BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən müharibəsi və anti-terror əməliyyatından sonra ABŞ və Fransanın mövqeyi tamamilə ifşa olunub - RƏY

“Bir çox gizli mətləblər, danışıqlar olur ki, onlar müəyyən vaxt keçəndən, bəzi proseslər baş verəndən sonra aşkara çıxır. Bu mətləblərdən biri də uzun illər Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi nəticəsində ərazilərimizin işğalı, soyqırımıları törətməsi və üç həmsədr dövlətin - ABŞ, Fransa və Rusiya Federasiyasının isə bu məsələlərdə vasitəçi rolunu oynamalarıdır. İndi məlum olur ki, sülhün yaranması, ərazilərimizin işğaldan azad edilməsi, Ermənistanın işğalına son qoyulması üçün əsas maneə törədən, Ermənistanın tərəfini canfəşanlıqla saxlayan dövlətlər məhz ABŞ, Fransa olub”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin üzvü Elman Məmmədov deyib. 

 

Deputat bildirib ki, 44 günlük müharibədə və anti-terror əməliyyatından sonra ABŞ və Fransanın mövqeyi tamamilə ifşa olunub: “Bunlar Azərbaycanın qələbəsini, haqlı, ədalətli mövqeyini heç cür həzm edə bilmirlər. İndi məlum olur ki, o dövlətlərdə, bütövlükdə Avropada dini ayrı-seçkilik, İslama qarşı dözümsüzlük, səlib müharibələri niyyəti, İslamofobiya ən yüksək səviyyədə inkişaf edib. Adıçəkilən dövlətlərin bütün mövqeləri bunu deməyə əsas verir. Bizə qarşı çox haqsız tələblər, bəyanatlar, mövqelər nümayiş etdirmələri, ABŞ-nin hərbçilərini Ermənistana təlimə göndərməsi, erməni pulu ilə danışan, müxtəlif məqsədli ABŞ senatorlarının çıxışları, bəyanatları, təhdidləri, ABŞ-nin Ermənistandakı səfirinin canfəşanlığı... Fransanın həyasız hərəkətləri, Ermənistanı silahlandırması, görün dünyanın harasından Kanadanın işimizə müdaxilə etməsi, Avropa İttifaqı missiyasının tərkibindəki nümayəndəsi və sairə.. Çox şey saymaq olar. Hamısı onların tarixi mövqelərindən xəbər verir. Tarixi mövqeləri isə işğalçılıq müharibələri, müstəmləkəçilikdən ibarət olub. Bu gün də həmin yolu davam etdirirlər. İndi də Azərbaycanın yenidən işğal olunması üçün canfəşanlıq göstərir, əldən-ayaqdan çıxırlar. Həm siyasi, həm hüquqi, həm də hərbi müstəvidə... Bu, dözülməz vəziyyətdir”. 

 

E.Məmmədov düşünür ki, belə ədalətsiz, haqsız mövqe yenidən Azərbaycan və Ermənistan arasında müharibənin alovlanmasına gətirib çıxara bilər: “Ermənistan Fransa və Hindistan tərəfindən silahlandırılır. Əl altından, yəqin ki, gizlində digərləri də bunu edirlər. Ermənistan ordusunun ABŞ və Fransanın hərbi təlimatçıları tərəfindən yenidən hazırlanması nəyə hesablanıb? Ordunun yenidən gücləndirilməsi, silahlandırılması, hazırlanmasına və Azərbaycana qarşı yeni müharibənin başlanmasına. Məqsədləri bundan ibarətdir. Deməli, bunlar saxtakarlıq, riyakarlıqla boğazdan yuxarı deyirlər ki, “dünyada sülh olsun, sülh tərəfdarıyıq”. Ancaq həqiqətdə belə deyil, müharibə tərəfdarıdırlar. Bunlar ölkələr arasında sülhün yox, müharibənin olmasına çalışan dövlətlərdir. Və proses tarix boyu böyük dövlətlərin əlində alət kimi istifadə olunan, “Ermənistan” adlanan dövlətin Cənubi Qafqazdan yoxa çıxmasına səbəb olacaq. Ermənilər bunu fikirləşməlidirlər, onlar Birinci Dünya müharibəsi dövründəki vəziyyəti yadlarına salsınlar. O dövrdə də erməniləri elə həmin dövlətlər şirnikləndirdilər, vədlər verdilər, silahlandırdılar, Osmanlı dövlətinə, türk xalqına qarşı üsyana qaldırdılar. Nəticəsi isə məlumdur. Ermənilər yenidən alət kimi istifadə olunurlar, lakin bu istifadə olunmaq ermənilərin və Ermənistanın xeyrinə işləməyəcək. Ancaq adıçəkilən dövlətlərin maraqlarının xeyrinə işləyəcək. Ermənilər və Ermənistan isə həmin dövrdəki taleyi yenidən yaşaya bilərlər. Necə ki öz ərazimizdə bizə qarşı çıxan, xəyanatkar, yediyi çörəyə naxələf çıxan ermənilər rədd olub gediblər. Vəziyyət belə davam etsə, ermənilər yenidən müharibəyə başlasalar, tarixi torpaqlarımızda bu gün “Ermənistan” adlandırılan ərazini də tamamilə tərk edib gedəsi olacaqlar. Ermənilər düşünsünlər. Bu gün Ermənistana rəhbərlik edən Paşinyan komandasının hərəkətləri bizə deməyə əsas verir ki, silahlanmağa can atmaları, yeni müharibəyə hazırlaşmaları Ermənistanın sonunun yaxınlaşdığını göstərir”. 

 

Aytəkin Qardaşova

Tarix: 15 Noyabr 2023, 17:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin