BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstənin ölümündə günahlandırılan həkimin hökmündən protest verildi

Səhlənkarlıqda və rüşvət almada tərqsirlədirilən Füzuli rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrahı Azad Hüseynzadənin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas dekabrın 5-nə təyin edilib. Kassasiya şikayəti hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətləri təmin olunmayıb. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 311.3.2-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilib. Belə ki, Azad Hüseynzadənin əməli CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 (dələduzluq) və 178.2.3- cü maddələrinə tövsif edilib və o, CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə CM-in 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib. Azad Hüseynzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən dərhal azad olunub.

 

Qeyd: Rəsmi məlumata əsasən, Füzuli rayonu, Araz Dilağarda kənd sakini Gülnar Ağakişiyeva və Beyləqan rayonu, Dünyamalılar kənd sakini İncibəyim Məmmədquliyevanın Füzuli Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadənin ayrı-ayrı vaxtlarda cərrahi əməliyyat zamanı etdiyi səhv nəticəsində Gülnar Ağakişiyevanın səhhətində fəsadların yaranması, İncibəyim Məmmədquliyevanın isə ölməsi ilə bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Azad Hüseynzadə CM-nin 314.2 ( səhlənkarlıq-eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 311.3.2-ci (rüşvət alma- təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 4 Dekabr 2023, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin