BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq: "Dünyanın heç bir ölkəsində nazir balası döyüşmür"

“Ordumuz tarixi qələbə qazanıb. 14-15 saat ərzində ermənilərin Qarabağdakı hərbi qüvvələrinin tam-tamına yarısı məhv edildi, qalanları da təslim oldular, silahı qoyub çıxıb gedəcəklər. Rus mənbələrində də bunu yazırlar. Xocalı daxil hər yer qayıdır. Bu, tarixi məqamdır, qələbədir. Uğrunda şəhidlər oldu. Allah rəhmət eləsin. Yaralananlar da oldu, Allah şəfa versin. Biabrçılıqlarla, məğlubiyyətlərlə, bayquşluqla dolu olan tariximizin tək-tük səhifəsi təmizdir. Bu isə böyük qələbədir. 30 ildən sonra qanmaz düşmənin beynəlxalq səviyyədə, hərbdə, siyasətdə dizi yerə vuruldu. 30 ildir, bunu arzulayırdıq. İndi isə cəmiyyətə baxıram. Nə qədər qeyri-sağlam insanlar varsa, hamısı tökülüşüb xəstəliklərini göstərməlidir. Bütün ölkə Ağcabədidə boş gələn tabutu müzakirə edir. Ən çox layk, şərh, reaksiya bunadır. Qardaş, ya səhv olub, texniki səhvdir, ya kimsə axmaqlıq edib, hər nədirsə, araşdırılıb həll ediləcək. Böyük ehtimalla, insan faktoru var. Qələbə qalıb orda, bu, müzakirə olunur. Bayquşlar hər dəfə çıxıb şəhid mövzusunda spekulyasiya etməyə, insanların hissi ilə oynamağa başlayır. Eyni şərhi kopyalayıb hər yerə atırlar: “kasıb evindən”, “nazir balası...” Sən bunu yazmaqla nə dəyişir? Birincisi, dünyanın heç bir ölkəsində nazir balası döyüşmür. İkincisi, hərbçilərimiz bu yolu özləri seçiblər. Sən kimsən ki, onların seçdikləri yola öz aləmində heyfislənirsən?”

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami Orucov deyib. 

 

“İstəməzdim ki, heç bir azərbaycanlı şəhid olsun, tərəfdarı deyiləm. Sənin əzbərə, dilənçicəsinə layk yığmaq xatirinə yazdığın fikrin nə mənası var? Fikir də deyil, kopyalanıb, çünki beynin işləmir. Qələbə qazanılıb, ay millət! Azərbaycan qələbə qazanıb. Qarnınızın ağrısı nədir? Tarixi qələbədir də. Vətən müharibəsində qələbə ruhunu başqa şeylərlə məhv etdilər. Vertolyot söhbəti, müqavilə, daxildə başqa mövzularla... Yarımçıq qalmış kimi gəldi bizə. Guya şəhid, qazi qədri bilən çıxdınız? Videoların çoxu layk xatirinə paylaşılır. Hamısına da standart mahnılar qoyulur, “smaylik” atılır. Səhifələr öz reytinqlərini qaldırırlar. Qələbə qazanmışıq ey, qələbə! Sevinə bilmirsiniz? Qarnınızda sizi nəsə sıxır? Bəsdirin! İndi mənə yazacaqlar ki, “nəyə sevinirsən, sənin evindən şəhid çıxmayıb...” Ay qardaş, öz seçimləridir. Qəhrəmanlığı da, şəhidliyi də seçdilər, bizə qələbə göndərdilər. Rusiyaya, Fransaya, İrana baxmayaraq, qələbə qazanmışıq. Bir dəqiqə imkan verin, sevinək. Ordumuzu, millətimizin sağlam hissəsini və dövlətimizi bu qələbə münasibətilə təbrik edirəm. Allah həmişə millətimizi, dövlətimizi, Ordumuzu qorusun. Qələbələrimizin ardı-arası kəsilməsin...”, - psixoloq deyib. 

 

Aytəkin Qardaşova 

Tarix: 21 Sentyabr 2023, 15:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin