BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarına dəyişiklik edildi

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib.

 

Dəyişikliklərin siyahısını təqdim edirik:

 

1.1. 1.1-ci bənd üzrə:

 

1.1.1. doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:

 

“sifarişçi – elektrik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxslər;”;

 

1.1.2. on altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilsin:

 

“qoşulma aktı – tikinti obyektinin elektrik şəbəkəsinə fiziki qoşulmasını təsdiq edən sənəd.”.

 

1.2. 1.3-cü bəndin üçüncü abzası ləğv edilsin.

 

1.3. 1.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

 

“1.6. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”na uyğun olaraq həyata keçirilir.”.

 

1.4. Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

 

“1.8. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələrinin ərazisində tikinti obyektlərinin şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən edilir və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir.”.

 

1.5. 2-ci hissə və 3.1-ci bənd ləğv edilsin.

 

1.6. 3.2-ci bəndin birinci cümləsində “bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən” sözləri “tikinti obyektlərinin” sözləri ilə əvəz edilsin.

 

1.7. 3.2-1.2-ci yarımbənddən “Enerji Məsələlərini Tənzimləmə Agentliyi və” sözləri çıxarılsın.

 

1.8. 5.1-ci bənddə “elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur (8 nömrəli əlavə)” sözləri “qoşulma aktında qeyd olunur” sözləri ilə əvəz edilsin.

 

1.9. 9.13-cü bənddə “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz edilsin.

 

1.10. Bu Qaydalara 1 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 7-ci hissəsində, 2 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 6-cı hissəsində, 3 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 6-cı hissəsində və 5 nömrəli əlavə - “Müstəqil enerji istehsalçısı ilə dövlət elektro-energetika müəssisəsi (enerjitəchizatı müəssisəsi) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 4-cü hissəsində “bu müqaviləyə əlavə olunmuş aktla” sözləri “qoşulma aktı ilə” sözləri ilə əvəz edilsin.

 

1.11. Bu Qaydalara 8 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə) Akt” ləğv edilsin.

 

2. Bu Qərar “Elektroenergetika haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının 3-cü hissəsində nəzərdə tutulmuş tariflərlə eyni gündə qüvvəyə minir.

Tarix: 5 Noyabr 2023, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin