BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu fərqin nəyə görə yarandığını izah etsinlər” - AZAL-a ÇAĞIRIŞ

“Eyni istiqamətə olan bilet qiymətlərini digər ölkələrlə müqayisə edəndə ikiqat fərqin olduğunu görürük. Bu fərqin nəyə görə yarandığını izah etsinlər – yanacaq bahadır bizdə, yoxsa, dayanacağın qiyməti? Nədir problem? Bu suallara izah lazımdır. Cənab Prezident də dəfələrlə bu məsələyə toxunub”.

 

Bunu “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) qiymət siyasətindən danışan Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlamasında deyib. O vurğulayıb ki, qiymət siyasətinə yenidən ciddi şəkildə baxılmalıdır:  

 

“Dəfələrlə səbr etməyə çağırmışam, demişəm bir az gözləyək, çünki yeni rəhbərlik gəlir, yeni siyasət qurulur, yeni addımlar atılacaq, konseptual qərarlar veriləcək. Amma fikir verirəm ki, əsas problem biletlərdədir. Biletlərin baha olmasından hamı şikayətlənir. 

Digər bir problemsə regionlarla bağlıdır. Regionlarda beynəlxalq standartlara cavab verən hava limanları var. Bir neçə il öncəki çıxışımda da bu məsələni qaldırdım – hava limanlarını icarəyə vermək lazımdır, hətta Lənkəranla bağlı da təklif verdim. Ya yerli şirkətlərə, ya da tender keçirib beynəlxalq şirkətlərə icarəyə vermək lazımdır. Uçuşlar bir neçə gündən bir yox, hər gün həyata keçirilməlidir. Bununla yeni iş yerləri də açılacaq, ölkə turizmi inkişaf edəcək. Dünyada hava limanlarının 55 faizi, dəniz, okean limanlarının 65 faizi icarədədir. 

 

Bazar iqtisadiyyatıdır. Bu məsələyə ciddi yanaşmaq lazımdır, tenderlər keçirmək olar. Komitə iclaslarında, plenar iclaslarda ünvanladığımız sualları fürsətdən istifadə edərək bir də verirəm – hansı işlər görülüb, əgər dəyişikliklər edilibsə, niyə qiymətlərdə fərq yoxdur? Niyə Lənkəran hava limanında canlanma görmürük?”

Tarix: 1 Dekabr 2023, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin