BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank kreditlərlə bağlı dəyişikliklər etdi

Mərkəzi Bank kənd təsərrüfatı kreditləri və digər məsələlər ilə bağlı tənzimləyici aktlarda dəyişikliklər edib.

 

Bu barədə AMB məlumat yayıb.

 

Bu dəyişikliklər “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydası, “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydaları, “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair” Qayda və “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydasında aqrar sahənin xüsusiyyətləri və potensial risklərinin minimallaşdırılması ilə bağlı tələbləri özündə əks etdirən aşağıdakı istiqamətləri əhatə edir:

 

Kənd təsərrüfatı sahəsinin kreditləşməsini dəstəkləyən requlyativ çərçivəyə “kənd təsərrüfatı krediti” anlayışı və borcalanlar üzrə meyarlar daxil edilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsal prosesini əhatə edən xərclərin, istehsal avadanlıqlarının alınması və kənd təsərrüfatı sahəsində inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə verilmiş kreditlər “kənd təsərrüfatı krediti” anlayışına aid edilmişdir. Məhsul istehsalçısı özü olmayıb, yalnız emal və ticarətlə məşğul olan şəxslərə verilmiş kreditlər isə kənd təsərrüfatı krediti deyil, standart biznes kreditləri kimi təsnifləşdiriləcəkdir. Əlavə olaraq, anlayışa aid edilməsi üçün kənd təsərrüfatı subyektinə müvafiq elektron informasiya sistemində qeydiyyatının və bu sahədə müəyyən təcrübəsinin olması kimi meyarlar müəyyənləşdirilmişdir. Eyni zamanda, kənd təsərrüfatı kreditləri üzrə borcalanlar sırasına ailə kəndli təsərrüfatları da daxil edilmişdir;

 

Kənd təsərrüfatı kreditlərinin xüsusiyyətləri, o cümlədən mövsümilik faktoru nəzərə alınaraq onlara münasibətdə daha yumşaq ehtiyatlanma tələbləri tətbiq edilmişdir.

 

Kənd təsərrüfatı kreditləri üzrə kapital tələbləri müəyyənləşdirilmişdir. Mikro sahibkarlara milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri 75%-li risk qrupuna, ailə kəndli təsərrüfatlarına verilmiş kənd təsərrüfatı kreditləri 100% risk qrupuna aid edilmişdir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara verilmiş kənd təsərrüfatı kreditləri isə 50% mövcud risk qrupunda saxlanılmışdır. Eyni zamanda, dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin onun yerinə yetirilməsinə zəmanət verən fondların zəmanətinin qeyd-şərtsiz təmin olunmuş hissəsi 20%-li risk qrupuna aid edilmişdir. Bu da, öz növbəsində, digər kreditlərlə yanaşı fondların hər hansı biri üzrə zəmanəti olan kənd təsərrüfatı kreditlərinə də bankların marağını artıracaqdır;

 

Kənd təsərrüfatı kreditləri üzrə xüsusi anderraytinq, restrukturizasiya, monitorinq və kredit inzibatçılığı tələbləri müəyyənləşdirilmişdir. Bu növ kreditlər üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsinə əlavə tələblər (aqrar sığortanın olması) və kredit dosyesi üçün əlavə sənədlər, restrukturizasiya olunmuş kənd təsərrüfatı kreditləri üzrə təsnifləşdirmə tələbləri müəyyən edilmişdir. Kredit inzibatçılığı ilə bağlı bu növ kreditlər üzrə ödəniş cədvəlində sahibkarlıq subyektinin fəaliyyət sikli və mövsümi xüsusiyyətlərinin nəzərə alınması, bankın kredit risklərinin idarə edilməsi siyasətində kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi tələblərinin əhatə edilməsi və bu kreditlərin monitorinqi üzrə tələblər təyin edilmişdir.

 

Tətbiq edilən dəyişikliklərin bankları kənd təsərrüfatı sektorunun kreditləşməsində aktiv iştiraka təşviq edəcəyi gözlənilir. Beləliklə də, aqrar sənayedə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi maliyyə inklyüzivliyinə və iqtisadi dayanıqlılığa əhəmiyyətli töhfə verəcəkdir.

Tarix: 12 Oktyabr 2023, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin