BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərdar Cəlaloğlu növbədənkənar parlament seçkilərində iştirak edəcək

Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib.

 

Partiyadan Pravda.az-a verilən məlumata görə, ilk növbədə Hakimiyyətin son zamanlar həyata keçirdiyi ardıcıl kadr dəyişikliklərinə münasibət bildirən partiya yetkililəri icra qurumunda aparılan kadr dəyişikliklərinin dövlətçilik prinsiplərinə uyğun həyata keçirilmədiyindən cəmiyyətin gözləntilərinə uyğun ciddi ictimai-siyasi nəticələrə gətirib çıxarmayacağından narahatlıq ifadə edib.

 

Toplantı iştirakçıları həmçinin, hakim Yeni Azərbaycan partiyasının Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış etməsi məsələsinə də münasibət bildirib. Qeyd edilib ki, təklif olunan növbədənkənar parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə həyata keçirilmiş son Konstitusiya dəyişikliklərinə uyğun olaraq zəruri idi.

 

Daha sonra bildirilib ki, seçki qanunvericiliyində islahat, komissiyaların tərəfsizliyinin təmini və demokratik seçki mühitinin yaradılmasına yönəlmiş addımlar atılmadan vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi ölkədəki siyasi gərginliyin azaldılmasına gətirib çıxarmayacaq.

 

Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərinin nəticəsində Milli Məclisin cəmiyyətdəki real qüvvələr nisbətinə uyğun formalaşdırılmasının dövlətçilik üçün əhəmiyyətini nəzərə alaraq, bu seçkilərin əvvəlki illərdən fərqli - qanuni keçirilməsinin zəruriliyini vurğulayıb.

 

İdarə Heyəti seçkilərdə iştirakın tərəfdarı olduğunu bir daha qeyd edərək hakimiyyəti gözlənilən parlament seçkilərinin ədalətli, azad və demokratik keçirilməsi üçün lazım olan bütün addımları atmağa çağırıb.

 

ADP bütün olanlara rəğmən ölkədə həyata keçirilən siyasi dəyişikliklər prosesində ictimai-siyasi sabitliyin qorunmasının zəruriliyini bir daha qeyd edib və bütün siyasi qüvvələri düşünülməmiş addımlardan çəkinməyə çağırıb.

Tarix: 30 Noyabr 2019, 21:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin