəfindən yeyilir. Bizdən fərqli olaraq, bir sıra Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak edilir, amma buna baxmayaraq, dünyada ilbiz ətinə olan tələbatın 70 faizi ödənilmir.

 

Fermerin ən böyük arzusu 1 kiloqramı 6000 manata satılan ilbiz kürüsünü kütləvi şəkildə xarici bazarlara çıxarmaqdır. Onun sözlərinə görə, Yer üzərində 32 min ilbiz növü var. Amma tənək ilbizlərinin ətindən və kürüsündən istifadə etmək daha faydalıdır. Qidalanmada da ən bahalı delikateslərdən sayılır. Eyni zamanda ilbizin kürüsü çox qiymətli müalicə vasitəsidir. Ondan tibdə yanıqların sağalması, dəridəki çapıqların aradan qaldırılması, ginekoloji xəstəliklər, cinsi zəiflik, dərini cavanlaşdırmaq, ləkələri aradan qaldırmaq və immuniteti artırmaq üçün istifadə olunur. Müxtəlif dərman preparatları da hazırlanır. Həmçinin dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda ilbiz kremlərindən istifadə geniş yayılıb.

 

Altı-yeddi il ömür sürən ilbizlər əsasən göy otlardan, tərəvəz və meyvələrdən qidalanır. Akif Əmralı deyir ki, ilbizlərin erkəyi, dişisi olmur. İstənilən ilbiz bir-biri ilə mayalana bilir. Yay və yaz aylarında torpağın altında hər bir ilbiz 60-70 yumurta (kürü) qoyur. Bala ilbizlər 21 gündən sonra yumurtadan çıxır. Fermer kürü götürəcəyi ilbizlərin 4,5 yaşı olduqda olanlara xüsusi qulluq edir, belə olan halda götürülən məhsul daha keyfiyyətli olur.

 

İlbizin faydaları ilə bağlı Azərbaycan həkimlərinin mövqeyi də müsbətdir.

 

Təbii üsullarla müalicə üzrə mütəxəssis, həkim Seyfəddin Əsəd “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ilbiz yemək bir çox xəstəliklərə müsbət təsir edir: “İlbiz çox qiymətli məhsuldur. Yaraların, iltihabın sağalmasında, orqanizmin immunitetinin artmasında, kosmetika sənayesində, kremlərin hazırlanmasında, ginekoloji xəstəliklərə inanılmaz təsir edir. İlbizi yemək də faydalıdır, dərman kimi istifadə etmək də. Ən bahalı kosmetik vasitələr ilbiz məhsullarından hazırlanır. İlbizin heç bir ziyanı yoxdur, ancaq biz insanlarımızı bunu yeməyə alışdıra bilmirik. Məni ən çox təəssüfləndirən budur”.

 

Qeyd edək ki, ilbizdən həm də dəridə qırışların azalması üçün istifadə edilir. Hətta ilbiz terapiyası da hazırda dəbdədir. İlbiz terapiyası üçün iri Afrika axantini növü tətbiq edilir. Bu ilbizlər “ev” şəraitində yetişdirilir. Qeyd edək ki, təbii halda çoxalan kiçik ilbizlərdən bu məqsədlə istifadə edilmir. İlbizin ifraz etdiyi selik dəri üçün çox faydalıdır. Belə ki, onun dəriyə təsiri nəticəsində dəridə bir sıra faydalı maddələr kollagen, elastin, allantoin, qlikol turşusu, proteaza, xitozan, A, C, E, B6, B12 vitaminləri sintez olunur.

 

İlbiz terapiyasının həmçinin dərinin regenerasiyası, nəmlənməsi, rənginin yaxşılaşması, piy vəzilərinin fəaliyyətinin yaxşılaşması, ölü hüceyrələrin təmizlənməsi, qırışların açılması, piqment ləkələrin təmizlənməsi, çapıqların aradan qaldırılması, yanıq izlərinin aradan qaldırılması üçün əhəmiyyətlidir.

Tarix: 2 May 2020, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin