BURADA REKLAMINIZ OLA
BİLƏR

"Məktəblərdə zəng əvəzinə retro musiqi çalınması anlaşılan deyil" - Deputat

Uzun illər boyu şagirdləri tənəffüsə çıxmaq, evə getmək üçün sevindirən, dərsə girmək üçün həyəcanlandıran zəng səsi də artıq yavaş-yavaş tarixin ötən səhifələrində buraxılır. “Son Zəng”in simvolu olan qırmızı lentli zınqırovlu zənglər artıq məktəb divarlarında elektron zənglərlə əvəz edilib. Nə qədər qulaq batırsa da, məktəb deyəndə ağıla ilk gələn şeydir zəng səsi... Əvvəllər orta məktəblərdə böyük zınqrovlu zənglər qoyulur, məktəb direktorları, yaxud növbətçilər tənəffüs vaxtı çatanda zəngi vururdular. İndi isə bu tarixi ənənə, təəssüf ki, orta məktəblərdə retro musiqilərlərlə, universitetlərdə isə bir-birindən fərqli məzmunlu, hətta xarici mahnılarla əvəzlənib. Bəs görəsən, məktəblərimizin zəng ənənəsini dəyişmələri nə qədər doğrudur?

 

Bu barədə Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, həm orta, həm də ali məktəblərimizdə mövcud müsbət tarixi ənənələri qorumalıyıq.

“Buna mütləq hamı əməl etməlidir. Bəzən metroda və başqa yerlərdə zəng əvəzinə retro musiqilər qoyurlar. Bunu anlamaq olar, amma məktəblərdə ənənəvi zəng səsinin retro musiqi ilə əvəz edilməsini düzgün hesab etmirəm. Ola bilsin ki, kimsə bu məsələyə yaradıcı yanaşmaq istəyir, lakin bu cür yanaşmanın məktəblərdə tətbiqini doğru saymıram. Belə məqamlarda diqqətli olmalıyıq. Köhnə zəngin müasir zənglərlə dəyişdirilməsi anlaşılandır. Amma zəng əvəzinə retro musiqi qoymaq anlaşılan deyil. Bu, bir az da məktəbin ciddiliyinə təsir göstərən məsələdir və belə məsələlərdə həddindən artıq yenilikçi, yaradıcı olmağa ehtiyac yoxdur. Bu yaradıcılığı, yenilikçiliyi dərslərin keyfiyyətində, dərslərin məzmununu axtarmaqda tətbiq etmək daha məqsədəuyğun olardı. Enerjimizi təhsilə yönəltsək, daha yaxşı olar”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 22 Sentyabr 2023, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin