BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Cəfərov: “Zəfərin təntənəsi bu il Qarabağdan bütün dünyaya yayılacaq”

“Azərbaycan dövləti son 200 ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoydu. Bununla da  Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başlandı. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız bundan belə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etdi”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

 

Deputat təəssüflə bildirib ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlib: “On minlərlə azərbaycanlı qətlə yetirilib, yaralanıb. Həmçinin  kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən çox qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdi. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyil. Həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin gedişində düşmən beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq hərbi qulluqçulara və dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, o cümlədən soyqırımı və dövlət terrorizmi aktları törətdi. İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın mina terroru hələ də davam edir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə də çox sayda azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya yaralanıb. Bu gün qalib Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. Şəhər və kəndlərin təməli qoyulur, yeni yaşayış məntəqələri öz sakinlərini qəbul edir. İnfrastruktur yaradılır, sənaye müəssisələri, digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəldilir. Yollar, körpülər, tunellər çəkilir. Artıq həmin bölgədə iki beynəlxalq hava limanı istifadəyə verilib”. 

 

Deputat deyib ki, bu il 8 noyabr tam fərqli şəkildə qeyd olunacaq: “Zəgər Gününün ədim Azərbaycan torpaqlarında - Xankəndidə qeyd olunması bütün Azərbaycan xalqının arzusunun ifadəsidir. Deyərdim ki, bu, şəhidlərimizin ruhunu, yaxınlarının qəlbini də şad edəcək. Azərbaycan dövlət başçısı elə zəfərin təməlini qoydu ki, tariximizdə hələ belə bir şanlı dövr olmayıb. Azərbaycanın qurucusu, xilaskarı olan Ulu Öndərin davamçısı Azərbaycan xalqını gələcəyini və qürurunu xilas etdi. Zəfərin təntənəsi bu il Qarabağdan bütün dünyaya yayılacaq”. 

 

Aytəkin Qardaşova 

Tarix: 6 Noyabr 2023, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin